четверг, 31 августа 2023 г.

ƏJDAHA (Dünya Xalqları)

 


Əjdaha, müxtəlif mədəniyyətlərin mifologiyalarında, əfsanələrində və nağıllarında bəzilərində şəri, bəzilərində xeyri təmsil edən, iri kərtənkələyə və ya ilana bənzədilən bir varlıqdır.  Ümumiyyətlə Yaxın Şərqdə əjdaha və ilan şərin simvolu kimi qəbul edilirdi. Məsələn Misirdə Ranın düşməni Apep yeraltı dünyasının qaranlıq ilanı idi. Ancaq yunan və romalılar şərqin bu ideologiyasını qəbul etsələr də, əjdahaları xeyirxah, yer qatının daxilindəki iti gözlü varlıqlar kimi də təsəvvür edirdilər. Ancaq onların şəri təmsil etməsi ideologiyası daha güclü olduğuna görə bu fikir Avropada uzun müddət öz hakimiyyətini qorudu. Yəni Əjdahalar şəri təmsil edirdi. Əjdahalar qorxulu məxluqlar idi. Xristianlığın qəbulundan sonra məhz Xristian təsvirlərdə əjdaha günahın və büdpərəstliyin simvolu oldu və müqəddəslərin və şəhidlərin ayaqlarının altında səcdədə təsvir edilməyə başladı. 

 Şərq mədəniyyətində isə əjdahalar adətən qanadsız, dördayaqlı, ilanvari canlılar kimi təsvir olunur. Şərqi Asiyanın folklorunda Əjdahalar xeyirxah məxluq kimi təsvir edilir. Çin Əjdahası Çin kosmologiyasının yinyanqında cənnət, fəaliyyət və kişilik prinsipi olan yanqı təmsil edir. Həm Çin, həm Yapon əjdahaları havanın gücü hesab edilirlər. 

 Əjdaha sözü ingilis dilinə 13-cü əsrdə daxil olmuşdur. Latın dilində draconem sözü böyük ilan, əjdaha mənasında işlədilmişdir. Qədim yunan dilində drakon sözü isə  ilan mənasında işlədilmişdir. Onu qeyd edək ki, hər iki dildə dracon sözü məhz ilan nəzərdə tutularaq işlədilmişdir, mifologiyaya heç bir aidiyyəti yoxdur. 

Əjdahaların görünüşü və xüsusiyyətləri: 

Əjdahalar demək olar ki, Şərq və Qərb folklorlarında fərqli təsvir edilmişdirlər. Xaldey əjdahası Tiamatın dörd ayağı, pulcuqlu bədəni və qanadları var idi. Bibliyada təsvir edilən əjdaha "qoca ilan" isə Hidra kimi çoxbaşlı təsvir edilmişdir. Qərb və Avropada əjdahalar yarasaya bənzər qanadları olan, bəzən dörd, bəzən 2 ayaqlı, nəfəsindən od çıxan, bəzən quyruğu tikanlı şəkildə təsvir edilən sürünənlər kimi təsvir edilmişdir. Şərqi Asiya mifologiyalarında əjdahalar uça bilən, lakin qanadsız, ilanvari bədənə malik, dorsal (bel üzgəci) onurğaları və yalları olan,bəzən dörd ayaqlı, bəzən ayaqsız, müxtəlif rənglərdə bir ilan kimi təsvir edilmişdirlər.

Deməli, Qərb və Avropa mədəniyyətində əjdahalar adətən evlərini qayalıqlara və ya mağaraların dərinliklərinə qururdular. Onlar tez-tez ölüm gətirən, təhlükəli heyvanlar kimi görülür və çox vaxt iblislə əlaqələndirilirdilər. Mifologiyada onlar qızıl, qiymətli daş-qaş sevən, adətən tənbəl və acgöz varlıqlardır. Onlar tez-tez insanları, xüsusilə də gənc qızları tutub yeyirdilər. Qəhrəmanlar da gah qızları, gah qızılları, gah da məşhur olmaq üçün əjdahaları ovlamağa gedirdilər. Şərqi Asiyada isə əjdahalar adətən səmada yaşayır, biliklərini və qanlarını insanlarla paylaşan xeyirxah və müdrik varlıqlardır. Bu əjdahalar sehrli, fövqəltəbii gücə malik olub, çaylar, quyular və ya yağışla əlaqələndirilirdilər. Bəzən əjdahaların insanlardan daha çox müdrik olduğu qeyd edilirdi. Şərq əjdahaları yüzlərlə və ya minlərlə il yaşayan uzunömürlü varlıqlardır. Şərqin bəzi mədəniyyətlərində əjdahaların insan nitqinə malik olduğu, hətta bütün dillərdə danışmağa qadir olduqları da deyilirdi. 

Simvollar: 

Əjdahalar güc, qoruyucu, zadəganlıq simvolları kimi istifadə edilirdi. Məsələn Vikinglər gəmilərinin başlıq hissəsini əjdaha başı kimi oyur, qalxanlarına əjdaha fiqurları çəkirdilər. Avropanın bir çox ölkəsi qırmızı dördayaqlı əjdahanın oynadığı Uels bayrağı kimi öz bayraqlarında və gerblərində əjdahaları loqo və simvol kimi istifadə edirlər. 


Mənbə: https://mythus.fandom.com/wiki/Dragon
https://en.wikipedia.org/wiki/Dragon
https://www.britannica.com/topic/dragon-mythological-creature

#əjdaha #dragon #qərbəjdahaları #şərqəjdahaları #çinəjdahaları #yingyang #Ra #Apep #Misir #yunanmədəniyyəti #xristiansənəti #ilan #kərtənkələ #tiamat #viking #westerndragon #easterndragon #mythology #mifologiya #egypt #greekmyth #bibliya #christianart #ARQONAVTLAR


Комментариев нет:

Отправить комментарий