Salamlar, ümid edirik bu karantina günlərində hamı yaxşıdır. Bu gün sizlərə artıq mövsümü olan bir meyvə daha dəqiq Tut ağacının mifik hekayəsini təqdim etmək istəyirik. Bu meyvə dünya xalqlarının mifologiyalarında özünəməxsus hekayəsi ilə yadda qalıb. Təbii ki, bunların hamısını bir məqalədə olmasa da ayrı-ayrı məqalələrdə yazacağıq. Bu gün isə Yunan mifologiyasındakı kədərli hekayəsinə nəzər salaq.
Qədim zamanlarda biri-birini çox sevən iki gənc var imiş. Qızın adı Thispe, oğlanın adı isə Pyramus idi. Bu gənclər uşaqlıqdan bir-birilərini sevsələr də valideynləri onların birləşməyinə narazı imiş. Biri deyir: "qızın oğlumun tayı deyil", o biri deyir: "oğlun qızımın tayı deyil". Əlqərəz bunların eşqi də Leyli Məcnunu qısqandıracaq dərəcədədir haaaa. Bu ikili ayrı qala bilmirdilər və qonşu olduqlarına görə çəpərdə balaca oyuq açıb, bir-biriləri ilə gecələr söhbət edib, eşqlərini dilə gətirirdilər. Yenə gizlincə görüşdükləri gün qərara gəlirlər ki, səhərisi gün meşədəki tut ağacının altında görüşüb, qaçsınlar. Qızımız yəni Thispe, oğlandan əvvəl çatır və tut ağacının altında oturub gözləyir. Elə bu vaxt şikarını yeyən, ağzından qan axan aslanın gəldiyini görən Thispe, cəld mağaraya qaçıb gizlənir. Qaçarkən də boğazındakı şərf düşür yerə. Elə üstündən çox keçmir ki, Pyramus gəlir, amma gördüyü mənzərə qarşısında donur. Dəli kimi sevdiyi qızın şərfi aslanın ağzında və şərfdən qan damcıllayır. Bizim ağlımıza gələn, onun da ağlına gəlir. Bəli, elə zənn edir ki, aslan Thispeni yeyib. Buna dözə bilmir və xəncəri çıxarıb, ürəyinə sancır. Mağarada gözləməkdən yorulan Thispe, qorxa-qorxa mağaradan çıxıb, ağaca tərəf gələrkən sevgilisini ölmüş vəziyyətdə tapır. Əvvəlcə nə baş verdiyini anlamır. Ağlamaqdan bir təhər olan qız, şərfinin yarısının Pyramusun əlində, yarısının isə öz yuvasına gedən aslanın ağzında görəndə hər şeyi başa düşür və xəncəri götürüb, o da ürəyinə sancır ki, sevgilisinə qovuşsun. Elə bu anda tanrılar, bu eşqi ölümsüzləşdirmək istəyiblər və altında canlarını fəda etdikləri ağacı, bu ikiliyə həsr ediblər. Belə ki, Pyramusun qanını ağacın meyvəsinə, Thispenin gözyaşlarını isə ağacın yarpaqlarına çeviriblər.
O gündən bəri qara tutun çıxmayan ləkəsini yəni Pyramusun qanını, ağacın yarpaqları yəni Thispenin göz yaşları təmizləyir.
Qeyd: Orijinal adlardan istifadə etmişik.
#Tut #tutağacı #ağac #Thispe #Pyramus #aslan #eşq #qovuşmayanaşiqlər #tanrı #tutağacınınmifikhekayəsi #yunan #mifologiya
Комментариев нет:
Отправить комментарий