Deməli mənbələrə görə Yason uşaqkən ögey əmisi Pelias atası Aisonu öldürür, digər mənbələrə görə qocalıb ölür, hər iki halda əmisi taxta sahib olur. Aradan illər keçir Yason böyüyür və haqqı olan hakimiyyəti geri istəyir. Gözünə döndüyüm əmisi də ondan Kolxisə gedib Phriksosun ora qoyduğu "Qızıl Qoçun Dərisi"ni gətirməyini istəyir. Yason da bu səfərə çıxmağa məcbur olur. Gedib Yunanıstanda məşhur döyüşçüləri bir araya toplayır, Arqusun düzəltdiyi Arqo gəmisinə minərək yola çıxırlar. ( bu haqqda keçən məqalədə məlumat vermişdik).
Bəs bu məşhur "Qızıl Qoç dərisi" nə temadı?
Əfsanəyə görə Athamasın uşaqları Phriksos ilə Helley qızıl dərili qanadlı qoçun üzərində Yunanıstandan Qaradənizdəki Kolxis ölkəsinə qaçırlar ( Niyə? Bilmirəm :D). Helle Çanaqqaladan (Hellespontos) keçərkən dənizə düşüb, heç nə olmamış kimi yoluna davam edən Phriksos isə Kolxisə çatır. Sağ -salamat çatdığı üçün də qoçu Zevsə qurban kəsir və dərisini də ona yaxşı davranan Aitesə verir. Aites də dərini Aresə həsr olunmuş meşədə qorumağa başlayır.
Bə Səyahətnamə?
Deməli 55 nəfər Arqo gəmisi ilə yola düşürlər. Düşməmişdən əvvəl də Apollona qurban kəsirlər ( bunlar da bizi keçiblər :D) Kahin İdmon da deyir: "Qardaşlar səfərimiz yaxşı keçəcək, hamı geri qayıdacaq məndən başqa, mən bu səyahətdə öləcəyəm."(İçində saxla da adama deyərlər)
Birinci Lemnos adasına çatırlar. Bu adadakı qadınlar ərlərinə öldürdüklərinə görə 55 nəfərlik kişilərdən ibarət heyəti görəndə......başa düşdünüz 💕. Sonra adadakı qadınlar onların uşaqlarını dünyaya gətirdilər.
Semendirek, KYZİKOS: Çanaqqalaya daxil olmazdan əvvəl Semendirek adasına çatırlar və Orfeusun məsləhətlərinə qulaq asaraq adadakı bəzi sirrləri öyrənirlər. Ordan da Mərmərə dənizinə keçirlər , buradakı Kyzikos kralı Kyzikosu Delionlar səhvliklə öldürürlər. (Hətta Game of Thronesda, belə qələt eləməmişdilər, səhvliklə nədi ala...)
Mysiada Hylasın itməsi: Mysia sahillərinə çatanda Herakl qırılmış belini düzəltmək üçün meşəyə gedir, yanında da xətrini çox istədiyi Hylası aparır. Bu cavanı şirin su axtarmağa göndərirlər. Herakl da görür ki, yetimdən səs çıxmır gedir onu axtarmağa. Axşamüstü gəmidəkilər bu ikisindən səs çıxmayanda onları adada qoyub yollarına davam edirlər. (heşzad)
AMYKOS, PHINEUS: Khalkedona (Kadıköy) yerləşən div Amykosa Polydeukes qalib gəldikdən sonra fırtına Arqo gəmisini Trakya sahillərinə gətirib çıxardır. Orda Poseydonun oğlu kor kral Phineusa rast gəlirlər. Bu bədbəxt kral Harpyaların lənətinə tuş gəlib. Qadın sifətli qanadlı canavarlar olan Harpyalara Külək İlahı Boreasın övladları Kalais və Zetes qalib gəlirlər və onları qovurlar. Bunun qarşılığında da Phineus Arqonavtlara qarşılaşacaqları təhlükələrdən necə xilas olacaqlarını deyir. (adama deyərlər, özünə umac ova bilmir, başqasına əriştə kəsən çıxmısan?)
Toqquşan qayalar: Balaca vaxtı filmin bu hissəsində nəfəsimi tutmuşdum, göyərçin temasını onda da anlamamışdım, nə yalan danışım indi də :D. Bu nə məsələdir. Deməli dənizin ortasında bombastik bir mənzərə. Gəmiylə bu qayaların arasından keçəndə qayalar başlayır bir -birinə tərəf hərəkət etməyə və nəhayətdə qayalar toqquşur və gəmi lipoşka olur. Bu qayalara Mavi qayalar da deyirlərmiş. Bu müqəddəs məlumatı kor kral Phineus Arqonavtlara deyir. Bunlar da deyir : Ayə bə biz nağarajıx?. Phineus da deyir: "Bir göyərçin uçurdun, əgər göyərçin sağ-salamat keçirsə, siz də keçin. Yoxsa Yunanıstana geri qayıdın." Arqonavtlar məsləhətə qulaq asırlar və göyərçin quyruğundan bir -iki tük əksik olmaqla qayaların arasından keçir, eyni hadisə arqo gəmisinin də başına gəlir, yəni salamat keçirlər sadəcə gəminin arxa hissəsi bir az zədələnir. Və bu hadisədən sonra Toqquşan qayalar bir də heç vaxt birləşmirlər.
Amazonlar və Kolxis: ilk dayanacaq Maryandynlərin ölkəsidir. Kral Lykos çox qonaqpərvər olur, lakin çıxdıqları qaban ovunda kahin İdmon və sükançı Tifus ölürlər.(Guya özündən başqa hamı sağ qalacaqdı pöffff) Arqonavtlar sonra Amozonlar ölkəsinə oradan da Qafqaz dağlarının göründüyü sahillərdən keçərək Kolxisə çatırlar. (Şükür ;) )
Medeya: Deməli Arqonavtlar Qızıl Qoç dərisini almaq üçün kral Aietesin qarşısına çıxırlar. Elə bu vaxt kralın qızı Medeya Yasona bir könüldən min könülə aşiq olur. Güclü bir cadugər olan Medeya Arqonavtların bütün işlərini əlinə alır və istədiyi kimi idarə edir. bu burda qalsın görək kral nə hoqqa çıxardacaq? Həəə Kralımız dərini verməyə razıdır, amma ( əmma olmasaydı heyrətlənərdim :D ) Yason bir Əjdahanı öldürməli və alov fınxıran tunc ayaqlı iki öküzlə yeri şumlamalı və əjdahanın dişlərini toxum kimi əkməlidir. Bədbəxt də razılaşır. Burda Medeya işə qarışır. Deyir Yason əzizim əgər mənimlə evlənsən, bu işdə sənə kömək edərəm. Əlqərəz sevgilisinə bədəninə sürtməsi üçün sehrli bir məlhəm hazırlayır. Bu məlhəm bədəndə olanda bir gün ərzində bədənə silah, alov və s şeylər təsir etmir, hə bir də ölmürsən. Bunu da qeyd edir ki, dişləri əkdikdən sonra yerdən silahlı adamlar bitəcək, əgər aralarına daş atsan bir -birilərini öldürəcəklər. Medeyanın dediyi kimi edən Yason günün sonunda qalib gəlir ancaq di gəl ki, Kral dərini vermək istəmir. Kral gəmini yandırıb, üzvlərini də öldürtmək istəyir. Bundan xəbəri olan sədaqətli qızı Yasonla əl -ələ verib dərini oğurlayıb, gəmiyə minib qaçırlar. Səhərisi gün yola çıxan Arqo gəmisinə atasının çatmaması üçün Medeyanın ağlına mükəmməl bir o qədər də vəhşi bir fikir gəlir. Medeya qardaşı Apsyrtosu tikə -tikə doğrayır və yol boyunca səpələyir. Kral və adamları Apsyrtosun hissəciklərini yığa -yığa vaxt itirirlər və gəmiyə çata bilmirlər. (eşqin gücünə bax ey, cəhənnəmdə yanassan qızzzzz)
Geri qayıdış: Gəliş kimi qayıdış da bir xeyli qarışıqdır.
Arqo Qaradənizdə İstros(Tuna) çayına çatır bu yolla da Adriatik dənizinə gəlib çıxırlar. Amma Zevsin qəzəbinə tuş gəlib fırtına ilə baş -başa qalırlar. Medeyanın xalası cadugər Kirkeni axtarmağa gedirlər. Kirke Medeyanı qardaşını öldürdüyü günahından xilas edir amma Yasonu qonaq etmək istəmir.
Yunanıstan: Yason sevincək halda gəlib postu əmisinə verir. Sonra görür ki, kişi taxtı vermək istəmir. Medeya qolunu çırmalayıb yenə qanlı bir plan hazırlayır. Deməli gözünə döndüyüm gedib Peliasın qızları ilə rəfiqə olur və onlara yaşlı atalarını necə cavanlaşdıra biləcəklərinin sirrini deyəcəyini söz verir. Qızları ətrafına yığır, qoca bir qoç kəsib sehr dolu bitkilərin qaynadığı qazana atır və qazandan bir balaca quzu çıxır. Peliasın qızları da buna inanırlarmı? İnanırlar və Gedib dədələrini parçalayıb qazana atırlar. Amma qazandan səs gəlmədiyini görəndə həyatın silləsini yeyirlər və ölkədən sürgün olunurlar.
Ə bə noldu bu əfsanənin sonu, bezdim axı oxumaqdan?
Medeya ilə Yasonun elədikləri cinayət Kralın oğlanları tərəfindən xoş qarşılanmır və İolkadan qovulurlar. Korinthos kralı Kreon öz qonaqpərvərliyi ilə onlara xoş rəftar edir ancaq bir müddətdən sonra Medeyanı azdırmağın yollarını axtarmağa başlayır. Yetim Yason da yoldaşından bezir, Kreonun kızı Kreusa ilə evlənmək üçün Medeyanı boşayıb, onu Kolxisə göndərməyə çalışır. Vəə aztv dili ilə desək lənətə gəlmiş qadın həyatının ən böyük günahını edir. ( mən: nəsə qaldıki?) Medeya Kreusa toy hədiyyəsi olaraq bir paltar hədiyyə edir. ( Bax ay Kreusa nəyin əksikdi ki, götürüb o paltarı geyinirsən də...) Qız paltarı geyinən kimi başlayır alovlanıb yanmağa. Bununla hirsi soyumayan Medeya Yasondan olan iki oğlunu boğur və ölülərini Yasona göstərir, sonra da atası Heliosun göndərdiyi maşınla Afinaya uçur. Orda da sakit dayanmır, gedib Aigeusa deyir ki: mənimlə evlənsən sənə uşaq doğacam.( Nə əlaqə? ) Sonra da Theseusu öldürməyə çalışır amma bacarmır. Afinadan da sürgün edilir.
Nəticəni yaz admin nəfəsim kəsildi :D
Əfsanəyə görə Kolxisə qayıdır, atası ilə barışır və orda da yaşayır.
İstifadə etdiyimiz mənbələr: Müxtəlif saytlar, mifologiyaya aid kitablar, vikipediyalar.
Adların bəzilərini çıxmaq şərti ilə hamısı original adlarıdır.
#Argogemi #Yason #QızılQoçDərisi #Arqonavtlar #Medea #Jason #Arqogəmisi
Комментариев нет:
Отправить комментарий