Bu gün də
karantina da oturmağımızın səbəbkarı Pandoradan yazacağıq.
Kimdi? Kimlərdəndir? Axı nə edə bilərdi?
Prometeyin odu Olimpdən götürüb insanlara verməsi Zevsi necə çilədən
çıxardırsa, heç cürə hirsi soyumur. Gedir Hefistosun yanına və deyir ki,
Prometeyin yaratdıqlarına bənzər bir qadın yarat. Hefistos da torpaqdan bir gözəl
bir qadın yaradır. Bədəninə ruh əvəzinə bir qığılcım qoyur. Qadın o qədər gözəl
olur ki, Səyavuş bəy demişkən: gö..gö..gözlər nə..nəl..nəlbəki boyda, qaşlar
Qafqaz sıra dağları (Hicran tamaşası). Nəysə bu Pandora gözəlinin ərsəyə gəlməsində
demək olar ki, bütün tanrılar əlbir olublar və buna görə də Pandoranın mənası “
Tanrıların hədiyyəsi” mənasını ifadə edir, çünki hər biri bir şey hədiyyə edir.
Belə ki, Hesiodosun “ İşlər və günlər” kitabında yazdığına görə Afina Pandoraya
tikiş, hörgü, naxış işlərini öyrədir. Afrodita elə bir gözəllik bəxş edir ki,
bir baxan cənnətlik olur. Hermes gözəl nitq bacarığı, daha dəqiq desək sözləri
ilə insanları necə aldada biləcəyini öyrədir, azmış kimi utanc, sıxılmaq kimi
hissləri bilməyən, hiyləgər bir insana döndərir. Nəhayət Afina gəlinimizi qəşəngcə
geyindirir, inam pərisi Peitho ilə lətafət pəriləri (Kharites) onun gözəl
boynunu qızıl silsilə ilə bəzəyirlər, mövsüm ilahələri (Horai) başına təzə çiçəklərdən
bir çələng qoyurlar. İşlər tamamlananda Hermes ona Pandora adını verir. Pəs
Əlahəzrət Zevs nə hədiyyə edir? Bir qutu hədiyyə edir. İçində İnsanlığı məhv edəcək şeylər gizlənmişdir. Nəysə Tanrıların ərsəyə
gətirdikləri bu gözəl gəlinə Epimetheus yox deyə bilmir. Halbuki qardaşı
Prometey xəbərdarlıq etmişdi. Epimetheusun adının mənası da “ Sonradan başa düşəndir”
.
Keçək əsas məsələyə-
-Dedik ki, Zevs Pandoraya bir qutu verir amma deyir ki, məbadə açasan.
Evdə bekar olan Pandora nə illah edir ki, qutunu açmasın amma özünü saxlaya
bilmir və qutunun qapağını yavaş -yavaş qaldırır. Bax elə o andaca bütün şər əməllər,
xəstəliklər, ölüm, qıtlıqlar sərbəst qaldı və bütün dünyaya yayıldı. Bir saniyə
olmamış bu qədər bədbəxtliklərin yayıldığını görən Pandora qapağı tez bağlayır
ancaq qutuda bir şey qalmışdı – Ümid.
Bu gün də kimsə “Pandoranın qutusu” mesajını verirsə....... yəqin
temanı anlayarsınız.
#Pandora #Pandoranınqutusu #Zevs #Hermes #Afina #Afrodita #Prometey #Epimetheus #YunanMifologiyası
Комментариев нет:
Отправить комментарий