вторник, 9 июня 2020 г.

Herakl

 
Yunan mifologiyasında Herakl, Roma mifologiyasında isə "Herkül", "Hercules" olan qəhrəman, Zevs ilə Alkmenenin oğludur. Təsvirlərdə Aslan dərisi geyinən və əlində dəyənək olan Heraklın gücü bütün ellərə məlumdur. Onu da yazaq ki, ən məşhur Yunan qəhrəmanlarından biridir. Bütün gücünü, "ölkəsini insanların rahat yaşayacağı təhlükəsiz bir yerə çevirmək" üçün sərf etmişdir. "Heraklidlər" adı verilən qəbilənin atası olan Herakl, təbiət ilə mübarizə aparan insanoğlunun güc və bacarığının fərdiləşdirilmiş halıdır.

HERAKL KİMDİR?

Zevs həmişəki kimi eşqə düşür, kimə? Amphitryonun yoldaşı Alkmeneyə ( pay atonnan haa) Deməli, Alkmeneyə sahib olmaq istəyən Zevs, nə edim? necə edim? deyə fikirləşərkən, Teleboialılara hücum planlayan Thebalili General Amphitryonun evdən gedişindən xəbər tutur. Bu fürsət qaçarmı? Təbii ki, yox! Gözünə döndüyüm Zevs, generalın licminə girir və Alkmeneyə sahib olur. Səhər evə qayıdan Generalla da bir yerdə olan Alkmene hamilə qalır və bətnində həm Zevsin, həm də Amphitryonun uşağını daşıyır. Əlqərəz, bu uşaqlar dünyaya gəlir. Vəziyyətdən xəbəri olan Amphitryon, yoldaşını diri-diri yandırmaq üçün bir tonqal hazırlayır, amma Zevsin göndərdiyi yağış buludu alovu söndürəndə Amphitryon həqiqəti dərk edir və Zevsin oğlunu da öz oğlu kimi böyüdür. Zevsin oğlunun adı Alkeus, Amphitryonun oğlunun adı isə İphiklesdir.


Zevsi çiçəyə belə qısqanan Hera, buna necə göz yumdu?

Baaaa heç göz yumar? Xatırlayırsınızsa "Hekatenin heyvanları" adlı məqaləmizdə porsuq heyvanı haqqında danışmışdıq. Birinci mərhələni qısa olaraq ordan oxuya bilərsiniz. Bu qədər işdən sonra Heraklın doğulmağı Heraya bir təhqir kimi idi. Bir də "Prometey" məqaləsində yazmışdıq ki, bir kihanətə görə Zevsin bir uşağı onu taxtdan edəcək və Heraya görə bu, Herakl idi. Məhz ona görə, əlini çırmalayıb başlayır işləməyə. Zevs də "necə edim ki, elə uşaq doğulan kimi ölməsin" deyə düşünür və elə o dəqiqə ağlına Hermes gəlir. Deməli, Hermes körpə Heraklı yatan Heranın sinəsinə qoyur və körpə Heranın südünü əmir. Oyanıb bunu görən Hera, uşağı bir kənara tullayır və elə bu zaman ağzından südü qaytaran Herakl, süd yolunun yaranmasına vəsilə olur. Bundan başqa, Herakl artıq ölümsüz olmuşdur. Heranın ikinci cəhdi Herakl 8 aylıq ikən baş verir. Belə ki, uşağı sancması üçün iki ilan göndərir, ilanları görən İphikles ağlayır, Herakl da bunu eşidib oyanır və ilanları boğur. Elə bu zaman Amphitryon uşaqlardan hansının tanrı, hansının öz oğlu olduğunu anlayır. Hera qalsın burda, görək bu uşaqlar necə böyüyürlər? Deməli, Amphitryon uşaqları üçün Linosdan musiqi və ədəbiyyat müəllimi gətizdirir, uşaqlar da bu dərsləri öyrənirdilər. Lakin dəcəl Heraklı müəllimi döymək istəyəndə, Herakl bir zəbəylə adamı öldürür ( Gərək Linosdan gəlməyəydi, Zoomdan keçərdi dərsi). Məhkəmə qurulur və etdiyi hərəkət özünümüdafiə adlandırıldığı üçün bəraət qazanır. Di gəl ki, dədəsi oğlunun bu hikkəsinin başına bəla olacağını anlayır və onu çoban olaraq böyütməyə başlayır. ( nə bilim ey, Zevsin oğlu olasan, çobanlıq edəsən) Tartaros adlı İskitli bir çobanla öküzlərə nəzarət edən Herakl, bu adamdan ox atmağı, araba sürməyi öyrənib, daha sonra isə Eumolposdan musiqi dərsləri almışdır. Heraklın 18 yaşı olanda, atasının və qonşu Kral Thespiosun sürülərini məhv edən Kitharon aslanını öldürür və bununla da ilk uğurunu qazanır. Mükafat olaraq da Thebai Kralının qızı Megara ilə evlənir və 3 övladı olur. Toyda Hermes qılınc, Apollon yay və ox, Hefistos qızıl zireh, Poseydon at, Afina isə gözəl bir paltar hədiyyə edir.


KİTHARON ASLANI.
 
Ay bala bu uşaq 18 yaşında bu aslanı necə öldürüb? Bunun üçün qəhrəmanımız Thespiosun sarayında yaşamağa başlayır və 50 gün aslanı təqib edib, izləyir. Burda olduqca maraqlı bir hadisə yaşanır. Deməli bu ölkənin qeyrətli kralı istəyir ki, məşhur qəhrəmandan nəvələri olsun. Aha? Hər gecə Heraklın otağına bir qızını göndərir və nəticədə 50 qızı hamilə qalır ( Özüm ölüm Hindistan belə bu qədər şişirdə bilməzdi haaa) və Thespiosoğulları adlı bir sülalə yaranır. Nəysə, qayıdaq aslana. Qəhrəman bu aslanı öldürür, geri qayıdarkən Thebailərdən aldıqları xəracla geri qayıdan Orkhomenos kralının elçiləri ilə qarşılaşır və onların qulaqlarını kəsib əllərinə verir və deyir ki, bunu kralınız Erginosa aparın. Erginos da Thebaiyə hücum edir, ancaq ordu Herakl tərəfindən məğlubiyyətə düçar olur. Bu döyüşdə oğlunun yanında döyüşən Amphitryon həlak olur.

Bəs qeyd etdiniz ki, adı Alkeusdur, Herakl hardan çıxdı?

Qəhrəmanın əsl adı Perseus soyundan gəldiyinə görə babası kimi Alkeus (Alkaios) və ya Alkides (Alkeides) olmuşdur. Çalası Hera, bir gün bu bədbəxtə dəlilik bəxş edir. Ağlını itirən Alkeus yoldaşını və uşaqlarını, hətta qardaşının uşaqlarından ikisini öldürdükdən sonra özünə gəlir. ( bunları görəndən sonra nə yaxşı ağlı yerində qalıb?)  Günahlarını yumaq üçün Delfi kahini Pythianın yanına gəlir, qadın da ona hər yerdə məşhur olan ləqəbi verir - Herakl (Heranın şərəfinə)! Günahını ödəməsi üçün Miken Kralı Eurystheusun yanına göndərir və deyir ki, kral nə deyir, nə istəyirsə onu mütləq yerinə yetirməlidir. Miken kralının Herakla verdiyi vəzifə də mifologiyada "Heraklın 12 vəzifəsi" adı altından tanınmışdır.

Heraklın başına gələn macəralar.

"Arqonavtlar"məqaləsində qeyd etmişdik ki, bəs Herakl da bu macəraya qoşulur, amma yolda dəlilik bəxş edildiyinə görə İphitusu öldürür. Delfi kahinin yanına gəlir ki, müalicə olunsun. Gözünə döndüyüm kahin də buna cavab vermir. Buna əsəbləşən Herakl, (tünddü xasiyyəti) müqəddəs stolu götürüb başqa bir məbədə aparacağını deyəndə, Apllon özünü yetirir ki, başına dönüm etmə -eləmə, qoy stolu yerinə. Paaaa Heraklın beyni çönmürmü? Başlayır Apollonu döyməyə, axırda Zevsin ildırımı ilə sakitləşir, kahinlər də kömək edəcəklərini deyirlər. ( Bax beləəə)

Heraklın Ölümü.

Herakl Ölülər Dünyasında söz verir ki, Meleagerin bacısı Deianira ilə evlənəcək. Elə evlənir də. Bu evlilikdən 5 uşağı olur. Bir gün yoldaşı ilə çayı keçəndə Nessos adında bir kentavr Deianiraya çayı keçməyinə kömək etmək təklifi edir. Yolun yarısına çatanda qadına təcavüz etmək istəyir, elə o anda Herakl bir oxla kentavrı öldürür. Ölməzdən əvvəl kentavr, qanını verir qadına ki, bəs bunu saxla. İşdi birdən bir gün Herakl səni aldatmaq istəyər (başqa qadını nəzərdə tutur) onda bu qanı onun paltarlarından birinə tök, bax o zaman Herakl sonsuza qədər səndən başqa heç kimlə maraqlanmayacaq. Beləcə illər keçir və Herakl əsir bir şəhzadəyə vurulur. Qadın da ümidlə qanı paltara tökür və geyinməsi üçün Herakla verir. Hardan biləydi ki, ərinə zəhərli köynək geyindirib. Herakl bərk xəstələnir və bir gün köynəyi əynindən çıxardan da dərisi də köynəklə bərabər çıxır və dözülməz ağrıya bir çarə tapmazsa öləcəyini başa düşür. Heraklın böyük oğlu Hyllos qəhrəmanı, cənazəni Oita dağına aparır və atası üçün bir tonqal hazırlayır. Odunlar Philoktetes tərəfindən yandırılanda, bir ildırım odun yığının ortasına düşür və aləmi aydınladır. Bir bulud yerə gələrək qəhrəmanı Olimp dağına, tanrıların yanına aparır və beləcə Herakl ölümsüz olur.
Qeyd: Məqalədə daha çox orijinal adlardan istifadə etmişik.
Mənbə: Greek mythology, Özhan Öztürk məqalələri, Antik Tarih, istəsəniz Rezonansa da baş çəkin. Təzə kəşf etdiyim bir saytdır, Öz dilimizdədir.
Bizi:
Tveetler: https://twitter.com/CeksonPersi Persi Cekson Mifologiya_Azerbaijan
İnstagram: Percy Jackson və Mifologiya
səhifələrindən izləyə bilərsiniz.

#Zevs #Herakl #Hera #Amphitryon #Alkeus #Megara #Delfi #Kahin #KitharonAslan

Комментариев нет:

Отправить комментарий