Dağla Bulud bir-birinə aşiq idilər. Bunlar bir gün də ayrı
dolana bilmirdilər. Onda Dağ çox alçaq idi. Bulud gah ucalır, gah da
sevgilisi Dağın yanına enirdi.
Ancaq Buludun ağası Göy bu məhəbbətdən narazı idi. O, öz
nökərini hara gəldi qovmağa öyrənmişdi. Amma indi Buludun Dağın
ətrafında hərlənməsindən acığı gəlirdi. Buna görə də Buludu bir gün
uzaq səfərə göndərdi.
Günlər keçir, Dağ darıxır, Buludu görmək üçün boylanırdı.
Bulud isə görünmürdü. Sevgilisini görmək həsrəti ilə Dağ gündəngünə yüksəlir, daha uzaqlara baxırdı. Bir gün Dağ Buludu uzaqda
gördü. Yenə mahnı oxumağa başladı. Bu mahnıda əvvəlki kimi
şadlıq yox idi. Dağ inildəyirdi. Bulud mahnını eşidən kimi tələsik
sevgilisinin yanına uçdu. Onlar yenə qol-boyun oldular. Göygözlü
Göy bunu görən kimi odlu qırmancını işə salaraq sevgililəri döyməyə
başladı. Buna dözməyən Bulud göz yaşı tökdü. Ağlaya-ağlaya
çəkilib getməyə məcbur oldu.
O vaxtdan Dağ mahnı oxuyan kimi, Bulud harda olsa uçub
onun yanında gəlir. Lakin Göy qırmancı işə salır. Bu zaman Bulud
Dağın döyülməsinə tab gətirməyərək çıxıb gedir, ya da göz yaşları
tökür.
Mənbə: Avtandil Ağbaba "Mifologiya"
#Azərbaycanmifologiyası #mifologiya #dağ #bulud #göy
Комментариев нет:
Отправить комментарий