понедельник, 24 августа 2020 г.

Harpiyalar (Yunan mifologiyası)


 Harpia, Harpy, Harpiyalar Yunan və Roma mifologiyasında bədəni quş, başı insan olan bir məxluqdur. Bu məxluqlar ümumiyyətlə tanrılar tərəfindən göndərilən və uşaqları, ruhları götürüb qaçan acgöz məxluqdurlar.

Harpiya qədim yunancada "Götürüb qaçmaq" mənasındakı "Harpazein" sözüylə əlaqəlidir. İlk yaradılışlarında gözəl simalı bir məxluq kimi təsvir edilməklərinə baxmayaraq, ildən-ilə soyuq simalı, kəskin caynaqlı, uzun saçlı, pis qoxulu qanadlara sahib canavarlara çevrildilər.

Harpiyalar div Thaumas ilə su pərisi Elektranın qızlarıdır. Mifologiyaya Aello (güclü yağış), Kelaeno (qasırğa diyarı), Okypete (sürətli uçan) adlı 3 Harpiya məlum idi. Erkən dövr yunan inancında külək ruhu olan Harpiyalar ölülərin ruhunu Hadesə/Aidə aparırdılar. Yenə inanclara görə Harpiyalar nəyə toxunsalar ondan pis qoxu gəlməyə başlayırdı. 

Rol aldıqları əfsanələr:

Frakiya (Trakya) kralı Phineus tanrıları təhqir edir. Nəticədə Zevs onu kor edir və heç vaxt yeyə bilməyəcəyi isveç stolu ilə dolu bir adaya həbs edir. Bəs niyə yeyə bilməyəcəyi? Çünki yeməyə başlayan kimi Harpyalar gəlib stolun üstündə kef çəkəcəkdilər. Digər yazarlar hələ əlavə də ediblər ki, yediklərini yeyirdilər, yemədiklərinin üzərinə də pis qoxu gəlməsi üçün bir maddə ifraz edirdilər. ( Heş zad)

Digər bir əfsanə isə Arqonavtlar ilə əlaqəlidir. Arqo dastanında onları xilas edən kralı, harpiyalardan xilas etməyə çalışan Boreasoğulları Kalais ilə Zetes harpiyaların arxalarınca düşürlər. Bu iki qardaş kralla şərt kəsir ki, ya harpiyaları öldürəcəklər, ya da özləri öləcəklər. Qaç-qovun sonunda harpiyalardan biri Harpys adını götürəcək bir çaya, 2-si isə Strophades adasına düşmüşdü. Ancaq İrida və ya Hermes bu oğlanların qarşısına çıxıb sən öl, mən öldən sonra Harpiyaları xilas edirlər, Harpiyalar da əvəzində kralı bir də narahat etməyəcəklərinə and içirlər.

Müasir zamanda Harpiya:

Orta əsrlərdə Harpiyalar hələ də mövcud idi. Belə ki, Dantenin "İlahi komediya"sında cəhənnəmdə Harpiyalar tərəfindən işgəncə olunan ruhlar təsvir olunmuşdur.

Gustave Dore "Cəhənnəm ağaclarında Harpiyalar". 1861-ci il

Şekspirin "Qasırğa" tamaşasında da Harpiyaları görə bilərik.

Harpy qartalı mifoloji heyvanın adını daşıyan həqiqi bir quşdur.


Bəzi gerblərdə də Harpiyanı görə bilərik.

Qeyd: Orjinal adları qeyd etmişik.

Mənbə: Dünya mitolojisi - Özhan Öztürk

https://en.wikipedia.org/wiki/Harpy

#Harpy #Harpia #Harpiyalar #yunanmifologiyası #romamifologiyası #mifologiya #Zevs #Thaumas #Elektra #İrida #Hermes #Aello #Kelaeno #Okypete #Hades #Aid #ruh  #Phineus  #isveçstolu #ada #gerb #Arqo #Arqonavtlar  #Dante #Şekspir 

воскресенье, 23 августа 2020 г.

Horusun Gözü (Misir mifologiyası)

     Salam əziz oxuyucular! Bugün sizlərə illüminatların simvolu kimi tanınan, əslində isə Misir mifologiyasının, xüsusilə də Horusun əsas simvollarından biri olan "Horun Gözü" haqqında məlumat vermək istəyirəm. Niyə Hor? Bəs axı yuxarıda Horus yazmısınız? Hor və ya Haru misirlilər tərəfindən, Horus isə yunanlılar tərəfindən işlədilən addır.

    Deməli Hor və ya Horus qartal başlı "Günəş Tanrısı"dır. Niyə qartal başlı? Çünki misirlilər düşünürdülər ki, qartalın gözləri çox kəskin olur və tanrı Horun da gözündən heç nə yayına bilməzdi. Məhz bu səbəblə də misirlilər bu gözü "Vicdanın gözü" ya da " Hər şeyi görən göz" kimi qəbul edirdilər. 24 saat açıq qalan və heç bağlanmayan, hər yeri nəzarətdə saxlayan göz kimi düşünürdülər. Günəş və Ay Horun gözləri idi, çünki gündüz günəş, gecə isə ay insanlara nəzarət edirdi. Bir tərəfdən də "Horun Göz"ü tanrının "Bir"liyini göstərən riyazi bir simvoldur. Bıy o necə olur? Deməli, bir bütöv 2-ə bölünəndə 1/2 əldə edilir. 2-yə bölünmə davam etdikcə də 1/4, 1/8, 1/16, 1/32, 1/64 əldə edilir. Bunların hamısını toplayanda 63/64 alınır. Nəticə: bir bütün 2-ə bölünməyə davam edərsə, cəmdə sonsuzluq xaric, heç vaxt birə, birliyə çatmır. Mütləq (Tanrı) birdir. "Horusun Gözü" isə "Gliflər" adlanan 6 hissədən ibarət olub, hər birinin də öz mənası vardır. Hissələr: 1/2, 1/4, 1/8, 1/16, 1/32, 1/64-dir.  Bu hissələrdən 5 dənəsi 5 duyğu üzvlərini göstərir.  Sadəcə 1/8 olan hissəsi düşüncəni təmsil edir. 1/32 olan hissə insanın tanrıya çatmaqda olan  əzablı yolunu əks etdirir. 1/64 olan hissə isə tanrının şəfqətini simvolizə edir.


    Horus adlı məqaləmizdə qeyd etmişdik ki, bəs Horus əmisi Seth ilə döyüşür və bu döyüşdə gözünün birini itirir. Hor məhv olan gözünün yerinə "Uraeus" adlı bir ilan taxır. Bəs gözü necə geri qaytarırlar? (İmplant edirlər 😂) Zarafat bir yana, gözün altındakı uzun xətt onu göstərir ki, Horus göz əməliyyatına girib, həmin xətt də əməliyyat kəsiyini göstərir. Bəs əməliyyatı hansı həkim edib? Əməliyyatı Toth edir. Belə ki, o, gözün hissələrini bir araya gətirsə də, əvvəlki kimi işləmədiyini anlayır, bu zaman ovsununun gücündən istifadə edərək gözün qüdrətini yenidən qaytarır. Sonra bu göz Hor tərəfindən Osirisə verilir. Niyə? Bu barədə "Osiris əfsanəsi" adlı məqaləmizdə bəhs edəcəyik.

    Qədim Misirdə "Horun Gözü" şəfa niyətinə də istifadə edilirdi. Çünki gözdən güclü bir enerjinin çıxdığına inanırdılar. Belə ki, gözlər ruhun xaricə açılan qapılarıdır. 

    Tək göz sonsuzluğun simvoludur. Qərbdə sağ göz günəşin, işığın, gələcəyin simvoludur, sol göz isə ayın, gecənin və keçmişin simvoludur. Şərqdə isə əksinədir. Horun gözləri tabutlara və sərdabələrə yerləşdirilirdi və bunun sayəsində də ruhlar, ölümdən sonrakı həyatda çətinlik çəkməyəcəkdilər.

    Bir də "Horun Gözü"nü misirlilər ölçü vahidi kimi də istifadə edirdilər. Belə ki, gözdə olan hər hissənin 1/2-dən 1/64-ə qədər dəyərləri mövcud idi. Bütöv gözə "Heqat" deyirdilər.

    Misir mifologiyasında göz simvolu 3 tanrıda özünü göstərir: Ra, Hor, Wadjet.

    "Ranın Gözü" daha çox insan xüsusiyyəti daşıyır və öz iradəsi var. Buna görə bəzən "Ranın qızı" olaraq da bilinir. Ra ona hörmət etməyənlərdən intiqam almaq üçün gözündən istifadə edirdi ki, bu da "Horun Gözü"ndən fərqli olduğunu göstərir. Bir fərqlilik də ondadır ki, "Ranın Gözü" qırmızı irislə təsvir edilir və ayrı-ayrı simvollarla beynimizi alt-üst edir. Ümumiyyətlə, ən çox bilinən simvol Ranın başının üstündəki günəşdən və onun ətrafındakı kobradan ibarətdir. Onu da qeyd edək ki, "Horun Gözü" olaraq qəbul etdiyimiz simvol, həm də "Ranın Gözü" olaraq bilinir. Çünki Sethlə döyüşdə Horun hansı gözündən məhrum olunduğu bilinmədiyinə görə, ikisini də öz aləmlərində birləşdiriblər. Bəzən günəşi Ranın gözü, Ayı isə Horun gözü kimi qəbul edirdilər.


Wadjet isə bu Ranın başının üstündəki günəş var ha, günəşin ətrafındakı ilan var ha bax özüdür ki, var. Buna görə kobrayla əlaqələndirilən göz Wadjetə aiddir. Bəzən Raya da məxsus olur. "Horun gözü"nə də hərdən "Wadjetin Gözü" deyirlər. (Tay noldu ey bı 😁😂😂)

"Horun Gözü" 1904-cü ildə Horus əsrinin başladığına inanan Telema adlı təriqətin üzvləri olan Telemitlər tərəfindən tez-tez istifadə edilirdi.

Ay başına dönüm əziyyət çəkib bu qədər yazmısan, canın çıxardı illüminatlara və digər simvollara da toxunsaydın, deyirsinizsə? Cavab: Bu məqalə "Horun Gözü"nü əhatə edir, ətraflı bir "Göz" məqaləsi ilə ürəklərə su səpərik. Dünyada o qədər göz var ki! Əlqərəz gözdən iraq olun. Hələlik! 😄

#Misir #misirmifologiyası #mifologiya #Hor #Horus #Haru #Osiris #Ra #Ranınqızı #RanınGözü #HorusunGözü #HorunGözü #Göz #Toth #heqat #ölçüvahidi #Uraeus #Vicdanıngözü #qartal #şahin #günəş #ay #Telema #Wadjet #kobra #Azerbaijan #Azərbaycan

среда, 19 августа 2020 г.

Dəfnə və Apollon ( Yunan mifologiyası)

    

Bu gün sizlərə şeirin, incəsənətin, musiqinin tanrısı Apollon ilə çay tanrısı Peneusun qızı Dafni arasındakı dillərə dastan olan hekayələrindən yazacağıq.

    Günlərin bir günü Apollon göydə gəzərkən özü kimi oxçu olan eşq tanrısı EROS ilə qarşılaşır. EROSun başı öz oxlarına qarışıb, bu dəm təzəcə bir əjdaha öldürən və qollarının altı qarpızlanan tanrımız Apollon dilini dinc qoymur və deyir: 

- Ey eşq tanrısı! Bu döyüş ləvazimatları sənin əlinə heç yaraşmır. Onları mənə versən, lazım olan yerdə yəni döyüşlərdə istifadə edərəm. Bilirsən də atdığım ox hədəfdən yayınmır və bu mövzuda məndən üstün heç kim yoxdur.

    EROS da bu təkəbbürlü qaqaşın sözlərinə çox əsəbləşir və deyir:

- Ey günəşin, musiqinin, oxun tanrısı güclü və ağıllı Apollon. Sözlərində həqiqət payı var. Əlbəttə ki, oxların hədəflərindən yayınmır, amma bir şeyi yaddan çıxardırsan. Mənim oxlarım da səni vura bilər. Niyə mənim işimi bu qədər alçaldırsan?

    Sözünü deyən kimi yerindən götürülən EROS and içir ki, bir gün bu dediklərini sənə yedizdirəcəm.

    Yenə gözəl günlərdən birində Apollon yaşıllıqlar içərisindəki sarayında oturaraq öz lirasını çalarkən, meşədə tək -tənha gəzən gözəllər gözəli pəri Dafnini görür və bir könüldən min könülə bu gözələ aşiq olur və başlayır Dafnini təqib etməyə. Ancaq onları izləyən başqa bir tanrı da var - EROS. Eşq tanrımız Eros bir ucu qızıldan, bir ucu qurğuşundan olan iki ox hazırlayır. Vaxtı gələn kimi qızıl uclu oxu Apollona ataraq ürəyindən vurur və Dəfnəyə dəli kimi aşiq olmasını təmin edir. Digər oxu isə Dəfnəyə atır və nəticədə qız Apollona nifrət edir. İndi burda başqa bir məsələ də var ki, bəzilərinə görə günah Erosda olmur, heç bədbəxtin bu temadan xəbəri də olmur.. Belə ki, Dəfnə doğulan gündən kişilərdən zəhləsi gedir və evlənməmək andı içir.   Əlqərəz hər iki halda Apollon hər gün öz sarayından aşağı enərək , gizlincə  Dafnini izləməyə başlayır. Apollonun demək olar ki, həyat marağı ölür, onu sadəcə Dafni maraqlandırır. Günlər beləcə keçir və Apollon artıq izləmək yox, ona qovuşmaq istəyir və öz-özünə deyir:

- Mən işığın və musiqinin tanrısı güclü, yaraşıqlı, qorxusuz Apollonam. Niyə çəkinirəm? Gedim meşənin gözəl qızı ilə danışım. Eşqindən dalğalanıb, coşan qəlbimin ağrı-acısını dindirim.


    Özünü cəsarətləndirdikdən sonra qəflətən Dafninin qarşısına çıxır və bundan qorxan qız qaçmağa başlayır. Apollon da Dafninin arxasınca qaçır, bir tərəfdən də öz eşqini dilə gətirirmiş.

-Dayan, qaçma məndən gözəllər gözəli pəri qızı. Mən Apollonam, günəşin, musiqinin, şeirin tanrısı. Sənin düşmənin deyiləm. Bu dünyada mənə aşiq olmayan bir canlı belə yoxdur, sən niyə məndən qaçırsan?

    Dəfnə də gözünə döndüyüm dayanmaq fikri yoxdur, eləcə qaçır. Əlacsız qalan Apollon da bunun arxasınca qaçır və deyir:

-Qaçma məndən ey gözəl. Mən işığın tanrısı olsam da, sənin eşqinlə gözlərim kor oldu. Ox tanrısıyam, ancaq qəlbimə sancılan bu eşq odunun dərmanı yoxdur. Qaçma, nə olar dayan, məni arxanca qaçmağa vadar edən sənin eşqindir, düşmənçilik deyil!

    Durmadan qaçan Dafni artıq yorulduğunu, taqətdən düşdüyünü, tanrının yandırıcı nəfəsini saçlarında hiss etməyə başlayanda ayaqları ilə yeri qazaraq bəzi mənbələrə görə atasından kömək istəyib, bəzilərinə görə isə torpaq anadan yəni Geyadan onu qorumağını, gizlətməyini istəyir və deyir:

-Ey torpaq ana! Məni ört, məni gizlət, məni qoru!

    Bu sözlərdən sonra ayaqlarının ağırlaşdığını, orqanlarının quruduğunu, ilahələri paxıllıqdan öldürən bədəninin  qabıqla örtüldüyünü, gözəl qoxulu saçlarının yarpaqlara çevrildiyini görür. İncə və nazik qolları uzanaraq budağa çevrilir və gözəl bir Dəfnə ağacına çevrilir.


    Gördüklərinin qarşısında heyrətdən donan Apollon ağacı qucaqlayaraq ağlamağa başlayır və saçlarının ətrini ciyərlərinə çəkərək deyir:

-Ey gözəllər gözəli, mən səni çox sevdim. Sən isə məni istəmədin və məndən qaçdın. Mən səni həyat yoldaşım edəcəkdim. Madam ki, mənim yoldaşım olmadın, bundan belə mənim şərəf ağacım olacaqsan. Bu gündən etibarən mən və bütün qəhrəmanlar başlarını sənin yarpaqlarından hörülü çələnglə bəzəyəcəklər. Ətirli saçlarından yaranan bu yarpaqlar yay və qış həmişə yaşıl qalacaq və mən onları başıma çələng edəcəm!

    Bu ürəkdən gələn səmimi sözlər qarşısında Dəfnə ağacına dönən Daphne Apollonun qarşısında hörmətlə əyilir. 

    Deyilənə görə bu əfsanə Antakyanın Harbiyəsində baş verib. Hətta Harbiyənin şəlaləri, Dəfnənin axıtdığı göz yaşları imiş!

#Mifologiya #YunanMifologiyası #Apollon #Daphni #Dəfnə #Dəfnəağacı #torpaqana #Geya #Peneus #çaytanrısı #tanrı #şeir #incəsənət #musiqi #ox #EROS #Gaia #Az'rbaycan #Az'rbaycandili #Azerbaijan.


пятница, 14 августа 2020 г.

İZANAMİ VƏ İZANAGİ ( Yapon mifologiyası)


Kobayashi Eitaku

    İzanami no mikoto 伊弉冉尊/伊邪那美命, İzanami no kami və  İzanagi no mikotoイザナギ, İzanagi no Okami Şintoizmə görə qaranlıq və dünyanın şəxsləşdirilmiş tanrı və ilahəsidir. Kocikiyə (Kociki - və ya Furukotofumi – Antik Yaponiya tarixi haqqında ən qədim yazılı mətn. Şintoizmin müqəddəs mətnlərindən biridir və 712-ci ildə tərtib edilib. )  görə  İzanami ilə İzanagi  7 tanrı nəslinin axırıncı tanrıları olaraq yaranırlar.

    İlk tanrılardan olan KunitokotachiAmenominakanushi kişi İzanagi ilə qadın İzanamiyə bir vəzifə verir, belə ki, onlar ilk torpağı yaratmalı idilər. Beləliklə iki tanrı Ama no Hashidate adlı cənnət körpüsündə ( bəzilərinə görə göyqurşağının üzərində) duraraq cəvahirətlə bəzədilmiş Amenonuhoko adlı nizələriylə okeanı qarışdırırlar. Nizənin ucundan düşən duz kristalından Onogoroshima adlı bir ada yaranır və iki tanrı bu adaya gələrək Ame-no-mihashira ("göy dirəyi" deyilən bir sütun ) sonra ətrafında Yahiro-dono adlı bir saray inşa edirlər və evlənirlər. İzanagi evlərini qurandan sonra İzanamiyə deyir: " Gəl ayrılaq və adamızı öyrənək. Sən bir tərəfə get, mən də digər tərəfə gedim, sonra görüşərik." İzanagi sarayın soluna, İzanami isə sağına gedərək adanın ətrafını gəzirlər və yenidən görüşəndə İzanami həyəcanla qışqırır : " Necə möhtəşəm bir kişiylə rastlaşdım." Əlqərəz bunların 2 uşaqları dünyaya gəlir, ancaq uşaqlar şikəst doğulur. Birinin adı Şintoizmdə tanrı Ebisu adı ilə tanınan Hiruko, digəri isə Awashima idi. İki tanrı onları görmək istəmir və bir qayığa qoyaraq okeanın sularına və talelərini küləklərin qərarına buraxırlar. Bu hadisədən sonra ər-arvad yenidən cənnətə gedib, yaşlı tanrılardan soruşurlar: " Niyə İzanaminin uşağı anormal doğuldu? Yenə belə bir hadisəylə qarşılaşmamaq üçün nə etməliyik?". Tanrılar da cavab verir: " İzanami anormal uşaq doğdu çünki öz yerini bilmirdi. Bir qadın əvvəlcə kişisinin danışmağına icazə verməlidir. Bu onun haqqıdır. Əgər əvvəlcə qadın danışsa, bu uğursuzluq yaradar. Sağlam uşaq istəyirsinizsə, hər şeyi yenidən başlayın. Adanıza qayıdın və əks istiqamətlərdə gedin, yenidən görüşün və bir-birinizi salamlayın." Tanrıların dedikləri kimi edən cütlük yenidən görüşəndə bu səfər İzanagi qışqırır : " Necə gözəl qadınla rastlaşdım." Beləliklə bu cütlüyün birləşməsindən Ōyashima ya da Yaponiyanın "böyük səkkiz ada"sı yarandı. 

Bunlar: Awaji, Iyo, Oki, Tsukushi, Iki, Tsushima, Sado, Yamato. Bunlardan başqa 6 ada və bir çox tanrı da doğulur. İzanami  uşağı Kagu-tsuchi (odun təcəssümü) və ya Ho-Musubi (yanğının səbəbkarı) dünyaya gətirərkən tənasül orqanında yanıqlar olur və İzanami ölür. Ölərkən də bədənindən axan sidikdən su ilahəsi Mitsu-ha-no-me, nəcisdən yer ilahəsi Hani-yama-hime və başqa tanrılar yaranır. İzanagi həyat yoldaşının ölümünə o qədər qəzəblənir ki, yeni doğulmuş uşağı öldürür və bundan da müxtəlif tanrılar yaranır. İzanagi yoldaşının nəşini Hiba dağına basdırır.  Ölən İzanamı Ölülər ölkəsi olan Yomi no kuniyə gedir. İzanagi yoldaşının həsrətinə dayana bilmir və onun arxasında Yomiyə yola düşür və İzanagini tapır və deyir: "İzanami, bura sənin üçün gəlmişəm, çünki səni sevirəm və sənsiz yaşaya bilmərəm." Bu sözlərdən məyus olan İzanami isə cavab verir: " Niyə bu qədər gec gəldin? Yominin aşını yedim, ona görə sənlə gələ bilməyəcəyəm. Əgər məni sevirsənsə, qoy qaranlıqlar bizim səadətimiz olsun, mənə baxma. Gəldiyin yolla da geri qayıt, çünki mənim ölməyim evliliyimizin sonu oldu." İzanagi həyat yoldaşını buraxmaq istəmirdi, ona görə gizlincə saçında gəzdirdiyi darağı çıxarıb, bir dişini sındırıb, ocaq qalayır və işığı yoldaşının üzünə tutur. İşıq İzanaminin bədəninə yayıldıqca İzanagi heyrətdən donur, çünki İzanaminin bədəni artıq çürüyür və bütün bədəni böcəklərlə doludur. İzanagi qorxur və qaçmağa başlayır. Bunu görə İzanami də deyir: "Niyə sənə dediyim kim etmədin? Məni utandırdın və buna görə səni cəzalandıracam." Elə bu qəzəblə Yakusa-no-ikazuchi-no-kami (Raijin-8 ildırım tanrısı) və shikomeu (pis kadınları) İzanagi-no-Mikotonu tutub, geri qaytarmaları üçün göndərir. İzanagi onların diqqətlərini yayındırmaq üçün saçındakı darağı çıxarıb tullayır ki, bundan üzüm və bambuk ağacları böyüyür. Qadınlar üzümləri yedikdən sonra yollarına davam edirlər, İzanagi yenə onları uzaqlaşdırmaq üçün yaxınlıqdakı ağacdan 3 dənə şaftalı götürüb arxaya tullayır və nəhayət Yomidən çıxır və girişi də böyük bir qayayla bağlayır. Bu İzanagi ilə İzanamini, eyniz zamanda Ölülər ölkəsi ilə yaşadığımız dünyanı birdəfəlik ayırır. Buna hirslənən İzanami içəridən qışqıraraq deyir: "Səndən intiqam almaq üçün hər gün 1000 nəfəri öldürəcəm." İzanagi də cavab verir: "O zaman mən də hər gün 1500 nəfərə həyat verəcəm." Onda İzanami deyir: "Həyat yoldaşım, mənim ölümümü qəbul etməlisən. Bir-birimizi çox sevdik, çoxlu tanrı və ilahələr yaratdıq. Bu bəs deyil? Mənim dünyadakı vaxtım dolub və geri qayıtmaq üçün gecdir. Gəl barışaq." İzanagi: "Yaxşı. Bilirəm ölülər ölkəsinə gəlmək mənim zəifliyim idi. Yomiyə gəlmək uğursuzluq gətirər. Evliliyimiz burda bitdi. Arzu etdiyin kimi  ölülər ölkəsində yaşamağına icazə verirəm. Öz dünyama qayıdıram və söz verirəm səni bir də narahat etməyəcəyəm."

    Bundan sonra İzanagi Yomiyə getdiyinə görə paklaşmaq və ilahi kirlilikdən azad olmaq üçün yuyunur və sol gözündən günəş tanrısı Amaterasu, sağ gözündən ay tanrısı Tsukiyomi, burnundan isə Susanoo doğulur.

    Nihon shokiyə (720-ci ildə yaranan və Antik Yaponiyanın tarixinə dair yazılmış ikinci ən qədim əsərdir.) görə isə İzanagi Awanagi-no-Mikoto (沫 蕩 尊) adlı bir tanrının övladıdır və ilk tanrı Kuninotokotachi-no-Mikotonun beşinci nəsli  olaraq təsvir edir. Bir də Amaterasu, Tsukiyomi və Susanoo İzanami ilə İzanaginin övladları olur.


    İzanami və İzanaginin vacib övlarından bəziləri:

OHO-WATA-TSU-MI ( dəniz tanrısı)

KUKU-NO-SHİ (ağacların tanrısı)

OHO-YAMA-TSU-Mİ ( dağların tanrısı)

    Əlavə:

    Deməli, yuxarıda qeyd etdik ki, şaftalını götürüb tullayır və onun sayəsində mağaradan çıxır. Nəysə hər şey öz axarına düşəndə İzanagi şaftalını müqəddəs bitki elan edir və canlıların dünyasında yetişdirilməsini təmin edir.

Qeyd: Bəzi adları çıxmaq şərtilə qalanlarını orijinal qeyd etmişik.

Mənbə: https://en.wikipedia.org/wiki/Izanagi

https://en.wikipedia.org/wiki/Izanami

https://az.wikipedia.org/wiki/Kociki

https://www.ancient.eu/Izanami_and_Izanagi/

"Dünya Mitolojisi" - Donna Rosenberg

"Dünya mitolojisi"- Özhan Öztürk

#İzanami #İzanagi #İlahə #Tanrı #mifologiya #Yaponmifologiyası #Yaponiya #Kociki #AmanoHashidate #Amenonuhoko #Onogoroshima #Amenomihashira #Yahirodono #Ebisu #Hiruko #Awashima #böyüksəkkizada #Ōyashima #Kagutsuchi #HoMusubi #Yominokuni #Hiba #shikomeu #bambuk #şaftalı #üzüm  #Amaterasu #Tsukiyomi #Susanoo #Nihonshoki


среда, 12 августа 2020 г.

İRİDA ( Yunan mifologiyası)

 

    Titanlar mələzləri təqib edəndən bəri, uşaqlar texnologiyadan istifadə edə bilmirlər. Ən yaxşı və təhlükəsiz mesaj yollamaq üsulu isə göyqurşağı yaradıb, bir sikkə atmaqla İris vasitəsilə mesajı istənilən tanrıya və ya mələzə göndərməkdir. Yaxşı bəs kimdir bu İrida?

    İrida yunan mifologiyasında Okeanusun soyundan gələn titan Thaumas ilə su pərisi Elektranın qızı olub, Arke ilə Aello, Celaeno və Okypete adlı Harpyaların da bacısıdır.

    İrida həm dəniz, həm də səma ilahəsidir. Bəzilərinə görə İrida göyqurşağının şəxsləşdirilmiş  halıdır, bəzilərinə görə isə ilahənin getdiyi yoldur. Fərziyyəyə görə öyqurşağı səma ilə yer arasında yarandığına görə İrida İda və Olimp dağları arasında tanrılardan tanrılara və ya insanlara xəbər çatdırırmış.

    İliadaya görə Hektor tərəfindən öldürülən Patraklosun cəsədini yandıran Axilles alovun qığılcımlarının zəif olduğunu görüb, İridaya dua edir və ilahəmiz də külək tanrısı Zefirin yanına gedərək küləyin əsməsinə səbəbkar olur.

    Bir başqa dedi-qoduya əsasən Zevs bir gün dəniz ilahəsi Thetisi görmək istəyir və nəticədə İrida Okeanusun dərin dalğalarına dalaraq Thetisi tapıb Zevsin mesajını çatdırır.

    Təsvirlərdə gözəl bakirə qadın olan, kürəyində qanadları, əlində dolça tutan İrida yenə bəzilərinə görə Heranın assistenti imiş ;)

    Yaddan çıxmamış onu da əlavə edək ki, əlindəki dolça ilə tanrılara tez -tez nektar daşıyırmış.

    Hə bir də bu canı yanmış müharibədə yaralanan Afroditaya kömək edib və xəbərçi ilahəmiz Sparta kralı Melenausa arvadı Yelenanın Parislə birgə qaçdığını demişdi .

    Qeyd: Adların bəzilərini orijinal olaraq qeyd etmişik.

#İris #İrida #yunanmifologiyası #mifologiya #zevs #xəbər #okeanus #olimp

воскресенье, 9 августа 2020 г.

Koreya Mifologiyasına Giriş

    "Artıq əlində mifologiyanın açarı var. Ruhun bütün qapılarını açmaqda azadsan." JUNG

     Koreya mifologiyası ümumiyyətlə beynəlxalq əfsanələrdən və yerli xalq hekayələrindən ibarətdir. Belə ki, bu hekayələrin kökündə Şaman dini, Buddizm, Çin mifologiyası, Konfutsi və Taoizm əfsanə və mifləri dayanır. Məsələn: Qoqurya kralı Zu Mong Go, yunanlı qəhrəman Perseusun əfsanəsindən qidalanıb. 

    Koreya mifologiyası iki fərqli korpusa bölünür: ənənəvi tarixlərdə yazılmış ədəbi mifologiya və şifahi mifologiya. Şifahi mifologiya tanrıları çağıran rituallarda şamanların səsləndirdiyi rəvayətlərdir. Bu gün də müqəddəs hesab olunur. Ədəbi miflərdən fərqli olaraq, şaman mifologiyası genişlənməyə qadir olan canlı bir ənənəni təmsil edir.

    Ədəbi mifologiyanın əsas hissəsini təmsil edən dövlət təməl mifləri Koreya mətnlərində Samquk sagi və Samguk yusa, Jewang ungi, Eungje siju və Dongguk tonggam kimi klassik Çin dilində tarixləşdirilmiş formada qorunur. Bir neçə qədim Çin mətnləri də miflər üçün vacib çağdaş mənbələrdir; bunlara yalnız Üç Krallığın Üçüncü Əsr Qeydləri və VI əsrlik Wei Kitabı kimi rəsmi sülalə tarixi deyil, e.ə. 80-ci ildə yazılmış Lunheng kimi daha ümumi mətnlər də daxildir. Goguryeo xalqının  Krallığın təməl mifini izah edən beş Çin dilində daş kitabələr də var. Beşinin ən qədimi 414-cü ildə qoyulmuş Gwanggaeto Stele (daş kitabə)-dir.

     Əfsanələr bölgədən -bölgəyə fərqlilik göstərir. Məsələn: məşhur Jeju adasındakı həyat tərzi digər bölgələrə nisbətdə çox fərqlidir və bu fərqlilik özünü əfsanələrdə də biruzə verir. 

    Şaman dini, animizm, muism Koreya insanının din həyatının əsas qaynaqlarıdır. Koreya tarixinə nəzər salanda görürük ki, Şaman dini daha geniş yayılmışdı. Buna səbəb kimi də Koreyanın Baekje, Silla və Qoquryo kimi ərazilərə bölünməsi idi və miflər də bu ərazilərə görə formalaşmışdı. Bunun nəticəsində də bir çox əfsanələr dəyişdi və yaxud digərlərinə qarışdı.  Şamanizm təbiət sənətinin bir növüdür. Koreyada insanlar bədənlərinin və ruhlarının təbii hadisələrdən yəni günəş, ay, ulduz, yağış kimi şeylərdən formalaşdığını düşünürdülər. Bir də bütün bunların üzərində "Hanunim" adı verilən bir varlığa inanırdılar. İki sözdən ibarət olan Hanunimin mənası " Cənnət və Hakim" və ya " Cənnətin Tanrısı/ Hakimi" idi. Xalq bunu ilk kralı Dangun simasında görürdü. 

      Üç Krallıq zamanında Sanshin, Bonhyasin və generallara Tanrı olaraq ibadət etməyə başlanılmışdı və nəticədə bir çox mif və əfsanələr yaranmışdı. Bu dövrdə yaranan əfsanələrə danışan heyvanları da  əlavə etmək lazımdır. Onu da qeyd edək ki, Üç Krallıq dövründə insanlar cənnət və cəhənnəmə deyil ,  " Sonrakı həyata" inanırdılar.

    Şamanizm  yer altı dini kimi qəbul edilirdi ki, bunda da miflərin öz təsiri vardır. Belə ki, Şamanizmin başlanğıcında kişilər quş, qadınlar isə balıq və ya su kimi düşünülürdü. Məsələn ilk ilahə Yuhwa bir su pərisi idi.

    Kosmologiya (Kainat Elmi)

    Yeni dinlərin ölkədə yayılması ilə Koreya Kosmologiyası da dəyişməyə başladı və mifologiyada görünən ərazi fərqlilikləri yoxa çıxıb, vahid və böyük bir mifologiyanı yaratdı. 

    372-ci ildə Buddizm yayılmağa başladı və Şamanizmlə uyğunlaşdı.Bu dinin yayılması ilə artıq insanlarda cənnət və cəhənnəm anlayışı və bunlardan da fərqli dini inanclar formalaşdı. İnsanların həyatında digər aləmlər yarandı. Bu aləmlər indi Iseung, YongwanggukJeoseung adlanır. Digər iki səltənət isə qeyri-müəyyəndir; Göydə yerləşən Okhwang və yeraltı yerdə yerləşən Jihaguk

    Koreyada fani dünya İseung adlanırdı. Bura Gashin və ya ev tanrıları, bir çox Bonhyangshin (kənd tanrıları)Josangshin (əcdad tanrıları), eləcə də Sanshin "dağ tanrıları" nın evi idi. Mongdal (subay kişinin ruhları)Songaxi (subay qadının ruhları) kimi pis ruhlar (Gwishin) köhnə alətlərin hiyləgər ruhları Dokkaebi kimi bu aləmə yerləşmişdilər. Bəzi tanrılar müntəzəm olaraq məskunlaşdıqları yerlərdən Iseunga keçdilər; bunlar elçi tanrıları olan Chasalar idi. 

Yongwangguk- Dəniz altı krallığıdır. Bura  Yongwang tərəfindən işğal edilmişdir. Okeanın beş tanrısı: şərqdən Gwangdeok, cənubdan Gwangli, qərbdən Gwangtaek və şimaldan Gwangyeon

    Jeoseung Yer altı krallığıdır və  Yeoldaewang tərəfindən idarə

 olunur.  Yeoldaewang fərqli cəzalar tətbiq edir; Jingang günahkarları parçalayır, Sogan günahkarları bir dəmir qazanda yandırır, Songye günahkarları qamçılayır və sürgün edir və Ogan  günahkarları buzlu səltənətindən çılpaq keçirdir. Yeomyeo, faizlə pul qazananların dilini qopardır. Bingshin günahkarları kərtənkələ, hörümçək və ilanlarla dolu bir çuxura atır, Taesan günahkarların ətini bir anbarda üyüdür və Paengdeung günahkarları mişarla parçalayır. Paengdeung səltənətində ölənlər on iki heyvana (yırtıcı) reinkarnasiya olur. Doshi günahkarları soyundurur, onları ağaca asır və amansızcasına vurur və Yeolsi müqəddəsləri Mt.Seokhyo bölgəsindəki Sang kəndinə göndərir və günahkarları işığı olmayan qaranlıq bir aləmə göndərir.

    Səma tanrılarının məskəni olan Okhwang və yer allahlarının məskəni olan Jiha haqqında da qeyri-müəyyənlik var. (Özləri də qarışdırırlar artıq) Okhwang'da Cheonha adlı bir saray var; Jihada çoxlu canavar, qadın tanrı və şam ağacları var.

    Axırıncı krallıq qaranlıq bir aləmdir. Belə ki, burda işıq yoxdur. Budiyarın kralı çox böyük iti Bulgaeyini günəşi və ayı gətirməsi üçünyollayır. Bulgae günəşi və ayı dişləyərkən çox isti/çox soyuq olduğunu görüb öz ölkələrinə qaçır.  Bulgae günəşi dişləyəndə günəş tutulması, ayı dişləyəndə isə ay tutulması baş verərmiş.

    Yuxarıda da qeyd etdiyimiz kimi Koreyada bəzi mifologiyaların qəhrəmanları eyni olsa da, fərqli bölgələrdə yarandığına görə əfsanələri də fərqlidir. Belə ki,  Changamjedəki Mireuk və Chogamjedəki Dosu Munjang hər ikisi yaradıcı tanrıdır, amma mifləri tamamilə fərqlidir. Changsega-da Mireuk dünyanı və içindəki hər şeyi yaradır, Chogamje-də Dosu Munjang yalnız dünyanı, günəşləri və ayları yaradır. Koreyada miflər iki günəş və ayın hər birini məhv edən Mireuk (Şimali Koreya), Humun qardaşları (Mərkəzi Koreya) və ya Daebyeol (Cənubi Koreya) haqqında danışırlar. Onları fərqli mif kimi təsnif etmək çətindir. 

    Əksinə, oxşar süjetli, lakin personajların  fərqli olduğu miflər də var. Məsələn, Danggeum Aegi və Hyeongbul qardaşları (şimal və mərkəzi Koreya) və Kraliça Nogadanpungjajimyeong və Chogong qardaşlarının (Cənubi Koreya) mifi təxminən eyni süjetə malikdir.

Koreyada yaradılışla bağlı 3 əfsanə bu günə qədər gəlib çıxmışdır. Bunlar: Changsega Hamheung, Seul Sirumal və Jeju Adası Cheonjiwang Bonpuli.

Qeyd: Bəzilərini çıxmaq şərtilə digər adlar orijinal qeyd etmişik.

Mənbə: 

Arama Sonuçları

Web sonuçlar

Founding Myth(建国神话)

Korean Mythology - Cosmology

#Koreya #korea #mifologiya #koreyamifologiyası #koreanmyth #hangeul #Samquksagi  #Samgukyusa #Wei #Lunheng #Goguryeo #GwanggaetoStele #Hanunim #Dangun #Yuhwa #Şamanizm #Sanshin #Bonhyasin #Iseung #Yongwangguk  #Jeoseung #Okhwang #Jihaguk #Bulgae #ChangsegaHamheung #SeulSirumal  #JejuAdası #CheonjiwangBonpuli

среда, 5 августа 2020 г.

DAĞ VƏ BULUD


    Dağla Bulud bir-birinə aşiq idilər. Bunlar bir gün də ayrı dolana bilmirdilər. Onda Dağ çox alçaq idi. Bulud gah ucalır, gah da sevgilisi Dağın yanına enirdi. Ancaq Buludun ağası Göy bu məhəbbətdən narazı idi. O, öz nökərini hara gəldi qovmağa öyrənmişdi. Amma indi Buludun Dağın ətrafında hərlənməsindən acığı gəlirdi. Buna görə də Buludu bir gün uzaq səfərə göndərdi. Günlər keçir, Dağ darıxır, Buludu görmək üçün boylanırdı. Bulud isə görünmürdü. Sevgilisini görmək həsrəti ilə Dağ gündəngünə yüksəlir, daha uzaqlara baxırdı. Bir gün Dağ Buludu uzaqda gördü. Yenə mahnı oxumağa başladı. Bu mahnıda əvvəlki kimi şadlıq yox idi. Dağ inildəyirdi. Bulud mahnını eşidən kimi tələsik sevgilisinin yanına uçdu. Onlar yenə qol-boyun oldular. Göygözlü Göy bunu görən kimi odlu qırmancını işə salaraq sevgililəri döyməyə başladı. Buna dözməyən Bulud göz yaşı tökdü. Ağlaya-ağlaya çəkilib getməyə məcbur oldu. O vaxtdan Dağ mahnı oxuyan kimi, Bulud harda olsa uçub onun yanında gəlir. Lakin Göy qırmancı işə salır. Bu zaman Bulud Dağın döyülməsinə tab gətirməyərək çıxıb gedir, ya da göz yaşları tökür.

Mənbə: Avtandil Ağbaba "Mifologiya"

#Azərbaycanmifologiyası #mifologiya #dağ #bulud #göy

воскресенье, 2 августа 2020 г.

Odin


    Odin ( qədim Nors dilində Óðinn , german dilində Woden)  german-skandinav mifologiyasında iki əsas tanrı cəmiyyətlərindən birinə AESİRƏ nəzarət edən, digər tanrıların və hamının atası, ilham pərisinin, ovsunun tanrısı, döyüşçülərin generalı və qoruyucusudur. Odinin yoldaşı, doğulan və doğulacaq hər insanın taleyini bilən ana ilahə -Friggdir. Digər tanrı və ilahələr Odinin uşaqları kimi qəbul edilir. Bunlardan ilki və vacibi döyüşçü Thordur. Digər oğlanları: Bragi, Hod, Hermond, Baldr- bunların anası Friggdir. Bir də div qadın Qriddən  Vidar adlı bir uşağı var. Rinddən isə Vali adlı oğlu var. Ragnarok günü çatanda kihanətə görə Fenrir Odini öldürəcəkdir. 

    Odinin Asgardda yaşadığı evin adı Valaskialfdır və evində Hlidskialf adında bir taxtdı var ki, burdan bütün Doqquz Diyara nəzarət edir. Huginn (düşüncə) və Muninn (yaddaş) adında iki qarğası var və bunlar dünyada nə baş verirsə hamısını Odinə danışırlar. ( Vikingdə şahid olduğumuz kimi) Bundan başqa yanında iki dənə də canavar: Freki ( yırtıcı) və Geri ( acgözlü) var. 

    Bu arada Odin istədiyi vaxt qartala çevrilirdi. Belə bir əfsanə də var ki, Odin dillərə dastan bal şərabını Suttungdan oğurlamaq istəyir. Belə ki, Odin, divin qızının könlünü alır (yaramaz) və qız da icazə verir ki, o baldan bir az içsin. Gözünə döndüyüm Odin 3 qurtumda qazanı boşaldır və qartala çevrilərək aradan çıxır. Suttung bunu bilir və o da qartal licminə bürünərək Odinin arxasınca düşür, elə tutmağına az qalmış Aesirdəki tanrılar səmadakı Tom Kruzlu əkşııın səhnəsini görürlər və eyvana nə ki qab-qacaq, qazan, çömçə varsa yığırlar və iyrənc bir hadisə Odin içdiyi bal şərabını qaytarır. Beləliklə də şair olmaq istəyənlərə paylanılacaq günə qədər bal şərabı, Aesir sarayında saxlanılır. Bu hadisədən sonra şeir sənətinə  "Odinin kəşfi" və ya " Odinin içkisi" deyilirdi. Hətta bu hekayə ilə əlaqəli olan və Odini göstərən 3 buynuz, 3 qurtumda içdiyi şərabla əlaqələndirilir. ( "Bal şərabı"məqaləmizə göz gəzdirə bilərsiniz)

    Bir əlavə də yazaq ki, hərkəsin atası olan Odin, Ask və Emblanı yəni Adəm və Həvvanı yaratmışdır.

    Birdən çox adı ola Odinin deyilənə görə 200 dənədir. Bunlardan bəziləri: 
Alföðr (Hər şeyin atası), Valföðr  (Öldürülmüşlərin atası), Hangaguð  (Asılmışların atası), Haptaguð  (Əsirlərin tanrısı), Farmaguð  (Yüklərin tanrısı), Baleyg (alov gözlü), Har (ulu), Herjan (müharibə tanrısı), Thridi (üçüncü) Ygg (qorxunc) və s.
    Bunu da bilirik ki, Odin Ragnarok günü üçün döyüşçü toplayır və bunu Valkyriləri (məqaləsinə göz gəzdirə bilərsiniz) ilə həyata keçirdir, belə ki, qəhrəmanca döyüşənləri Valkirelər Valhallaya aparır. ( Serialda kral deyir: Siz ananızın qarnından bir fikirlə doğulursunuz. Necə edək ölək ki, Valhallaya gedək.) 
    Niyə Odinin bir gözü var?
    Odin heç bitməyəcək bir müdriklik axtarışındadır. Həyata aid bütün sirrləri öyrənmək istəyirdi. Hətta runları (əlifbadır) kəşf etmək üçün nizəsi ilə özünü yaralayıb, 9 gün, 9 gecə heç nə yeməmişdi və özünü  İqdrasilin budaqlarından başı aşağı asmışdı. Run əlifbasını da elə bu ağacın budağından hazırlamışdı.

    Bir gün Odin İqdrasilin kök hissəsində olan Mimisbrunnra (Mimirin quyusu) gedib, quyudan çıxan suyu içmək qərarına gəlir. Oralarda da belə söz-söhbət var ki, bəs kim bu quyudan su içsə, müdrikliyi əldə edəcəkmiş. Odin Mimirdən icazə istəyir,ancaq quyunun qoruyucusu olan Mimir də "sudan içməzdən əvvəl nəyisə qurban etməlisən" cavabını verir. Bundan sonra Odin gözlərindən birini çıxarıb, quyuya tullayır, Mimir də əlindəki buynuzu quyunun suyu ilə doldurub, Odinə verir. Beləliklə Odin, axtardığı müdrikliyə bir gözünü qurban verməklə nail olur.

    Simvolları:
    Hədəfindən yayınmayan nizəsi Gungnir. Cırtdan Dvali tərəfindən düzəldilib. Aesirin xəzinələrindən sayılır.
    Hər 9-cu gecədə yeni 8 üzüyünü dünyaya gətirən üzük Draupnir.
    8 ayaqlı atı Sleipnir. (Lokinin uşaqlarından biridir)

    ƏLAVƏ MƏLUMATLAR:

    Odin məbədlərində insan qurban edilirdi.

    İngilis dilindəki "Wednesday" (Çərşənbə günü) "Woden's Day" (Odinin günü) deməkdir.

Qeyd: Adların bir çoxunu orijinal halda qeyd etmişik.
Mənbə: Vikipediya, Geekstra.com

#Odin #germanskandinavmifologiyası #mifologiya #WodensDay #Draupnir #Sleipnir #Gungnir #Mimir #YGGDRASIL #Frigg #Thor #Fenrir #Runəlifbası #AskEmbla #Balşərabı #Valhalla #Valkyrie #Suttung 

суббота, 1 августа 2020 г.

Alkonost

  

ALKONOST - Rus xalq nağıllarında və əfsanələrində rastlaşdığımız insan simalı, yarı quş, yarı insan olan bir məxluqdur.Cənnət quşu olub, dişi iblis və ya siren olaraq təsvir edilir. 
    Alkonost Ölülər diyarında RAİ-də yaşayır və bura gələn lənətlənmiş günahkarlara dayanmadan dözülməz mahnılar oxuyaraq əzab verirlər.
    Alkonostlar dəniz kənarında yumurtlayır və yumurtalarını suya qoyduqdan 6-7 ay sonra yumurtadan çıxan cücələr qasırğa məxluqlarına çevrilirlər.
    Bəzi mütəxəssislərin fikrincə bu mifik məxluq Fars mədəniyyətindən bəhrələnib.


Mənbə: "Dünya mitolojisi" Özhan Öztürk


#Rusiya #əfsanə #Alkonost #RAİ #rusmifologiyası  #mifologiya #arqonavtlar #komandoleo #qısamifikhekayə 

YALAN VƏ HƏQİQƏT

Jean Leon Gerome "Quyudan Çıxan Həqiqət"

    XIX əsr əfsanəsinə görə yalan və həqiqət bir gün görüşürlər. Yalan düz danışır və  "Bu gün hava çox gözəldir" deyir. Həqiqət də təəccüblənir, amma başını qaldırıb səmaya baxır və yalanın düz danışmasına heyrətlənir. Çünki hava çox gözəldir, günəş isə möhtəşəmdir. Bir quyunun qarşısına gələnə qədər xeyli vaxt keçirdirlər və bu vaxt ərzində Yalan hər zaman düz danışır.
Yalan: "su çox gözəldir, gəl birlikdə çimək!" deyir. Həqiqət yenə şüphəylə yanaşır və əlini suya vurur və görür ki, su həqiqətən çox gözəldir. Ona inanıb soyunur və üzməyə başlayırlar. Yalan qəflətən sudan çıxaraq həqiqətin paltarlarını geyinib, yoxa çıxır. Qəzəbli həqiqət, quyudan çıxır və yalanı tapmaq, paltarlarını almaq üçün hər yeri axtarmağa başlayır. Dünyada çılpaq həqiqəti görənlər onu xor görür və ona nifrətlə baxırdılar. Yazıq həqiqət quyuya  qayıdır və sonsuza qədər yoxa çıxır. O vaxtdan bəri yalan, dünyanın hər yerində həqiqət kimi geyinir və aramızda yaşayır. Dünya isə heç cürə çılpaq həqiqəti görmək istəmir.

#Mifologiya #əfsanə #qısamifikəfsanə #yalan #həqiqət