Xarı-bülbül |
Azərbaycanın qədim şəhərlərindən biri olan Şuşada belə bir gül var, adına xarı -bülbül deyirlər. Rəvayətə görə bir gün bülbül öz sevgilisi gülün görüşünə getmək istədiyi vaxt bərk külək əsir. Küləyin məqsədi gülü bülbülün qarşısında alçaltmaq imiş.
Külək öz gücünə, qüvvəsinə həddindən artıq inanırmış. O əsəndə aləmi tozanaq bürüyər, bütün canlılar onun qarşısında əyilərmiş. Müqavimət göstərmək istəyənləri neçə yerə şaxbudaq eləyib yerlə -yeksan edərmiş.
Həmin gün də külək var qüvvəsilə əsirdi, nəhəng çinarlar, uca sərvlər, salxım söyüdlər onun qarşısında dönə-dönə əyilirdilər. Yalnız zərif, gözəl ətirli gül küləyin azğınlığına, yekəxanalığına tabe olmurdu. Bunu görən külək heyrətə gəldi:
-Ay zərif gül, sən hansı cəsarətlə mənə baş əymirsən? Sən bu gücü hardan alırsan?
Gül inamla cavab verdi:
-Məhəbbətdən! Məhəbbətin gücü yenilməz olur. Sevən vüqarlı olur, o, heç kəsə baş əymək istəmir. Mən bülbülü sevirəm. Onun saf məhəbbəti məni baş əyməyə qoymaz.
-Baxarıq!...Sən məhəbbətini sına, mən də gücümü...
Külək bu sözləri deyib kükrədi. Elə bu vaxt bülbül sevgilisi gülün görüşünə gedirdi. Küləyin qəzəbi yerə, göyə sığmırdı. Zərif otlardan tutmuş fil gövdəli ağaclara qədər hamı ona baş əyirdi, gül isə əyilmirdi. Lakin onun da müqaviməti tükənməyə başlayırdı. Çünki o, tək qalmışdı. Əgər bülbül yanında olsaydı...
Gül bir yarpaq əyildi. Külək qələbəsindən sevinərək daha bərkdən uğuldadı. Bir az da keçəcək, külək gülü öz gücü qarşısında ikiqat əyəcəkdi. Bu vaxt bülbül özünü gülün harayına çatdırır. O, sinəsini yavaş-yavaş əyilən gülün köksünə söykəyir. Külək daha da hiddətlənir. Bülbül gülün azacıq əyilən qamətini düzəldir. Ancaq gülün xarı -tikanı onun sinəsinə sancılır. Bülbül məhv olursa da, geri çəkilib gülü əyilməyə qoymur. Özünü məhəbbəti uğrunda fəda edən bülbülün canı gülün ləçəyinə hopur. Gülün adı xarı -bülbül qalır. Gülün bir ləçəyi üstə elə bil bülbül yatıb.
Комментариев нет:
Отправить комментарий