Mifologiyada "Hörgü nağılı" deyə adlandırılan bir əfsanə haqqında yazacağıq.
Deməli Afina- dünyadakı bütün sənət əsərlərinin, xüsusilə də qadınların işləri, incə, zərif naxışların qoruyucusu idi, hətta Heranın gəlin donunu bilə özü tikmişdir. Lidyanın ən gözəl qızlarından biri olan Araxne isə hörgüdə, toxuculuqda ad-san qazanmışdır. Ümumiyyətlə bu işlərdə çox qabiliyyətli olan yunanlı qadınlar, bu işləri İlahə Afinadan öyrəndiklərini deyib, işləri ilə qürur hissi keçirdirdilər. Həəə əfsanənin odu isinməyə başlasın. Bu gözəl xanımın işləri çox gözəldir, amma bu işin suyunu çıxardır. Yoldan keçən hər kəsə öz bacarığından danışır, işlərini göstərir, gəldikləri ölkələrdə belə işlər görüb -görmədiklərini soruşarmış. Ətrafdakılar da buna deyir ki, "az yaxşı day, dincəl. Afinanın qulağına çatacaq, axırını yaxşı görmürük vallah" deyə bu tərzdə məsləhətlər verirlər. Bunlar təbii ki, Afinanın qulağına çatır, amma özünü bilməməzliyə vurur. Bir gün Araxne mənbələrin birində yazıldığına görə, meşədə oturub toxuculuqla məşğul olurmuş, bunu görən pərilər də canıyanmışdan soruşurlar ki, " Nə gözəldi işdi bu, qəşəng qız. Bunları Afinadan öyrənmisən?" Araxne də dili qurddu kimi deyir ki, " Pah, o kimdi ki, mənimlə yarışsın. Mən toxuculuqda Afina da daxil olmaqla hamıdan üstünəm." Bunu da aravuran Apollonun qarğaları eşidir və gətirib Tanrıçanın ovcuna qoyurlar. Afinanın cin təpəsinə vurur ki, bir insan hansı hünərlə məndən üstün olduğunu deyir. Qəşəngcə qoca licminə girib, gəlir Araxnenin yanına. Araxne həmişəki qayda ilə başlayır özündən danışmağa, işlərini də göstərir. Afina: "Qızım, qocalıq insana sadəcə kədər gətirmir, eyni zamanda təcrübə də bəxş edir. Məsləhətlərimi qulaqardına vurma. Görünür işində olduqca bacarıqlısan, bütün qadın və qızları keçə bilərsən, amma bir Tanrıçanın gücü və sənəti hər şeydən üstündür. Özünü bu qədər böyük görmə." Araxne də "Özümü böyük görmürəm, həqiqəti deyirəm, Afina gəlsin, onunla yarışaram" Afina öz licminə qayıdaraq "Mən buradayam"deyir. İkisi qarşılıqlı başlayırlar toxumağa. İndi belə bir iş var ki, Afina qadın namusunu qoruyan bir İlahədir, hətta bunu izləyən bir adamı belə kor eləmişdi. Bu mövzulu işlərin rəsminin çəkilməsi, toxunmasına icazə vermir. Afina haqqında eşq işlərinə aid heç nə olmadığını bilən Araxne, buynuzunu çobanın çomağına sürtməyə davam edir, belə ki, götürüb Zevsin eşq macəralarından ibarət bir səhnəciyi təsvir etməyə. Afina isə adı verilən şəhər üçün Poseydonla arasındakı döyüşü təsvir etməyə. Bir mənbədə deyilir ki, final mərhələsində Afina qızın bacarığını qəbul edir, ancaq qızın seçiminə çox əsəbləşir və özünü itirərək Araxnenin işini parçalayır. Qarşısındakının həqiqətən də Tanrıça olduğunu bilən Araxne, çox utanır və ordan qaçaraq, özünü asır. Afinanın bu işə ürəyi ağrayır və deyir ki, " Bir halda ki, sən özünü böyük görürsən, bundan belə, həyatının sonuna qədər, tor üzərində öz sənətini icra edərək yaşayacaqsan" və Araxneni bir hörümçəyə döndərir. Beləcə o gündən bu günə hörümçəklərin gözdən iraq yerlərdə tor qurub öz işlərini həyata keçirdiklərinə inanırlar.
Digər mənbəyə görə isə finalda Araxne başını qaldırıb Afinanın işinin möhtəşəmliyini görür və öz dediklərindən utanır,nəticədə özünü asır. Sonrası hər iki mənbədə də yazdığımız kimi davam edir.
#YunanMifologiyası #Afina #Araxne #Hörümçək #Athena #Tanrı #Tanrıça #God #Greekmythology #Zevs #Apollon #Toxuculuq #Arakhne
Комментариев нет:
Отправить комментарий