пятница, 14 августа 2020 г.

İZANAMİ VƏ İZANAGİ ( Yapon mifologiyası)


Kobayashi Eitaku

    İzanami no mikoto 伊弉冉尊/伊邪那美命, İzanami no kami və  İzanagi no mikotoイザナギ, İzanagi no Okami Şintoizmə görə qaranlıq və dünyanın şəxsləşdirilmiş tanrı və ilahəsidir. Kocikiyə (Kociki - və ya Furukotofumi – Antik Yaponiya tarixi haqqında ən qədim yazılı mətn. Şintoizmin müqəddəs mətnlərindən biridir və 712-ci ildə tərtib edilib. )  görə  İzanami ilə İzanagi  7 tanrı nəslinin axırıncı tanrıları olaraq yaranırlar.

    İlk tanrılardan olan KunitokotachiAmenominakanushi kişi İzanagi ilə qadın İzanamiyə bir vəzifə verir, belə ki, onlar ilk torpağı yaratmalı idilər. Beləliklə iki tanrı Ama no Hashidate adlı cənnət körpüsündə ( bəzilərinə görə göyqurşağının üzərində) duraraq cəvahirətlə bəzədilmiş Amenonuhoko adlı nizələriylə okeanı qarışdırırlar. Nizənin ucundan düşən duz kristalından Onogoroshima adlı bir ada yaranır və iki tanrı bu adaya gələrək Ame-no-mihashira ("göy dirəyi" deyilən bir sütun ) sonra ətrafında Yahiro-dono adlı bir saray inşa edirlər və evlənirlər. İzanagi evlərini qurandan sonra İzanamiyə deyir: " Gəl ayrılaq və adamızı öyrənək. Sən bir tərəfə get, mən də digər tərəfə gedim, sonra görüşərik." İzanagi sarayın soluna, İzanami isə sağına gedərək adanın ətrafını gəzirlər və yenidən görüşəndə İzanami həyəcanla qışqırır : " Necə möhtəşəm bir kişiylə rastlaşdım." Əlqərəz bunların 2 uşaqları dünyaya gəlir, ancaq uşaqlar şikəst doğulur. Birinin adı Şintoizmdə tanrı Ebisu adı ilə tanınan Hiruko, digəri isə Awashima idi. İki tanrı onları görmək istəmir və bir qayığa qoyaraq okeanın sularına və talelərini küləklərin qərarına buraxırlar. Bu hadisədən sonra ər-arvad yenidən cənnətə gedib, yaşlı tanrılardan soruşurlar: " Niyə İzanaminin uşağı anormal doğuldu? Yenə belə bir hadisəylə qarşılaşmamaq üçün nə etməliyik?". Tanrılar da cavab verir: " İzanami anormal uşaq doğdu çünki öz yerini bilmirdi. Bir qadın əvvəlcə kişisinin danışmağına icazə verməlidir. Bu onun haqqıdır. Əgər əvvəlcə qadın danışsa, bu uğursuzluq yaradar. Sağlam uşaq istəyirsinizsə, hər şeyi yenidən başlayın. Adanıza qayıdın və əks istiqamətlərdə gedin, yenidən görüşün və bir-birinizi salamlayın." Tanrıların dedikləri kimi edən cütlük yenidən görüşəndə bu səfər İzanagi qışqırır : " Necə gözəl qadınla rastlaşdım." Beləliklə bu cütlüyün birləşməsindən Ōyashima ya da Yaponiyanın "böyük səkkiz ada"sı yarandı. 

Bunlar: Awaji, Iyo, Oki, Tsukushi, Iki, Tsushima, Sado, Yamato. Bunlardan başqa 6 ada və bir çox tanrı da doğulur. İzanami  uşağı Kagu-tsuchi (odun təcəssümü) və ya Ho-Musubi (yanğının səbəbkarı) dünyaya gətirərkən tənasül orqanında yanıqlar olur və İzanami ölür. Ölərkən də bədənindən axan sidikdən su ilahəsi Mitsu-ha-no-me, nəcisdən yer ilahəsi Hani-yama-hime və başqa tanrılar yaranır. İzanagi həyat yoldaşının ölümünə o qədər qəzəblənir ki, yeni doğulmuş uşağı öldürür və bundan da müxtəlif tanrılar yaranır. İzanagi yoldaşının nəşini Hiba dağına basdırır.  Ölən İzanamı Ölülər ölkəsi olan Yomi no kuniyə gedir. İzanagi yoldaşının həsrətinə dayana bilmir və onun arxasında Yomiyə yola düşür və İzanagini tapır və deyir: "İzanami, bura sənin üçün gəlmişəm, çünki səni sevirəm və sənsiz yaşaya bilmərəm." Bu sözlərdən məyus olan İzanami isə cavab verir: " Niyə bu qədər gec gəldin? Yominin aşını yedim, ona görə sənlə gələ bilməyəcəyəm. Əgər məni sevirsənsə, qoy qaranlıqlar bizim səadətimiz olsun, mənə baxma. Gəldiyin yolla da geri qayıt, çünki mənim ölməyim evliliyimizin sonu oldu." İzanagi həyat yoldaşını buraxmaq istəmirdi, ona görə gizlincə saçında gəzdirdiyi darağı çıxarıb, bir dişini sındırıb, ocaq qalayır və işığı yoldaşının üzünə tutur. İşıq İzanaminin bədəninə yayıldıqca İzanagi heyrətdən donur, çünki İzanaminin bədəni artıq çürüyür və bütün bədəni böcəklərlə doludur. İzanagi qorxur və qaçmağa başlayır. Bunu görə İzanami də deyir: "Niyə sənə dediyim kim etmədin? Məni utandırdın və buna görə səni cəzalandıracam." Elə bu qəzəblə Yakusa-no-ikazuchi-no-kami (Raijin-8 ildırım tanrısı) və shikomeu (pis kadınları) İzanagi-no-Mikotonu tutub, geri qaytarmaları üçün göndərir. İzanagi onların diqqətlərini yayındırmaq üçün saçındakı darağı çıxarıb tullayır ki, bundan üzüm və bambuk ağacları böyüyür. Qadınlar üzümləri yedikdən sonra yollarına davam edirlər, İzanagi yenə onları uzaqlaşdırmaq üçün yaxınlıqdakı ağacdan 3 dənə şaftalı götürüb arxaya tullayır və nəhayət Yomidən çıxır və girişi də böyük bir qayayla bağlayır. Bu İzanagi ilə İzanamini, eyniz zamanda Ölülər ölkəsi ilə yaşadığımız dünyanı birdəfəlik ayırır. Buna hirslənən İzanami içəridən qışqıraraq deyir: "Səndən intiqam almaq üçün hər gün 1000 nəfəri öldürəcəm." İzanagi də cavab verir: "O zaman mən də hər gün 1500 nəfərə həyat verəcəm." Onda İzanami deyir: "Həyat yoldaşım, mənim ölümümü qəbul etməlisən. Bir-birimizi çox sevdik, çoxlu tanrı və ilahələr yaratdıq. Bu bəs deyil? Mənim dünyadakı vaxtım dolub və geri qayıtmaq üçün gecdir. Gəl barışaq." İzanagi: "Yaxşı. Bilirəm ölülər ölkəsinə gəlmək mənim zəifliyim idi. Yomiyə gəlmək uğursuzluq gətirər. Evliliyimiz burda bitdi. Arzu etdiyin kimi  ölülər ölkəsində yaşamağına icazə verirəm. Öz dünyama qayıdıram və söz verirəm səni bir də narahat etməyəcəyəm."

    Bundan sonra İzanagi Yomiyə getdiyinə görə paklaşmaq və ilahi kirlilikdən azad olmaq üçün yuyunur və sol gözündən günəş tanrısı Amaterasu, sağ gözündən ay tanrısı Tsukiyomi, burnundan isə Susanoo doğulur.

    Nihon shokiyə (720-ci ildə yaranan və Antik Yaponiyanın tarixinə dair yazılmış ikinci ən qədim əsərdir.) görə isə İzanagi Awanagi-no-Mikoto (沫 蕩 尊) adlı bir tanrının övladıdır və ilk tanrı Kuninotokotachi-no-Mikotonun beşinci nəsli  olaraq təsvir edir. Bir də Amaterasu, Tsukiyomi və Susanoo İzanami ilə İzanaginin övladları olur.


    İzanami və İzanaginin vacib övlarından bəziləri:

OHO-WATA-TSU-MI ( dəniz tanrısı)

KUKU-NO-SHİ (ağacların tanrısı)

OHO-YAMA-TSU-Mİ ( dağların tanrısı)

    Əlavə:

    Deməli, yuxarıda qeyd etdik ki, şaftalını götürüb tullayır və onun sayəsində mağaradan çıxır. Nəysə hər şey öz axarına düşəndə İzanagi şaftalını müqəddəs bitki elan edir və canlıların dünyasında yetişdirilməsini təmin edir.

Qeyd: Bəzi adları çıxmaq şərtilə qalanlarını orijinal qeyd etmişik.

Mənbə: https://en.wikipedia.org/wiki/Izanagi

https://en.wikipedia.org/wiki/Izanami

https://az.wikipedia.org/wiki/Kociki

https://www.ancient.eu/Izanami_and_Izanagi/

"Dünya Mitolojisi" - Donna Rosenberg

"Dünya mitolojisi"- Özhan Öztürk

#İzanami #İzanagi #İlahə #Tanrı #mifologiya #Yaponmifologiyası #Yaponiya #Kociki #AmanoHashidate #Amenonuhoko #Onogoroshima #Amenomihashira #Yahirodono #Ebisu #Hiruko #Awashima #böyüksəkkizada #Ōyashima #Kagutsuchi #HoMusubi #Yominokuni #Hiba #shikomeu #bambuk #şaftalı #üzüm  #Amaterasu #Tsukiyomi #Susanoo #Nihonshoki


Комментариев нет:

Отправить комментарий