Dahhak, Zahhak və ya Zohak fars mifologiyasında şeytani bir obrazdır. Avestada adı "Azi Dahaka" kimi qeyd olunur. Burada "Azi" kəlməsi ilan və ya əjdaha mənasında işlədilmişdir ki, latın dilindəki anquis sözü ilə qohum sözdür. "Daha" kəlməsi isə sanskritcə kölə, farsca isə düşmən mənasındadır, ancaq ümumiyyətlə bu kəlmənin "insan" mənasında işlədildiyini və sanskritcə olduğunu vurğulayırlar. Bu mətnlərə görə Zöhhak Əhrimənin oğlu, Hörmüzdün isə düşmənidir. Firdovsiyə görə isə Dahhak padşah Merdasın oğludur.
Farslara görə daha dəqiq desək Firdovsinin "Şəhnamə" əsərinə görə Dahhak Ərəb ölkəsinin hökmdar Cəmşiddən sonra taxtda əyləşən beşinci hökmdarıdır. Dahhakın ləqəbi Baevaraspa Şəhnamədə Biyaresb, Şərəfnamədə isə Biveresb kimi keçir. Əfsanəyə görə zülm və şəri sevən Dahhakın kürəyindən iki ilan çıxır. Dövrün həkimləri də dərdinə çarə tapa bilmirlər. Çünki ilanları kəsdikcə yerinə başqası çıxırdı. Günün birində şeytan həkim qılığına girir və Dahhakın yanına gələrək çarəni deyir. Bundan sonra Dahhak gündə iki insan öldürtdürüb, beyinlərini ilanlara yedizdirməyə başlayır. Ağrılarının azaldığını görən Dahhak iki nəfərə bu vəzifəni verir və beləcə gündə iki adam ölümə məhkum olur. Günlərin bir günü buna ürəyi dözməyən köməkçisi bir adamı öldürüb, digərini sərbəst buraxır və insan beyni əvəzinə qoyun beyni aparır. Beləcə Dahhakdan canını qurtaranlar çoxalıb bir xalq olur. Sonra dəmirçi Kavenin sayəsində xalq Dahhaka qalib gəlir. Dəmirçi Kave Dahhakın xəstəliyinə görə 2 oğul itirir. Biləndə ki axırıncı övladını almağa gəlirlər, onda Dahhakı taxtdan endirmək üçün planlar qurmağa başlayır. Öz dükanında dəmir silahlar hazırlayır və əhaliyə paylayaraq Dahhakın sarayına hücum edib, onu taxtdan endirir. Bu hadisə də təxminən martın 20-dən 21-nə keçən gecə baş verir. Bu gecəni insanlar alovun ətrafında, məşəli bir-birilərinə ötürərək qeyd edirlər. Bunu da azadlığa, mübarizəyə və xalqa həsr edirlər.
İran folklorunda Dahhak böyük bir heyvan kimi təsvir edilir. Belə ki, bəzilərinə görə aslandır, bəzilərinə görə isə ilan. Avestaya görə isə Dahhak üç ağızlı, üç başlı, altı gözlü, çirkin və çox güclü şeytani əjdaha canavardır.
Pəhləvi mətnlərində göstərilir ki, Dahhak Firidun tərəfindən tutulub Dəmavənd dağında zəncirlənir, ancaq o zəncirlərini qırır və dünyaya şəri yaymağa başlayır. Belə ki, dünyanın 3də 1 hissəsini yeyir. Sonra isə Kirsasp adında bir qəhrəman tərəfindən öldürülür.
İslam aləmində Dahhak Nuh tufanından sonra dünyanın hakimi olan hökmdarın adıdır. Nuhun oğlu Yafəsin soyundandır və tufandan sonra 1000 il yaşayıb və hökmdarlıq etmişdir.
Nəticə olaraq onu göstərirlər ki, Dahhak mifi hind-iran qəbilələrinin bir-birindən ayrılmadığı bir zamanda yaranmış olan Ari mifidir. Yunanlılardakı Zevs-Tifon arasındakı əlaqəni hindlilər İndra və Vritra obrazlarında göstərmişdir ki, Ari mifologiyasında biri quran, digəri isə dağıdan iki qəhrəman obraz yaradılmışdır. Dahhak da burda şəri təmsil edən bir obrazdır.
Qeyd: Dahhak Azərbaycan dilində Zöhhak adlanır.
Mənbə: https://en.wikipedia.org/wiki/Zahhak
https://islamansiklopedisi.org.tr/dahhak Azi Avesta Firdovsi Şəhnamə Şərəfnamə Dəmirçi DəmirçiKave
#mifologiya #farsmifologiyası #fars #pers #iran #Dahhak #zöhhak #şər #iblis #şeytan #Əhrimən #Hörmüz #hökmdar #Baevaraspa #Merdas #pəhləvimətnləri #pəhləvi #mythology #persmythology