среда, 19 августа 2020 г.

Dəfnə və Apollon ( Yunan mifologiyası)

    

Bu gün sizlərə şeirin, incəsənətin, musiqinin tanrısı Apollon ilə çay tanrısı Peneusun qızı Dafni arasındakı dillərə dastan olan hekayələrindən yazacağıq.

    Günlərin bir günü Apollon göydə gəzərkən özü kimi oxçu olan eşq tanrısı EROS ilə qarşılaşır. EROSun başı öz oxlarına qarışıb, bu dəm təzəcə bir əjdaha öldürən və qollarının altı qarpızlanan tanrımız Apollon dilini dinc qoymur və deyir: 

- Ey eşq tanrısı! Bu döyüş ləvazimatları sənin əlinə heç yaraşmır. Onları mənə versən, lazım olan yerdə yəni döyüşlərdə istifadə edərəm. Bilirsən də atdığım ox hədəfdən yayınmır və bu mövzuda məndən üstün heç kim yoxdur.

    EROS da bu təkəbbürlü qaqaşın sözlərinə çox əsəbləşir və deyir:

- Ey günəşin, musiqinin, oxun tanrısı güclü və ağıllı Apollon. Sözlərində həqiqət payı var. Əlbəttə ki, oxların hədəflərindən yayınmır, amma bir şeyi yaddan çıxardırsan. Mənim oxlarım da səni vura bilər. Niyə mənim işimi bu qədər alçaldırsan?

    Sözünü deyən kimi yerindən götürülən EROS and içir ki, bir gün bu dediklərini sənə yedizdirəcəm.

    Yenə gözəl günlərdən birində Apollon yaşıllıqlar içərisindəki sarayında oturaraq öz lirasını çalarkən, meşədə tək -tənha gəzən gözəllər gözəli pəri Dafnini görür və bir könüldən min könülə bu gözələ aşiq olur və başlayır Dafnini təqib etməyə. Ancaq onları izləyən başqa bir tanrı da var - EROS. Eşq tanrımız Eros bir ucu qızıldan, bir ucu qurğuşundan olan iki ox hazırlayır. Vaxtı gələn kimi qızıl uclu oxu Apollona ataraq ürəyindən vurur və Dəfnəyə dəli kimi aşiq olmasını təmin edir. Digər oxu isə Dəfnəyə atır və nəticədə qız Apollona nifrət edir. İndi burda başqa bir məsələ də var ki, bəzilərinə görə günah Erosda olmur, heç bədbəxtin bu temadan xəbəri də olmur.. Belə ki, Dəfnə doğulan gündən kişilərdən zəhləsi gedir və evlənməmək andı içir.   Əlqərəz hər iki halda Apollon hər gün öz sarayından aşağı enərək , gizlincə  Dafnini izləməyə başlayır. Apollonun demək olar ki, həyat marağı ölür, onu sadəcə Dafni maraqlandırır. Günlər beləcə keçir və Apollon artıq izləmək yox, ona qovuşmaq istəyir və öz-özünə deyir:

- Mən işığın və musiqinin tanrısı güclü, yaraşıqlı, qorxusuz Apollonam. Niyə çəkinirəm? Gedim meşənin gözəl qızı ilə danışım. Eşqindən dalğalanıb, coşan qəlbimin ağrı-acısını dindirim.


    Özünü cəsarətləndirdikdən sonra qəflətən Dafninin qarşısına çıxır və bundan qorxan qız qaçmağa başlayır. Apollon da Dafninin arxasınca qaçır, bir tərəfdən də öz eşqini dilə gətirirmiş.

-Dayan, qaçma məndən gözəllər gözəli pəri qızı. Mən Apollonam, günəşin, musiqinin, şeirin tanrısı. Sənin düşmənin deyiləm. Bu dünyada mənə aşiq olmayan bir canlı belə yoxdur, sən niyə məndən qaçırsan?

    Dəfnə də gözünə döndüyüm dayanmaq fikri yoxdur, eləcə qaçır. Əlacsız qalan Apollon da bunun arxasınca qaçır və deyir:

-Qaçma məndən ey gözəl. Mən işığın tanrısı olsam da, sənin eşqinlə gözlərim kor oldu. Ox tanrısıyam, ancaq qəlbimə sancılan bu eşq odunun dərmanı yoxdur. Qaçma, nə olar dayan, məni arxanca qaçmağa vadar edən sənin eşqindir, düşmənçilik deyil!

    Durmadan qaçan Dafni artıq yorulduğunu, taqətdən düşdüyünü, tanrının yandırıcı nəfəsini saçlarında hiss etməyə başlayanda ayaqları ilə yeri qazaraq bəzi mənbələrə görə atasından kömək istəyib, bəzilərinə görə isə torpaq anadan yəni Geyadan onu qorumağını, gizlətməyini istəyir və deyir:

-Ey torpaq ana! Məni ört, məni gizlət, məni qoru!

    Bu sözlərdən sonra ayaqlarının ağırlaşdığını, orqanlarının quruduğunu, ilahələri paxıllıqdan öldürən bədəninin  qabıqla örtüldüyünü, gözəl qoxulu saçlarının yarpaqlara çevrildiyini görür. İncə və nazik qolları uzanaraq budağa çevrilir və gözəl bir Dəfnə ağacına çevrilir.


    Gördüklərinin qarşısında heyrətdən donan Apollon ağacı qucaqlayaraq ağlamağa başlayır və saçlarının ətrini ciyərlərinə çəkərək deyir:

-Ey gözəllər gözəli, mən səni çox sevdim. Sən isə məni istəmədin və məndən qaçdın. Mən səni həyat yoldaşım edəcəkdim. Madam ki, mənim yoldaşım olmadın, bundan belə mənim şərəf ağacım olacaqsan. Bu gündən etibarən mən və bütün qəhrəmanlar başlarını sənin yarpaqlarından hörülü çələnglə bəzəyəcəklər. Ətirli saçlarından yaranan bu yarpaqlar yay və qış həmişə yaşıl qalacaq və mən onları başıma çələng edəcəm!

    Bu ürəkdən gələn səmimi sözlər qarşısında Dəfnə ağacına dönən Daphne Apollonun qarşısında hörmətlə əyilir. 

    Deyilənə görə bu əfsanə Antakyanın Harbiyəsində baş verib. Hətta Harbiyənin şəlaləri, Dəfnənin axıtdığı göz yaşları imiş!

#Mifologiya #YunanMifologiyası #Apollon #Daphni #Dəfnə #Dəfnəağacı #torpaqana #Geya #Peneus #çaytanrısı #tanrı #şeir #incəsənət #musiqi #ox #EROS #Gaia #Az'rbaycan #Az'rbaycandili #Azerbaijan.


Комментариев нет:

Отправить комментарий