- Qızım, bu nə işdir? Mən dediyimə getmirsən, çoban hara, sən hara?
Qız isə atasına deyir:
- Xeyr, ata, getsəm, ancaq o çobana gedəcəyəm!
Ata qəzəblənir. Çobanı qovdurur. Qızı da heç yana buraxmır, bağlı yerdə saxlayır.
Çoban sevgilisindən uzaq diyarda ahu-fəğan içində gün keçirir. Nə rahatlıq, nə də yuxu bilməyən çoban getdikcə üzülüb əldən düşür. Onun əhvalına yananlar, halına acıyanlar nə qədər dava-dərman edirsə, çoban yata bilmir. Onun bu nisgili dildən-dilə düşüb sevgilisinə də çatır. Neyləsin, qız uzaqda olan sevgilisinə necə kömək eləsin? Yalnız bir çarə qalır. İki diyarı birləşdirən çay onun köməyinə çata bilərdi. Qız sevdiyi çobana bağışladığı çiçəkdən gündə bir dəstə bağlayıb axar suya buraxır.
Çobanı havasını dəyişmək üçün çayın kənarına çıxarıblarmış. Birdən o dirçəlir. Gözlərinə işıq gəlir. Çayla axıb gələn sevgilisinin ətri onu cana gətirir. Çobanın xahişi ilə çiçək dəstəsini tutub ona verirlər. Çoban aşiq çiçəkləri sevgilisi əvəzi bağrına basıb o ki var qoxlayır. Sonra onu başının altına qoyub dərin yuxuya gedir. Günlər keçir, sevgilisinin göndərdiyi çiçək dəstələrini gündüzlər iyləyir, gecələr yastıq əvəzinə başının altına qoyub yatır. Nəhayət, çoban sağalıb ayağa qalxır.
Bir gün çoban çay kənarına gəlir. Gözləyir, gözləyir, görür çiçək dəstəsi gəlmədi. İki gün keçir, çiçək dəstəsi gəlmir. Çoban bilir ki, sevgilisinin başında qəza-qədər var. Yol alıb doğma obalarına qayıdır. Sevgilisinin hicranına dözməyib tələf olduğunu görür. Çoban bu ağır dərdə dözə bilmir.
Deyirlər ki, o vaxtdan güllər solduqca çoban təzəsini dərib başı altına qoyar, yatarmış. Həmin vaxtdan o çiçək çobanyastığı adlanır.
#Azərbaycanmifologiyası #əfsanələr #çobanyastığıçiçəyi #mifologiya #ARQONAVTLAR
Mənbə: Əfsanələr
Комментариев нет:
Отправить комментарий