Salam əziz oxuyucular! Bugün sizlərə illüminatların simvolu kimi tanınan, əslində isə Misir mifologiyasının, xüsusilə də Horusun əsas simvollarından biri olan "Horun Gözü" haqqında məlumat vermək istəyirəm. Niyə Hor? Bəs axı yuxarıda Horus yazmısınız? Hor və ya Haru misirlilər tərəfindən, Horus isə yunanlılar tərəfindən işlədilən addır.
Deməli Hor və ya Horus qartal başlı "Günəş Tanrısı"dır. Niyə qartal başlı? Çünki misirlilər düşünürdülər ki, qartalın gözləri çox kəskin olur və tanrı Horun da gözündən heç nə yayına bilməzdi. Məhz bu səbəblə də misirlilər bu gözü "Vicdanın gözü" ya da " Hər şeyi görən göz" kimi qəbul edirdilər. 24 saat açıq qalan və heç bağlanmayan, hər yeri nəzarətdə saxlayan göz kimi düşünürdülər. Günəş və Ay Horun gözləri idi, çünki gündüz günəş, gecə isə ay insanlara nəzarət edirdi. Bir tərəfdən də "Horun Göz"ü tanrının "Bir"liyini göstərən riyazi bir simvoldur. Bıy o necə olur? Deməli, bir bütöv 2-ə bölünəndə 1/2 əldə edilir. 2-yə bölünmə davam etdikcə də 1/4, 1/8, 1/16, 1/32, 1/64 əldə edilir. Bunların hamısını toplayanda 63/64 alınır. Nəticə: bir bütün 2-ə bölünməyə davam edərsə, cəmdə sonsuzluq xaric, heç vaxt birə, birliyə çatmır. Mütləq (Tanrı) birdir. "Horusun Gözü" isə "Gliflər" adlanan 6 hissədən ibarət olub, hər birinin də öz mənası vardır. Hissələr: 1/2, 1/4, 1/8, 1/16, 1/32, 1/64-dir. Bu hissələrdən 5 dənəsi 5 duyğu üzvlərini göstərir. Sadəcə 1/8 olan hissəsi düşüncəni təmsil edir. 1/32 olan hissə insanın tanrıya çatmaqda olan əzablı yolunu əks etdirir. 1/64 olan hissə isə tanrının şəfqətini simvolizə edir.
Horus adlı məqaləmizdə qeyd etmişdik ki, bəs Horus əmisi Seth ilə döyüşür və bu döyüşdə gözünün birini itirir. Hor məhv olan gözünün yerinə "Uraeus" adlı bir ilan taxır. Bəs gözü necə geri qaytarırlar? (İmplant edirlər 😂) Zarafat bir yana, gözün altındakı uzun xətt onu göstərir ki, Horus göz əməliyyatına girib, həmin xətt də əməliyyat kəsiyini göstərir. Bəs əməliyyatı hansı həkim edib? Əməliyyatı Toth edir. Belə ki, o, gözün hissələrini bir araya gətirsə də, əvvəlki kimi işləmədiyini anlayır, bu zaman ovsununun gücündən istifadə edərək gözün qüdrətini yenidən qaytarır. Sonra bu göz Hor tərəfindən Osirisə verilir. Niyə? Bu barədə "Osiris əfsanəsi" adlı məqaləmizdə bəhs edəcəyik.
Qədim Misirdə "Horun Gözü" şəfa niyətinə də istifadə edilirdi. Çünki gözdən güclü bir enerjinin çıxdığına inanırdılar. Belə ki, gözlər ruhun xaricə açılan qapılarıdır.
Tək göz sonsuzluğun simvoludur. Qərbdə sağ göz günəşin, işığın, gələcəyin simvoludur, sol göz isə ayın, gecənin və keçmişin simvoludur. Şərqdə isə əksinədir. Horun gözləri tabutlara və sərdabələrə yerləşdirilirdi və bunun sayəsində də ruhlar, ölümdən sonrakı həyatda çətinlik çəkməyəcəkdilər.
Bir də "Horun Gözü"nü misirlilər ölçü vahidi kimi də istifadə edirdilər. Belə ki, gözdə olan hər hissənin 1/2-dən 1/64-ə qədər dəyərləri mövcud idi. Bütöv gözə "Heqat" deyirdilər.
Misir mifologiyasında göz simvolu 3 tanrıda özünü göstərir: Ra, Hor, Wadjet.
"Ranın Gözü" daha çox insan xüsusiyyəti daşıyır və öz iradəsi var. Buna görə bəzən "Ranın qızı" olaraq da bilinir. Ra ona hörmət etməyənlərdən intiqam almaq üçün gözündən istifadə edirdi ki, bu da "Horun Gözü"ndən fərqli olduğunu göstərir. Bir fərqlilik də ondadır ki, "Ranın Gözü" qırmızı irislə təsvir edilir və ayrı-ayrı simvollarla beynimizi alt-üst edir. Ümumiyyətlə, ən çox bilinən simvol Ranın başının üstündəki günəşdən və onun ətrafındakı kobradan ibarətdir. Onu da qeyd edək ki, "Horun Gözü" olaraq qəbul etdiyimiz simvol, həm də "Ranın Gözü" olaraq bilinir. Çünki Sethlə döyüşdə Horun hansı gözündən məhrum olunduğu bilinmədiyinə görə, ikisini də öz aləmlərində birləşdiriblər. Bəzən günəşi Ranın gözü, Ayı isə Horun gözü kimi qəbul edirdilər.
Wadjet isə bu Ranın başının üstündəki günəş var ha, günəşin ətrafındakı ilan var ha bax özüdür ki, var. Buna görə kobrayla əlaqələndirilən göz Wadjetə aiddir. Bəzən Raya da məxsus olur. "Horun gözü"nə də hərdən "Wadjetin Gözü" deyirlər. (Tay noldu ey bı 😁😂😂)
"Horun Gözü" 1904-cü ildə Horus əsrinin başladığına inanan Telema adlı təriqətin üzvləri olan Telemitlər tərəfindən tez-tez istifadə edilirdi.
Ay başına dönüm əziyyət çəkib bu qədər yazmısan, canın çıxardı illüminatlara və digər simvollara da toxunsaydın, deyirsinizsə? Cavab: Bu məqalə "Horun Gözü"nü əhatə edir, ətraflı bir "Göz" məqaləsi ilə ürəklərə su səpərik. Dünyada o qədər göz var ki! Əlqərəz gözdən iraq olun. Hələlik! 😄
#Misir #misirmifologiyası #mifologiya #Hor #Horus #Haru #Osiris #Ra #Ranınqızı #RanınGözü #HorusunGözü #HorunGözü #Göz #Toth #heqat #ölçüvahidi #Uraeus #Vicdanıngözü #qartal #şahin #günəş #ay #Telema #Wadjet #kobra #Azerbaijan #Azərbaycan
Комментариев нет:
Отправить комментарий