воскресенье, 22 октября 2023 г.

Mbombo (Afrika mifologiyası)

 


Bu gün sizlərə Konqo Respublikası xalqının, xüsusilə Kuba qəbiləsinin dini inanclarının ən vacib tanrılarından biri olan Mbombo yəni Bumba yaradılış tanrısı haqqında məlumat verəcəyik.

Bumbanın yaradılış hekayəsi:

Başlanğıcda hər şey qaranlığa qərq olub və su dünyanın hər tərəfini bürüyüb, Bumba isə tənhadır. Bir gün Bumba mədəsində şiddətli ağrı hiss edir və Bumba günəşi, ayı və ulduzları qusur. Günəşdən gələn istilik və işıq sayəsində su buxarlanır və beləliklə də buludlar əmələ gəlir, bir müddət sonra isə suyun içindən quru təpələr ortaya çıxır. Sonra Bumba yenə qusur və bu səfər 9 heyvan dünyaya gəlir: Koy Bumba adında bəbir, Ponqa Bumba adında qartal, Qanda Bumba adında timsah, Yo Bumba adında balıq, Kono Bumba adında tısbağa, Tsetse Bumba adında yaquar, Nyanyi Bumba adında vağ (quş növüdür), skarab və Budi adında bir keçi. Bunlarla yanaşı bir neçə kişi də qusdu. Bunlardan birinin adı Loko Yimaydı və Bumba kimi ağ idi.

Bu doqquz heyvan dünyadakı bütün heyvanları yaratdı. Vağ bir quşdan başqa bütün uçan quşları, timsah ilanları və varanları, keçi Budi bütün buynuzlu heyvanları, skarab bütün həşəratları və Yo Bumba isə bütün balıqları yaratdı.

Bundan sonra Bumbanın oğlanlarından üçü dünyanı düzəltməyi bitirəcəklərini söylədilər. İlk cəhd edən Nyonye Nqana ağ qarışqaları qusdu, amma sonra öldü. Onu şərəfləndirmək və dəfn etmək üçün qarışqalar torpağın dərinliklərinə endilər və dünyadakı torpağı daha da zənginləşdirdilər. 

İkinci cəhd edən isə Çonqanda idi və ilk bitkini yaratdı ki, bu bitki də bütün ağacları, otları və çiçəkləri dünyaya gətirdi.

Üçüncü oğul Çedi Bumba isə sonuncu quşu yəni Çalağan quşunu yaratdı.

Tsetse Bumba (yaquar) dünyada problemlər yaratmağa başladı və buna görə Bumba onu göyə qaldırdı, hansı ki orda o ildırıma çevrildi. Bu insanları alovsuz qoydu, buna görə Bumba insanlara ağacdan necə alov əldə edə biləcəklərini öyrətdi. 

Yaradılış bitib, hər şey sülh içində davam edəndə, Bumba yaratdıqlarını insan övladına əmanət edib, göylərə çəkilir. Dünyanı idarə etməsi üçün Loko Yimayı dünyanın tanrısı elan edir. Suların qadını Nchienge Şərqdə yaşadı və oğlu Voto Kubanın ilk kralı oldu.

Mənbə: https://en.wikipedia.org/wiki/Mbombo

#Mbombo #Bumba #kubaqəbiləsi #Afrika #africa #africamythology #Afrikamifologiyası #mifologiya #mythology

вторник, 19 сентября 2023 г.

TOKOLOŞE (Afrika mifologiyası)

 Tokoloşe Nquni (Şimali Afrika) mifologiyasında cırtdana bənzər şeytani varlıqdır. Tokoloşelər su içərək və ya daş udaraq görünməz ola bilirlər. Bu varlıqları pis niyyətli insanlar, başqalarına problem yaratmaq üçün çağırırlar. Uşaqları qorxutmaq üçün adlarını demək belə kifayət idi. İnsanların gecələr öz yataqlarında ölmələrinin səbəbini Tokoloşedə görürdülər. Zulular belə ölümdən qorunmaq üçün yataqlarını hündür düzəldirdilər və inanırdılar ki, məhz belə etdikdə Tokoloşelər onlara çata bilməyəcəklər. 


четверг, 31 августа 2023 г.

ƏJDAHA (Dünya Xalqları)

 


Əjdaha, müxtəlif mədəniyyətlərin mifologiyalarında, əfsanələrində və nağıllarında bəzilərində şəri, bəzilərində xeyri təmsil edən, iri kərtənkələyə və ya ilana bənzədilən bir varlıqdır.  Ümumiyyətlə Yaxın Şərqdə əjdaha və ilan şərin simvolu kimi qəbul edilirdi. Məsələn Misirdə Ranın düşməni Apep yeraltı dünyasının qaranlıq ilanı idi. Ancaq yunan və romalılar şərqin bu ideologiyasını qəbul etsələr də, əjdahaları xeyirxah, yer qatının daxilindəki iti gözlü varlıqlar kimi də təsəvvür edirdilər. Ancaq onların şəri təmsil etməsi ideologiyası daha güclü olduğuna görə bu fikir Avropada uzun müddət öz hakimiyyətini qorudu. Yəni Əjdahalar şəri təmsil edirdi. Əjdahalar qorxulu məxluqlar idi. Xristianlığın qəbulundan sonra məhz Xristian təsvirlərdə əjdaha günahın və büdpərəstliyin simvolu oldu və müqəddəslərin və şəhidlərin ayaqlarının altında səcdədə təsvir edilməyə başladı. 

 Şərq mədəniyyətində isə əjdahalar adətən qanadsız, dördayaqlı, ilanvari canlılar kimi təsvir olunur. Şərqi Asiyanın folklorunda Əjdahalar xeyirxah məxluq kimi təsvir edilir. Çin Əjdahası Çin kosmologiyasının yinyanqında cənnət, fəaliyyət və kişilik prinsipi olan yanqı təmsil edir. Həm Çin, həm Yapon əjdahaları havanın gücü hesab edilirlər. 

 Əjdaha sözü ingilis dilinə 13-cü əsrdə daxil olmuşdur. Latın dilində draconem sözü böyük ilan, əjdaha mənasında işlədilmişdir. Qədim yunan dilində drakon sözü isə  ilan mənasında işlədilmişdir. Onu qeyd edək ki, hər iki dildə dracon sözü məhz ilan nəzərdə tutularaq işlədilmişdir, mifologiyaya heç bir aidiyyəti yoxdur. 

Əjdahaların görünüşü və xüsusiyyətləri: 

Əjdahalar demək olar ki, Şərq və Qərb folklorlarında fərqli təsvir edilmişdirlər. Xaldey əjdahası Tiamatın dörd ayağı, pulcuqlu bədəni və qanadları var idi. Bibliyada təsvir edilən əjdaha "qoca ilan" isə Hidra kimi çoxbaşlı təsvir edilmişdir. Qərb və Avropada əjdahalar yarasaya bənzər qanadları olan, bəzən dörd, bəzən 2 ayaqlı, nəfəsindən od çıxan, bəzən quyruğu tikanlı şəkildə təsvir edilən sürünənlər kimi təsvir edilmişdir. Şərqi Asiya mifologiyalarında əjdahalar uça bilən, lakin qanadsız, ilanvari bədənə malik, dorsal (bel üzgəci) onurğaları və yalları olan,bəzən dörd ayaqlı, bəzən ayaqsız, müxtəlif rənglərdə bir ilan kimi təsvir edilmişdirlər.

Deməli, Qərb və Avropa mədəniyyətində əjdahalar adətən evlərini qayalıqlara və ya mağaraların dərinliklərinə qururdular. Onlar tez-tez ölüm gətirən, təhlükəli heyvanlar kimi görülür və çox vaxt iblislə əlaqələndirilirdilər. Mifologiyada onlar qızıl, qiymətli daş-qaş sevən, adətən tənbəl və acgöz varlıqlardır. Onlar tez-tez insanları, xüsusilə də gənc qızları tutub yeyirdilər. Qəhrəmanlar da gah qızları, gah qızılları, gah da məşhur olmaq üçün əjdahaları ovlamağa gedirdilər. Şərqi Asiyada isə əjdahalar adətən səmada yaşayır, biliklərini və qanlarını insanlarla paylaşan xeyirxah və müdrik varlıqlardır. Bu əjdahalar sehrli, fövqəltəbii gücə malik olub, çaylar, quyular və ya yağışla əlaqələndirilirdilər. Bəzən əjdahaların insanlardan daha çox müdrik olduğu qeyd edilirdi. Şərq əjdahaları yüzlərlə və ya minlərlə il yaşayan uzunömürlü varlıqlardır. Şərqin bəzi mədəniyyətlərində əjdahaların insan nitqinə malik olduğu, hətta bütün dillərdə danışmağa qadir olduqları da deyilirdi. 

Simvollar: 

Əjdahalar güc, qoruyucu, zadəganlıq simvolları kimi istifadə edilirdi. Məsələn Vikinglər gəmilərinin başlıq hissəsini əjdaha başı kimi oyur, qalxanlarına əjdaha fiqurları çəkirdilər. Avropanın bir çox ölkəsi qırmızı dördayaqlı əjdahanın oynadığı Uels bayrağı kimi öz bayraqlarında və gerblərində əjdahaları loqo və simvol kimi istifadə edirlər. 


Mənbə: https://mythus.fandom.com/wiki/Dragon
https://en.wikipedia.org/wiki/Dragon
https://www.britannica.com/topic/dragon-mythological-creature

#əjdaha #dragon #qərbəjdahaları #şərqəjdahaları #çinəjdahaları #yingyang #Ra #Apep #Misir #yunanmədəniyyəti #xristiansənəti #ilan #kərtənkələ #tiamat #viking #westerndragon #easterndragon #mythology #mifologiya #egypt #greekmyth #bibliya #christianart #ARQONAVTLAR


суббота, 19 августа 2023 г.

TELEFOS (Yunan mifologiyası)

    Salam əziz oxuyucular. Keçən həftə Ahmet Ümitin "Kayıp tanrılar ülkesi" kitabını bitirdim. Kitab dedektiv janrında olsa da, cinayətlər mifologiya dəsti-xətti ilə gedir və xeyli mifik hekayələri bizlərə təqdim edir. Bunlardan da biri həyatı tragediya olan Telefosdur. 
    Arkadiya kralı  Aleos hər gün mütəmadi olaraq məbədi ziyarət edir. Bir gün yenə ziyarət edərkən kahinlərdən öz soyunun və ölkəsinin taleyini soruşur. Təəssüf ki, xəbərlər çox pis idi. Belə ki, Kahinlər belə bir məlumat verir: "Sizin oğlanlarınız qızınız Augenin döyüşçü oğlu tərəfindən öldürüləcək. Yəni nəvəniz oğlanlarınızı öldürəcək." Apollonun kahinlərinə inanmamaq olar? Kral dəhşətə gəlir. Sarayında yüz ölçüb, bir biçir və qərara gəlir ki, qızını rahibə etsin. Belə ki, qızı heç vaxt evlənməyəcək, müqəddəs bir dişi olduğu üçün heç kim ona toxunmayacaqdır. Bundan sonra gözəlliyi ilə hər kəsi məst edən Auge İlahə Afinanın məbədində rahibə olur. Ancaq bir gün Herakl ilə Auge qarşılaşır və taledə nə yazılıbsa, o da baş verir. Auge yer kürəsinin ən güclü kişisindən hamilə qalır. Təbii bunu eşidən Kral əsəbindən nə edəcəyini bilmir. Qızı belə bir xainliyi necə etmişdi? Nəsə kral ən güvəndiyi insanı Naupliosu yanına çağırır və qızını dənizdə öldürmə əmrini verir. Səhərisi gün Auge ilə Nauplios bir qayığa oturub, dənizə açılırlar. Ancaq Nauplios qızı öldürmür.Augesin doğum sancıları tutanda bir adaya çıxırlar və Auge oğlu Telefos Parthenion Dağında dünyaya gəlir. Nauplios da hər ikisini tacirlərə satır, lakin tacirlər uşağı istəmədiklərinə görə Telefos dağda tək başına qalır. Auge isə Mysiaya gətirilir və kral Teuthras qızı tacirlərdən xilas edir və doğma övladı elan edir. Dağda qalan Telefos Tanrıların öz qanlarından olduğuna görə tək olmur, belə ki, dişi bir maral uşağa analıq edir. Bir müddət sonra Herakl oğlunu tapır və anasının başına gələn əhvalatı ona danışır. İllər keçdikcə Telefos güclü və bacarıqlı bir döyüşçü olur və anasını axtarmağa başlayır. Kahinlər də onu Mysiaya yönləndirirlər. Bu səfərdə Telefos 2 nəfərlə qarşılaşır və aralarında söz-söhbət böyüyür və dava-dalaş başlayır. Bu döyüşdə Telefos iki nəfəri öldürür. Həmin bu iki nəfər də Telefosun öz dayıları olur. Kralın qorxduğu tale reallaşır. Nəysə Mysia da bu ərəfədə müharibədə imiş, Telefos də krala qalib gəlməyə kömək edir və kral hədiyyə olaraq Telefusu öz qızı ilə evləndirmək istəyir. Əlqərəz heç bir şeydən xəbəri olmayan 2 nəfər ailə qurur və gecə bir ilan yataq otağına daxil olub, onların ana və oğul olduqlarını deyir və tragediyanın qarşısı alınır. Telefos da anası ilə deyil, gözəl Hiera ilə evlənir. Kral Teuthras ölkəsinin yarısını ona verir. Öz krallığını qurmaq istəyən Telefos əlverişli yer axtarır və Perqamonun salındığı təpəni seçir.

#mifologiya #yunanmifologiyası #Telefos #Telephos #mythology #greek #Bergama #Pergamon #Teuthras #Auge #Herakl #ARQONAVTLAR #mitoloji 

суббота, 6 мая 2023 г.

AYUDHAPURUŞA (Hind mifologiyası)

 


Ayudhapuruşa hindu sənətində ilahi silahın antropomorfik təsviridir. Ayudhapuruşalar bəzən ilahi sahiblərinin qismən təcəssümü hesab olunurlar.

Şəxsiləşdirilmiş silahın cinsi Sanskrit dilində silahın cinsinə görə müəyyən edilir. Belə ki, kişi silahlarına puruşa (kişi), dişi silahlara isə devi (ilahə) şəkilçisi əlavə olunur. Silahlardan Şakti, Heti (baltaya bənzər silah) və Qada (gürz), xüsusilə Kaumodakı (Vişnunun gürzü) Dhanus/Dhanushya (yay) qadın silahlardır. Qadına məxsus deyillər, silahın cinsi qadındır.  Çakra, xüsusilə Vişnunun Sudarşana çakrası (Sudarşana diski), Şanxa, Padma (lotus), Ankuşa (filləri idarə etmək üçün istifadə olunan alət), Paşa (kəmər), Trisula (trident), Vacra (ildırım), Xadqa (qılınc), Danda (əsa və ya gürz), Bana/Şara (ox) və Bhindi (sapand) kişi silahlardır. 

Ramayana və Mahabharata kimi qədim Hind dastanlarında silahlar təcəssüm olunsalar da, Qubta dövründən başlayaraq ayudhapuruşalar heykəltəraşlıqda təsvir olunmağa başladılar. Onlar ilahların əlində bəzən özünə tərəf tutarkən, bəzən silahın ilahın başından çıxarkən, bəzən isə ilahın əlində kimi təsvir olunmuşdular. Ən məşhur ayudhapuruşalar tanrı Vişnu ilə əlaqələndirilir və ikonoqrafiyasında görülür. 

Sudharta Vişnu

Dastanlarda ayudhapuruşa

Hindu dastanlarında ayudhapuruşa haqqında söz açan ilk mətnlərə məhz Ramayana dastanında rast gəlirik. Dastana görə Pracapati Dakşanın iki qızı Caya və Vicaya müdrik Krisasva ilə evlənir. Rakşasaları (iblislər) məhv etməsi üçün Caya 50 dənə istənilən formaya bürünə biləcək güclü ilahi silahlar doğur və  onlar Subrabha Samharas (məhv edənlər) adlanır.  Bu sehrli silahlar Şastra -Devatas silah tanrıları kimi tanınırdılar. Onlar müdrik Vişvamitra olan kral Kauşikaya verilirlər. Silahlar ona və bir vaxtlar Vişnunun avatarı olan Ramaya xidmət edirdilər. 

Mahabharata dastanında isə qeyd olunur ki, Çakra -Muşala qarşıdurması zamanı Krişnanın silahları-Vişnunun başqa bir avatarı və onun qardaşı Balarama, döyüşü izləmək üçün göydən insan şəklində peyda olurlar. Bunlara Krişnanın Sudarşana çakrası və Kaumodaki, Balaramanın Samvartaka və Saumandası daxildir. Sanskrit dramaturqu Bhasanın Duta-Vakya (elçinin mesajı) əsərində Mahabratadan bir səhnə təsvir edir. Belə ki, Krişna onlar və qohumları arasında sülh yaratmaq üçün Kauravasın sarayına elçi kimi gedir, lakin orda onu həbs etməyə çalışırlar.  Bu zaman Krişna özünün Vişvarupasını (universal forma) götürür və insan formasında olan silahlarını çağırır. Ayudhapuruşalara Sudarşana Çakra, kaman Şaranqa, gürz Kaumodaki, konç Pançacanya və mətndə ətraflı təsviri olan qılınc Nandaka daxildir. Bu yeganə sanskrit mətndir ki, burada silahlar insan kimi təsvir olunublar. 

Çakra Ayudhapuruşa


Ayudhapuruşaların təsvirləri

Şakti - canavar üzərində oturmuş qırmızı rəngli qadın kimi təsvir edilmişdir. 

Danda - qəzəbli qırmızı gözləri olan qorxulu, qaradərili bir kişidir.

Xadqa - qara və qəzəbli bir kişidir.

Paşa - yeddi başlı erkək ilan kimi təsvir edilmişdir.

Dhvaca - ağzı açıq, sarı rəngli, güclü bir kişidir.

Trişula - gözəl qaşları olan, qaradərili və yaraşıqlı kişidir. 

Şanxa - cazibədar gözləri olan ağ kişidir. 

Bana - gözəl gözləri olan, qırmızı rəngli bir kişidir. 

Dhanus - başında simli yay olan qırmızı lotus rəngli dişidir. 

Vişnudharmottara Purana çakranı əlində çamara tutan ( yelpikə bənzəyir, amma yelpik deyil), qarınlı, yuvarlaq gözləri olan insan kimi təsvir edir. 

Qada - İncə belli qadındır və əlində çamara tutur.

Sudarşana Çakra - Cənubi Hindistanda Vişnuya tabe olan bir fiqur kimi təsvir edilsə də Çakraya bir ayudhapuruşa olaraq əsas məbədə bağlı ayrı bir məbəddə ziyarət edilir və Çakra-rupi Vişnu- Çakra formasında Vişnu olaraq adlandırılır. 

Heykəltəraşlıqda Ayudhapuruşa

Bir ayudhapuruşa ümumiyyətlə iki qollu bir fiqur kimi və bir karanda mukuta (konusvari tac) ilə təsvir edilir. Ayudhapuruşa Kalidasanın Raqhuvamsadakı təsvirinə uyğun olaraq cırtdan kimi görünürlər. Belə nişanlar Rajgir, Mahabalipuram və Badamidə mövcuddur. Onlar Udayagiri mağaralarında və Qubta dövrünün (320-550) Deogarh məbədinin Şeşaşayi Vişnu panelində olduğu kimi normal insanlar kimi təsvir edilirlər.


Qeyd: Adları dilimizə uyğun dəyişdirmişik.

Mənbə: Wikipedia

#Ayudhapuruşa #Ayudhapurusha #hindmifologiyası #mifologiya #india #mythology #Vishnu #Gada #Qada #Çakra #Chakra #SudarshanaChakra #Mahabharata #Ramayana #Krishna  #sanskritdili #ChakraRupiVishnu #Bana #Shankha #Şanxa #Şakti #Shakti #Caya #Balarama #Vijaya #purusha #devi #padma #ankuşa #ankusha #dastan #rakshasa #ShastraDevatas #Vişvamitra #Vishvamitra #Vişvarupa #Vishvarupa #mitoloji #мифология #ARQONAVTLAR 

понедельник, 24 апреля 2023 г.

YASƏMƏN (Hindistan mifologiyası)

Bu günlərdə Yasəmən çiçəyinin ətri bütün diyara yayılıb, dünən də mənə bir buket  Yasəmən çiçəyi hədiyyə etdilər və çiçəyə baxa-baxa, qoxlaya-qoxlaya onun mifik hekayəsi ağlıma gəldi. Bu gün də o haqqda yazmaq istəyirəm. 


    Günlərin bir günü bir Hindistanlı Şəhzadə Günəş ilahı olan Surya Devaya vurulur. Məhəbbəti o qədər güclü olur ki, eşqini ilaha bildirmək qərarına gəlir. Beləliklə də şəhzadə bütün cəsarətini toplayaraq Surya Devaya eşqini elan edir. Günəş ilahı isə "Olmaz" deyir və "nə etsək də bir-birimizin tayı ola bilmərik" deyir. Bu sözləri eşitdikdən sonra şəhzadə özünə qəsd edir və bədəni yandırılaraq, külləri yer kürəsinə səpilir. Küllərinin dəydiyi hər torpaqda yasəmən ağacı cücərir. Şəhzadə Günəşə o qədər küsür, o qədər ondan inciyir ki, onu görmək istəmir və ona görə Yasəmən çiçəyi ancaq gecələr açır və ətrini bütün dünyaya saçır düzzz sübhə qədər. 
Sonralar hindlilər bu çiçəyə "ilahi ümid" adını veriblər. Eşq qədər uca və ümid qədər ilahi olduğuna görə. Çünki hər eşq yeni bir ümiddir axtaran və yaşayan üçün. Hər eşq, aşiq yox olub, küllərindən yenidən doğulana qədər ümidi içində saxlayır. Yasəmənlər kimi yeni bir həyatın çiçəklənməsi üçün sevən bir qəlb lazımdır. 
Şəhzadə də olsan, kral da olsan, təkcə aşiq olmaq yetmir cücərməyə. Əgər hazırsansa külə dönməyə, bax o vaxt çevrilərsən yasəmənə. Sadəcə o vaxt çox gözəl ətrin olar və paylaşarsan digər insanlarla.

Mənbə: Yogadergisi

#Yasəmənçiçəyi #çiçək #hekayə #yasəmən #hindistan  #hindmifologiyası #günəş #ilah #SuryaDeva #məhəbbət #love #flower #mythology #myth #story #flowerstory #lilac #india #ilahiümid #mitoloji #çiçek  #сирень #мифология #sungodindia #sungod #god #ARQONAVTLAR

воскресенье, 23 апреля 2023 г.

PİQMALİON VƏ QALATEANIN HEKAYƏSİ (Yunan Kipr mifologiyası)

 

"Piqmalion və Qalatea" Ernest Norman.1886.

    Bu hekayə gözəlliyin və məhəbbətin ilahəsi olan Veneranın doğulduğu Kipr torpaqlarında yaranmışdır. Hekayəyə Ovidin "Metamorfozlar" əsərində, daha dəqiq desək, bu əsərin onuncu kitabında olan "Orfeusun mahnısı-Piqmalion" adlı şeirində rast gəlirik. Keçid alaq məşhur hekayəyə 😊

    Deməli, əsərimizin qəhrəmanı Piqmalion bir heykəltəraşdır. Bəzi qaynaqlara görə o zamanlar qadınlar özlərini ilahə Veneraya bənzətdikləri üçün azad və olduqca şəhvətli və arsız idilər, buna görə də Piqmalionun qadınlardan zəhləsi gedirdi. Özünə söz vermişdi ki, heç bir qadınla evlənməyəcək və ömrünün axırına qədər tək yaşayacaq. Digər mənbələrdə isə qeyd edilib ki, Kipr torpaqlarında yaşayan qadınlar ilahə Veneraya hörmətsizlik ediblər və nəticədə onun qəzəbinə düçar olublar, ona görə də Piqmalionun qadınlardan zəhləsi gedir və qadınsız yaşamağa and içir. Əlqərəz hər iki mənbə burada birləşir, belə ki, qadınsız yaşamağa başlayan heykəltəraş Piqmalion, fil dişindən mükəmməl bir qadın heykəli yaradır, bu heykəl o qədər gözəl, o qədər füsünkar olur ki, Piqmalion ona "Yatan Eşq" mənasına gələn "Qalatea" adını verir. Qalatea gözəlliyi ilə Piqmalionu özünə aşiq edir və heykəltəraş özündən asılı olmadan başlayır heykəl ilə insan kimi davranmağa. Ona paltar geyindirir, bahalı aksesuar taxır və günlərini onun yanında keçirdir. 

Ovid əsərində belə qeyd edib:

...Yanır könlü Piqmalionun, dayana bilmir artıq.

Tez-tez sarılır, qucaqlayar, öpərdi bu heykəli

Fildişi olduğunu ağlına da gətirməzdi

Öpür, söhbət edir, söz eşitmək istəyərdi

Əli əl, qolu qol zənn edib oxşayardı,

Barmağı ilə toxunsa, incinər, pis olardı deyə qorxardı

Ondan yaxınlıq umardı...

Artıq eşqindən dəli olan Piqmalion dərdini Veneraya danışmağa qərar verir və ilahənin yanına gedir. Gedir, ilahəyə qurbanlar da təqdim edir, dərdini danışanda bir heykələ vurulduğunu deməyə utanır, bilmir necə desin, onun əvəzində ilahədən heykəlinə oxşar bir yoldaş bəxş etməyini arzulayır. 

...Siz tanrılar,

Bir qadın verin mənə, əlinizdən gəlir bu,

Bənzəsin fildişi qadına, onun kimi olmasın

Kömək etsin mənə...

"Piqmalion və Qalatea" Jeon -Leon Gerome. 1890
.

    İlahə Venera da digər dualardan fərqli olan bu duanı eşidir və çarəsiz eşqi hiss edir. Piqmalion evinə qayıdıb həmişəki kimi heykəlini öpəndə görür ki, heykəlin dodaqları istidir. Düşünür ki, günəş heykəlin üzərinə düşüb ona görə istidir, yenidən üzünə baxanda görür ki, sevgilisinin yanaqları qızarıb, tez əlini biləklərinə aparır və nəbzi hiss edir. Qalatea fil dişi heykəlindən, ağappaq bədənli bir qadına çevrilir. Piqmalion və Qalatea evlənirlər və bu cütlüyün Pafos adlı bir dənə də uşaqları olur. 

"Piqmalion və Qalatea" Jeon -Leon Gerome. 1890


    Təkcə bu iki rəssam deyil, bu hekayə bir çox rəssama ilham pərisi olmuşdur.

Mənbə: Sanata Dair, Vikipediya, Lise Tabella

#mifologiya #hekayə #PiqmalionVəQalatea #qalatea #Galatea #Pygmalion #hikaye #mitoloji #Kipr #yunan #greek #mythology #myth #Venus #Venera #ilahə #goddess #tanrı #Ovidius #Ovid #Metamorfoz #Metamorphoses #Pafos #Paphos #JeonLeonGerome #ErnestNorman #heykəl #sculpture #heykəltəraş #мифология #ARQONAVTLAR