суббота, 11 июля 2020 г.

Müharibə tanrısı ARES

   
    Salam dostlar, necəsiniz? Karantinadan istifadə edərək bolluca kitab oxuyuruq ki, hazır Hitlerin Generalları haqqında oxumuşkən, dünya müharibəsi mövzusunu dərindən hiss edərkən, dedim ki, bu səfər də elə mövzuya uyğun olan Ares haqqında yazım.
    Roma mifologiyasında Mars olaraq bilinən və adına dastanlar yazılan, eyni zamanda da çox sevilən bir tanrı, yunan mifologiyasında eyni rəğbətlə qarşılanmır. Onu da qeyd edim ki, yunan mifologiyasında isə adı Aresdir. Ares Zevslə Heranın oğludur, amma olmaz olsun belə oğul dedikləri bir övladdır. Zevsin konkret bu uşaqdan zəhləsi getsə də övladdır deyib, könülsüz də olsa kömək edir.
     Axı  bu yetim nə edir ki, bunu heç kim sevmir?
    Təsvirlərdə başında dəbilqə, əlində nizə, uzun boylu, yaraşıqlı, ancaq çox qəddar olan Ares müharibə tanrısıdır. Adının mənası isə "intiqam almaq" və "yox edici"dir. Bu tanrı oturduğu yerdə müharibə yaratmağı sevərmiş. Bu xarakterlə onu təkcə troyalılar və Amazonlar sevirdi. Amazonlar Aresin qızlarıdır. Bundan başqa Aresin yanında həmişə Eris və Fobos (qorxu) olardı. (Möhtəşəm 3-lü) Qan axıtmaqdan xoşu gələr və kim haqqlı, kim haqqsız fikir verməzdi. Homer ümumiyyətlə yuyub sərib yazığı. Dastanlarında onu azğın, dəli, uğursuz adlandırmışdır. İştirak etdiyi bütün döyüşlərdə qalib gəlib? Təbii ki, ögey bacısı Afina olan yerdə Ares kimdir deyə döyüş meydanında söz -söhbət gəzir. Bir neçə dəfə Afina ilə döyüşsə də həmişə uduzub. ( bıy boyunu yerə....ncncn) Hə bir dəfə də Herakla məğlub olub.
    Sən canı bə bu Afina ilə olan döyüşündən ətraflı hekayə yoxdurmu?
    Deməli, bir hadisə baş verir ki, ona ayrıca məqalə həsr edəcəyik, nəticədə Troya döyüşü baş verir. Hamının Aresdən bir də ona görə zəhləsi gedir ki, bədbəxt gedib, troyalılar tərəfdən döyüşür.(Boyy) Troya döyüşündə demək olar ki, bütün tanrılar iştirak edir. (Niyəki? Əfsanə içində əfsanə. O qalsın başqa bir vaxta) Apollon gəlib Aresə deyir ki, sən canı qan eləmə. Sən fərağat dur, bəs biz həll edəcik. Kirimişcə oturduğu yerdə bir də eşidir ki, paa sevgili yarı (Hefistosun qulağından iraq) Afrodita yaralanıb. Gözlərindən alov fışqıran Aresi saxlamaq olar? Nəysə müharibəyə qatılır və yunanlıları öldürməyə başlayır. Yunan tərəfindən də Afina müharibəyə qatılır və bu ikisi dalaşır elə bu anda başına daşla bir zərbə yeyib özündən gedir. Bir başqa mənbəyə görə isə burada Afina Diomedesin köməyindən istifadə edir. (Şəkildən hər şey məlumdur.) Qısaca Diomedes Aresi yaralayır və Ares suyu süzülmüş geri çəkilir. 

     Bir gün də  Aresin oğlu Kyknos, atasının şərəfinə kəllələrdən bir piramida düzəltdirib, başını da Heraklın kəlləsini qoymaqla tamamlamaq istəyib ( Ehh Ey quru kəllə...), bunu eşidən Ares oğluna kömək etmək istəyəndə gözünə döndüyüm Afina araya girir, belə ki, o da Herakla kömək edir, Kyknos öldürülür, oğlunun intiqamını almaq istəyən Ares də ayağından yaralanır. Mövzu da beləcə bağlanır.
    Poseydonun oğlanları tərəfindən əsir düşən Ares.
    Bu nə başlıqdır? Bu necə müharibə tanrısıdır ki, qapazaltı olub?
    Mövzu belə olub da, deməli, Poseydonun bir ölümlüdən doğulan oğlanları OTHOS və EPHİALTES Olimp tanrılarının arasına qəbul edilmirlər.(Mənbələr fərqli də qeyd edirlər. Bəzilərinə görə Geyanın övladıdır, bəzilərinə görə isə Divdilər.) Bunlar da eləmə tənbəllik götür tanrılara müharibə elan et, yerdəki böyük qayaları Olimpə tullamağa başlayırlar, bu bəs deyilmiş kimi ən gözəl ilahələri Afina və Heranı da istəyəndə Zevsin beyni çönür və Aresi döyüş arabasının üstündə onların üzərinə göndərir. Döyüşün qızğın anında bircə anlıq diqqəti yayılan Aresin başına daş dəyir və bədbəxt özündən gedir. ( Heç yeridi sən canı) və bu anda  olduqca məşhur bir hekayə olan, kitabı oxuyanda da kihanətin içərisində əks olunan bir hadisə baş verir. Düşmənləri tərəfindən tuncdan bir küpün içərisinə həps olunur, özüdə əlləri düyü liflərindən hazırlanmış iplə bağlı olur. Xəbərçi Hermesin tay baxmadığı deşik qalmır, axırda 13 ay küpün içində, ölümcül həddə çatan Aresi tapır və onu xilas edir. Təbii ki, bu müddət ərzində o iki divi tutub yaxşıca cəza verirlər. Beləki, Ölülər ölkəsində ilanlar tərəfindən sütunlara bağlanılırlar. İlanlar hər dəfə əzablar verən zəhərlərini bunların bədəninə axıdırlar, başlarına qonan bəyquşlar isə səs salıb, qısaca mazqilərini xarab edirlər.
    Aresi məhkəməyə verirlər. Areopagos -Ares təpəsi.
    Bir gün Aresi məhkəməyə çağırırlar. Günahı da o olur ki, Poseydonun oğlu Hallirrhotiosu öldürüb. Nəysə özünümüdafiə üçün Aresə söz verirlər. Ares də deyir ki, ay başınıza dönüm, deməli, mən bu təpəsinin ( eyni zamanda məhkəmə də burada gedir) ətəyinə enib, dincəlmək istəyəndə bir də gördüm ki, Aglaurosdan olan qızım Alkippeyə bu oğlan hücum edir, mənim də beynim çöndü və onu oradaca öldürdüm. 
 Məhkəmədə tək şahid qızı olduğuna görə Ares sərbəst buraxılır və o vaxtdan təpənin adı Areopagos yəni Ares təpəsi olaraq qalır. Qədim zamanlarda  yaralama, cinayət, oğurluq, dini məsələlərlə bağlı məhkəmələr bu təpədə keçirilirdi.

Qohumları:  

Bacıları Eileithyia ( doğum ilahəsi) və Hebe ( gənclik ilahəsi)

Ögey qardaş -bacıları:

Apollon və Artemida
Afina
Hermes
Dionis
Hefistos

    Deməli bunun bir də canıyanmış Afrodita ilə məşhur bir eşq macərası var, ancaq ona da ayrıca yazarıq. Oxun atıb yayını niyə gizlədirsiniz ki? Ona görə ki, indi övladlarının adını qeyd edəcəyik.
    Övladları Afroditadan doğulanlar: Deimos, Fobos, Enyo, Eris, Harmoniya.
    Bir də ölümlü qadınlardan doğulan uşaqları var: Kyknos, Lykaon, Diomedes. Qeyd edək ki, hər üçü Herakl tərəfindən öldürülüb.

    Bura bir dənə də Zevsin oğlu haqqında ürək sözlərini qeyd edək:
Ayağımın altında, belə ağlayıb, sızıldama, xain.
Olimpdəki tanrılar arasında, ən zəhləm gedən tanrı sənsən!
Hər gün müharibə, döyüş, yerə-göyə sığmayan huysuzluğun
anan Heradan mirasdır sənə.
Ona da sözüm keçir çətinliklə.
Onun məsləhətləriylə gəldi, başına bütün hadisələr
Ancaq bu qədər əzab yaşamağına ürəyim tab gətirmir, çünki mənim soyumdan gəlirsən
məndən doğurdu anan səni.
Bu xasiyyətlə başqa tanrıdan doğulmuş olsaydın əgər,
Uranoğullarından da aşağıda tapardın özünü.
Zevs, Ares belə ölməzdi, torpaq ataydın üstünə. :D

    Aresin simvolları:

NİZƏ, DƏBİLQƏ, DÖYÜŞ ARABASI, YANAN MƏŞƏL, DONUZ, KƏRKƏS, İT.


QEYD: Bəzi adlar orijinal qeyd edilib.
MƏNBƏ: Dünya mitolojisi, Mitoloji sözlüğü, Din ve mitoloji, Böyük dünya mitoloji ansiklopedisi.

#Yunanmifologiyası  #mifologiya  #müharibə  #döyüş #müharibətanrısı #tanrı #ilahə #Afina #Afrodita #Hermes #Apollon #tuncküp #Poseydon #Hera #Zevs  #Areopagostəpəsi #Amazon #Troyadöyüşü 

Комментариев нет:

Отправить комментарий