Rokurokubi yapon youkailərinin bir növüdür. Adi insan kimi görünsələr də insanlardan fərqlənən iki növləri vardır. Bunlardan biri Nukekubi, digəri isə Rokurokubidir. Belə ki, Nukekubi youkailərinin başları bədəndən ayrılıb, ətrafda gəzə bilir. Bu youkailər bəzən gecə qurbanlarına hücum edir və qanlarını içirlər. Və hekayələrdə o da qeyd olunur ki, əgər baş ətrafda gəzirsə və bu vaxt bədən tərpənirsə, baş yenidən bədənə birləşmir.
Rokurokubi isə baş boyundan başlayaraq uzanır və havada süzülür. Bədən tərpəndiyi halda geri qayıdır.
Edo dövründə "insanlar yatarkən boyunları uzanır" kimi əfsanələr yaranmağa başlamışdı ki, sonralar bu özünü "Buya Zokuda", "Kanden Koshitsu", "Yaso Kidan" kimi ədəbiyyatda əks olundu.
"Kasshi Yawa"da belə bir hekayə öz əksini tapmışdır. Belə ki, bir gün evin sahibi qulluqçusunun rokurokubi olduğuna şübhələnir və gecə hamı yatarkən səssizcə otağına gedərək onu izləməyə başlayır. Sonra görür ki, qızın sinəsindən yuxarı ağ bir şey çıxır və getdikcə qalınlaşır, diqqətlə baxanda görür ki, qulluqçunun boynu uzanır və baş da boyunla birlikdə yuxarı qalxır. Evin sahibi çox təəccüblənir və bəlkə də sahibin varlığını hiss edən qız ehmalca yatağında çönür və baş əvvəlki halına qayıdır. Qızın üzünün solğun olmasından başqa qeyri-adi heç nə olmur. Səhərisi gün sahib qızı evdən qovur və qulluqçu hara gedirsə, getsin özünə iş tapa bilmir.
"Kasshi Yawa"da və "Hokuso Sadan"da bədəndən çıxan ruhların boyun formasında olması psixoloji araşdırmalarda bir növ "ektoplazma" kimi şərh olunur.
Edo dövrünün sonlarında məşhur yazıçı Cippenşa İkku tərəfindən yazılan "Rekkoku Kaidan Kikigaki Zōshi" (列国 怪 談 聞 書 帖) adlı yomihonda (kitab) qeyd olunub ki, Rokurokubi insandır və ya mələzdir. Bir əfsanəyə görə Oyutsu adlı bir qadın, Enşodan Kaişin adlı bir rahiblə qaçır. Ancaq yolda Oyutsu xəstələnir və xəstəliyi müalicə etmək üçün kifayət qədər pulları olmur. Rahib də əlindəki pulu qıza xərcləmək istəmədiyi üçün Oyutsunu öldürür və onun da pullarını götürüb qaçır. Yoluna davam etmək üçün bir mehmanxanada dincəlmək qərarına gəlir. Gecəni mehmanxanaçının qızı ilə birlikdə keçirdir və yatdıqları yerdə qızın boynu uzanmağa başlayır, üzü Oyutsunun sifətinə bənzəyir və Rokurokubi rahibə onu öldürdüyünü deyir. Səhər açılan kimi etdiklərindən peşman olan rahib əməllərini mehmanxanaçıya danışır. Elə az aşın duzu olmayan mehmanxanaçı da vaxtı ilə arvadını puluna görə öldürür, ona görə də qızı Rokurokubiyə çevrilir. Bundan təsirlənən rahib geri qayıdaraq Oyutsuya bir məzar düzəltdirir və ömrünün sonuna qədər Oyutsunun ruhuna dua edir və hamıya bunun "Rokurokubi Kurqanı" (ろ く ろ 首 の 塚, Rokurokubi no Tsuka) olduğunu deyir.
Bəzi hekayələrdə Rokurokubinin youkai olmadığı, əslində anormal bədən quruluşuna sahib insanlar olduğu yazılır. Bu haqqda Ban Kokeinin "Kanden Kohitsu" adlı Edo dövründə yazılmış məqaləsinə göz ata bilərsiniz.
Bundan başqa Rokurokubiyə təkcə ədəbiyyatda deyil, yapon folklorunda da rast gələ bilərik. Məsələn Gifu prefekturasında insanlar bir ilanın rokurokubiyə çevrildiyini gördüklərini deyirdilər.
Onu qeyd edək ki, bu mövzu aktuallığını Bunka və Meyci dövründə də qoruyub saxlamışdır.
Rokurokubi klassik kaidanda (ruh nağılları) tez-tez youkai kimi təsvir olunsa da, bəzən sırf əyləncə xatiri üçün yaradıldığını da vurğulayırlar.
Bunu da yazaq ki, deyilənə görə Rokurokubi gündüzləri normal yemək yesə də, gecə lampa yağı yeyirlərmiş.
Qeyd: Bəzi adları orijinal saxlamışıq.
Mənbə: https://yokai.fandom.com/wiki/Rokurokubi
#mifologiya #yaponmifologiyası #yaponiya #folklor #Rokurokubi #Nukekubi #youkai #kaidan #Bunko #Meiiji #Meycidövrü #period #Edo #KasshiYawa #HokusoSadan #Cippenşaİkku #列国怪談聞書帖 #yomihon #Oyutsu #rahib #KandenKohitsu #iblis #mythology #japan #ARQONAVTLAR
Комментариев нет:
Отправить комментарий