Salam əziz oxuyucular, ümid edirik hər biriniz yaxşısınız. Deməli, bu gün qərar verdik ki, Azərbaycanın əfsanələrindən biri olan Sara haqqında yazaq. Əvvəlcə onu qeyd edək ki, Sara haqqında ədəbiyyatımızda 3 dənə əfsanə mövcuddur. Onlardan sadəcə birini bu gün sizlərlə paylaşacağıq. Hələlik. Xoş mütaliələr.
Birinci əfsanə: Çay qızı.
Muğan adlanan bir kənddə iki gənc yaşayırdı. Bunlardan biri Sarvan adlı bir qoçaq oğlan, o birisi isə Muğanın yaraşığı Gözəl idi. Bunlar yenicə evlənmiş, kasıb olsalar da, çox mehriban bir ailə qurmuşdular.
Aylar, illər keçdi. Gözəl dünyaya bir qız gətirdi. Gənc ana qızı olduğunu görüb çox sevindi. Ancaq onun halı getdikcə pisləşirdi. Bütün Muğanın biliciləri tökülüşüb gəldi. Amma heç kim gəlinə bir kömək edə bilmədi.
Gözəl ölüm yatağına düşdüyünü duyub Sarvanı yanına çağırdı, dedi:
- Əzizim, Sarvanım, mənim səndən bir xahişim var, qulaq as, deyim. Körpəmizə hələ də ad qoyulmayıb. Adını mən verdim, yaşını yaradan versin: Sara! Qoy hamı qızımı Sara çağırsın. Mənim sözüm bu idi...İndi də balamı gətir, qoy sonuncu dəfə onunla görüşüm.
Sarvan tez Saranı gətirib Gözələ vermək istədi. Amma yetişmədi...Gözəl artıq gözləri əbədi yummuşdu.
Sarvan Saranı qayğısız böyütməyə çalışırdı. Sara evdə oturmur, tez-tez Arpaçayın sahilinə gəlirdi. Arpaçay da sanki Saraya öyrəşmişdi; qız sahilə gəlməyəndə kədərlənir, sakit -sakit axır, gələndə isə sevincindən aşıb-daşırdı.
Beləcə Sara böyüdü və Xançoban adlı bir gənci sevdi. Kəəndin mötəbər qocaları Saranın atasına elçi düşdüş Ata qızının razılığı ilə onu Xançobana ərə verdi.
Xançoban yaz ayında sürüsünü yaylağa aparmalı oldu. Sara da bu ayrılığa yaman kədərlənirdi. Bunu görən Xançoban soruşdu:
-Mənim Saram, sən axı niyə ağlayırsan? Bir -iki gündən sonra qayıdıb səni də aparacağam.
Sara dedi:
-Heç özüm də bilmirəm niyə ağlayıram. Səndən ayrıla bilmirəm, ürəyimə damıb ki, sən gedəndən sonra bir bədbəxtlik olacaq.
Əlqərəz Xançoban yaylağa gedir, Sara da Arpaçayın sahilində oturub fikrə daldı.
Bu vaxt ölkənin xanı çayın qırağından keçəndə Saranı gördü, durdu, hərisliklə qıza tamaşa etməyə başladı.
Sara yad gözlərin ona zilləndiyini görmədi. Arpaçay isə görüb, Saranı qısqandı. Bu yad baxışlardan qəzəbləndi, aşdı-daşdı, Saranı öz qoynuna aldı, apardı. Bütün Muğan camaatı tökülüb gəldi. Saranı tapa bilmədilər və ürəklərindəki yanğı qəmli bir mahnıya çevrildi. O gündən mahnı dillər əzbəri oldu:
Arpa çayı aşdı- daşdı,
Sel Saranı aldı qaçdı...
Mənbə: "Əfsanələr" kitabı
Rəsm : pinterest.
Комментариев нет:
Отправить комментарий