воскресенье, 23 апреля 2023 г.

PİQMALİON VƏ QALATEANIN HEKAYƏSİ (Yunan Kipr mifologiyası)

 

"Piqmalion və Qalatea" Ernest Norman.1886.

    Bu hekayə gözəlliyin və məhəbbətin ilahəsi olan Veneranın doğulduğu Kipr torpaqlarında yaranmışdır. Hekayəyə Ovidin "Metamorfozlar" əsərində, daha dəqiq desək, bu əsərin onuncu kitabında olan "Orfeusun mahnısı-Piqmalion" adlı şeirində rast gəlirik. Keçid alaq məşhur hekayəyə 😊

    Deməli, əsərimizin qəhrəmanı Piqmalion bir heykəltəraşdır. Bəzi qaynaqlara görə o zamanlar qadınlar özlərini ilahə Veneraya bənzətdikləri üçün azad və olduqca şəhvətli və arsız idilər, buna görə də Piqmalionun qadınlardan zəhləsi gedirdi. Özünə söz vermişdi ki, heç bir qadınla evlənməyəcək və ömrünün axırına qədər tək yaşayacaq. Digər mənbələrdə isə qeyd edilib ki, Kipr torpaqlarında yaşayan qadınlar ilahə Veneraya hörmətsizlik ediblər və nəticədə onun qəzəbinə düçar olublar, ona görə də Piqmalionun qadınlardan zəhləsi gedir və qadınsız yaşamağa and içir. Əlqərəz hər iki mənbə burada birləşir, belə ki, qadınsız yaşamağa başlayan heykəltəraş Piqmalion, fil dişindən mükəmməl bir qadın heykəli yaradır, bu heykəl o qədər gözəl, o qədər füsünkar olur ki, Piqmalion ona "Yatan Eşq" mənasına gələn "Qalatea" adını verir. Qalatea gözəlliyi ilə Piqmalionu özünə aşiq edir və heykəltəraş özündən asılı olmadan başlayır heykəl ilə insan kimi davranmağa. Ona paltar geyindirir, bahalı aksesuar taxır və günlərini onun yanında keçirdir. 

Ovid əsərində belə qeyd edib:

...Yanır könlü Piqmalionun, dayana bilmir artıq.

Tez-tez sarılır, qucaqlayar, öpərdi bu heykəli

Fildişi olduğunu ağlına da gətirməzdi

Öpür, söhbət edir, söz eşitmək istəyərdi

Əli əl, qolu qol zənn edib oxşayardı,

Barmağı ilə toxunsa, incinər, pis olardı deyə qorxardı

Ondan yaxınlıq umardı...

Artıq eşqindən dəli olan Piqmalion dərdini Veneraya danışmağa qərar verir və ilahənin yanına gedir. Gedir, ilahəyə qurbanlar da təqdim edir, dərdini danışanda bir heykələ vurulduğunu deməyə utanır, bilmir necə desin, onun əvəzində ilahədən heykəlinə oxşar bir yoldaş bəxş etməyini arzulayır. 

...Siz tanrılar,

Bir qadın verin mənə, əlinizdən gəlir bu,

Bənzəsin fildişi qadına, onun kimi olmasın

Kömək etsin mənə...

"Piqmalion və Qalatea" Jeon -Leon Gerome. 1890
.

    İlahə Venera da digər dualardan fərqli olan bu duanı eşidir və çarəsiz eşqi hiss edir. Piqmalion evinə qayıdıb həmişəki kimi heykəlini öpəndə görür ki, heykəlin dodaqları istidir. Düşünür ki, günəş heykəlin üzərinə düşüb ona görə istidir, yenidən üzünə baxanda görür ki, sevgilisinin yanaqları qızarıb, tez əlini biləklərinə aparır və nəbzi hiss edir. Qalatea fil dişi heykəlindən, ağappaq bədənli bir qadına çevrilir. Piqmalion və Qalatea evlənirlər və bu cütlüyün Pafos adlı bir dənə də uşaqları olur. 

"Piqmalion və Qalatea" Jeon -Leon Gerome. 1890


    Təkcə bu iki rəssam deyil, bu hekayə bir çox rəssama ilham pərisi olmuşdur.

Mənbə: Sanata Dair, Vikipediya, Lise Tabella

#mifologiya #hekayə #PiqmalionVəQalatea #qalatea #Galatea #Pygmalion #hikaye #mitoloji #Kipr #yunan #greek #mythology #myth #Venus #Venera #ilahə #goddess #tanrı #Ovidius #Ovid #Metamorfoz #Metamorphoses #Pafos #Paphos #JeonLeonGerome #ErnestNorman #heykəl #sculpture #heykəltəraş #мифология #ARQONAVTLAR

Комментариев нет:

Отправить комментарий