четверг, 23 апреля 2020 г.

Prometey -Prometheus


Yunan mifologiyasında Prometey, Epimetheus, Atlas və Menetius ilə birlikdə Titan İapetosun Okeanid Asianın və ya Klymenin dörd oğlundan biridir. Adının mənası da "gələcəyi görən"dir. Bundan başqa ağlı və hiyləgərliyi ilə məşhurlaşmışdır amma eyni zamanda tanrılara qarşı çıxıb insanların lehinə iş görən bir qəhrəmandır. Bəzi əfsanələrdə deyilir ki, insanları palçıqdan yaradan da məhz Prometeyin özüdür. Prometin ailə həyatına baxanda yoldaşının adı hər yazar bir cür qələmə verib, ən tanınmışı Kelainodur. Uşaqları: Deukalion, Iykos, Khimaireus, bəzən Aitnaios, Hellen və Thebede də övlad sırasına qoşulur.
Gələcəyi görürdü bəs, gördüyü məşhur bir məlumat var?
Titan Olimp müharibəsində soyunun məğlub olduğunu, Geyanın Kronu taxtdan endirəcəyini, bir gün bu hadisənin Zevsin başına gələcəyini də bilir amma heç kimə demir. İnsanlara kömək etdiyi üçün başına gələcək müsibətlərdən də xəbəri olur ancaq yenə də öz bildiyini edir.
Bir Titandır amma özünü elə aparmır, bəzi qaynaqlara görə isə heç müharibədə də iştirak etməmişdir.
Bir əfsanəyə görə bir gün Prometey Zevsi sınamaq qərarına gəlir ( karantinada bekar oturmaqdan irəli gəlir). Qəşəng bir dana kəsir və onu iki hissəyə ayırır. Ətin ən yaxşı tikələrini dananın dərisinin içinə yığıb, dərinin üzərini bağırsaqla örtür- bu birinci hissə ət idi. İkinci hissə isə qalın yağ təbəqəsi ilə örtülmüş sümüklərdən ibarət olur. Bu iki hissəni boxça şəklində gətirib Zevsin qarşısına qoyur və ikisindən birini seçməyini istəyir. Zevs də uşaq deyil ki, Prometeyin oyununu başa düşür amma üz vurnur də, yalandan adamın iştahasını artıran yağlarla örtülmüş sümüklər olan hissəni seçir. Zevs çox qəzəblənir və yeməkləri dad verən alovu insanların əlindən alır ( O niyə?) Çünki insanları palçıqdan yaradan Prometeydir və bu hərəkətiylə guya bizim Titanımızı cəzalandırıbmış. (Başın batsın)
Admin biz palçıqdan yaranmışıq ki, bəyəm? Dəqiq Prometey yaradıb?
Bəli mifologiyaya görə bu vəzifə insan soyunun lap əvvəllərində, bəlkə də Deukalion tufanından ( bu haqqda məlumat yazacağıq) sonra Zevs tərəfindən  Afina ilə Prometeyə verilir. Bütün işləri Prometey görsə də Afina sadəcə yol göstərmişdir. Bəzi mənbələrdə isə deyilir ki, Prometey torpaqdan fiquru düzəldib, Afina isə nəfəs vermişdir. Yenə də bəzi təsvirlərdə bu ikili tez -tez bir araya gətirilir, bəzi qaynaqlara görə aralarında işdən çox sevgi münasibəti varmış. (babalığı mənbələrin boynuna). Bir dedi qoduya görə isə Prometey Afinaya qarşı bəslədiyi qadağan olunmuş eşqinə görə hətta cəzalandırılıb. ( Niyə? Simsiz teleqramlar heç nə demədi)
Digər qaynaqda isə vəzifənin Prometey və Epimethusa verildiyi göstərilir.(Mənbələrin maşallahı var, bir deyil iki deyil) Epitmeus ilk olaraq heyvanları yaradır. Onlara bütün yaxşı xüsusiyyətləri bəxş edir: gözəllik, zəka, uçmaq, hiyləgərlik, çeviklik, cəsarət, xəz. Bir də onda ayılır ki, insanlara heç nə qalmayıb, o anda qardaşından kömək istəyir, o da günəşdən odu qopardıb insanlara verir ki, xəzlərə ehtiyacları olmasın və görünüşləri ilə də tanrılara bənzədir. hə bir də onu qeyd edim ki, Prometey palçığı su ilə deyil, göz yaşı ilə yoğurur. Bəlkə də ona görə təbiətin ən zəif məxluqu insandır.
Od vardı işin içində, o necə oldu?
 Prometey öz uşaqları kimi gördüyü insanların oddan məhrum qalmaqlarına dözə bilmir vəəəə bir gün sübh tezdən alova çox bənzəyən "Narteks" çiçəyini də götürüb alovun qorunduğu İda dağına yola çıxır. Mühafizəçilər yuxuda olduğuna görə sakitcə içəri keçib, alovu götürüb, çiçəyi də onun yerinə qoyur. Beləliklə də odu Olimplilərdən oğurlayıb insanlara verir.
Yenə ikinci qaynaq daxil olur: burda isə qeyd olunur ki, içi oyuq, lakin tez alovlanan Feruledən ( Şeytan ağacı) bir budaq götürüb, Lemnos adasına gedir və Hefistosun alovundan bir qığılcım götürüb, alovu bir qara, bir ağ at arasında gizlənərək qaçıb, odu insanlara verir. Deyirlər ki, o gündən sonra alov şər və xeyir enerji yaymağa başlayır. Onunla xeyir də yaratmaq olur, şər də.
Nəysə odun oğurlanmasını eşidən Zevs də deyir ki, sən saydığını say, gör fələk nə sayır və Hefistosla birlikdə bir plan hazırlayır. Planın adı "Pandora"- ayrıca məqalə həsr edəcəyik deyə çox yazmırıq, sadəcə plandan xəbəriniz olsun deyə qeyd etdik.
Həəə bir də bildiyimiz o məşhur cəza, axı bizim Tanrıların kralı Zevs Prometeyə cəza verir. Cəza ondan ibarətdir ki, Prometey Qafqaz dağlarında böyük bir qayaya zəncirlənəcək və ciyəri və ya ürəyi hər gün bir Kərkəs(quşun adıdır), bəzi təsvirlərdə Qartal- tərəfindən didiklənib yeyiləcəkdir amma ciyər hər axşam özünü bərpa etdiyinə görə işgəncə sonsuza qədər davam edəcəkdir. Cəzadan bir gün qabaq Prometey qardaşı Epimethusa deyir ki, " Qaqa işdi birdən Zevs səndən nəsə istəyər və ya təklif edər, birdən çaşıb razılaşarsan haaa. Diqqətli ol". Epimetheus da ağlın a-sı olmadığına görə Zevsin Hermes vasitəsilə göndərdiyi Pandoranı özünə yoldaş edir. Bax indi Pandorayla evlənməyinin Prometeyə nə dəxli var? Belə deyək Pandoraya bir hədiyyə verilir və insanlıq zibilə düşür yəni mifologiyaya görə indiki korona və bu tipli xəstəliklər Pandora nənəmizdən insanlığa ərmağan olunur. Ətraflı gələn məqalədə.

Prometey hələ də Qafqaz dağlarında əziyyət çəkir?
Deməli Prometeyin insanlığa odu qazandırması təkcə özünü və ailəsini yox, bütün insanlığı da məhvə sürüklədi. Vəziyyətin belə olduğunu görən insanlıq, onlara dayaq duran Prometey üçün dövrünün tanınmış qəhrəmanı Herakla müraciət edirlər. Təbii ki, cəzanın üstündən neçə əsrlər keçmiş, Prometey Kərkəslərin əlindən dəhşətli hallara düşməsinə baxmayaraq hər şeyi sinəyə çəkib, yaxşı olacaq ümidinə bağlanan Titan, axır ki, bir adlı -sanlı qəhrəman tərəfindən xilas edilir. Herakl qadasın aldığım gedib Kərkəsləri öldürür, zəncirləri qıraraq hay-hayı gedib, vay-vayı qalan Titanımızı xilas edir. Onu da deyək ki, Zevsin icazəsi olmadan heç nə edə bilməzdi. Bə nətər oldu ki, icazə verdi? Cersei Lannisterdən beş betər oğluna ölümsüzlük vermək istəyən və onu Olimpdə 12 tanrı arasında əyləşdirmək istəyən Zevs, oğlunun qəhrəmanlığını sübut etməliydi hamıya ki, cəmahət yəni Olimpdə Herakl kimi qəhrəman oturmasın bə kim otursun? ( ağlından keçir haa bu fikirlər). Məhz bu səbəbə görə Heraklın Prometeyi xilas etməsinə cıqqırını da çıxartmır.
Ancaq ikinci mənbə qeyd edir ki, axı Prometey Zevsin oğlu tərəfindən taxtdan endiriləcəyini bilirdi. Bu məlumat da Zevsin qulağına çatır. Əlqərəz sirri öyrənmək istəyir. Birdən yadına oğlu Herakl gəlir və onu ciyər yeyən qartalı öldürmək üçün cəza mərkəzinə göndərir. Herakl da qartalı öldürür və Prometey Tanrılar mərtəbəsinə yenidən qəbul edilir. Burda üçüncü qaynaq daxil olur. Deyilənə görə Herakl təkcə qartalı öldürür, zəncirlərin qırılması üçünsə Prometey təzədən ölümsüz olmalıydı elə bu anda Kentavrlarla Teselyanın əfsanəvi xalqı Lapitlər arasında müharibəsi baş verir, səhvliklə Heraklın oxuyla yaralanan Kentavr Kheron (ürəkdi, haqqında məlumat verəcəyik) əzabdan qurtulmaq üçün ölmək istəyir. Ölümsüz olduğuna görə ölümsüzlüyünü qəbul edəcək bir nəfərə ehtiyac olur, o da Prometey olur. Beləliklə də Prometey yenidən Ölümsüzləşir.
Zevs sirri öyrənir? Sirr nədən ibarətdir?- Cavablar sonrakı məqaləyə qalsın.
Qeyd: Prometey haqqında da olduqca geniş, bir -birindən fərqli mənbələr var. Bir qaynaqla kifayətlənməyin.


Комментариев нет:

Отправить комментарий