воскресенье, 21 июня 2020 г.

Kvasir və ya Bal şərabı


German-skandinav mifologiyasına görə dünyada bütün isanlarında içində sadəcə bir dənə dahi insan var imiş ki, onun da adı Kvasirdir. Kvasir sözünün hərfi mənası "tüpürcək"dir. Niyə Tüpürcək? Deməli,
bildiyiniz kimi Aesirlərlə  Vanirlər qanlı -bıçaqlıdırlar. Günlərin bir günü nə əcəbsə bu iki Tanrı tayfası barışmaq qərarına gəlir. Bu sülh necə təsdiqlənsin? Bəs gəlin bir qazana tüpürək deyə düşünüblər. Beləliklə hər iki tərəfin baş tanrısı qabağa çıxır, böyük ehtimal bunlardan da biri Odindir, əlqərəz iki tanrı bir qazana tüpürür və bu tüpürcəkdən də Kvasir yaranır. Elə yaranır ki, zəkasıyla, sözüylə, danışıq bacarığı ilə hamını heyran qoyur. Bunun müdrikliyi el, aləmə yayılır, bəxti olanlar da öz payını alır bu insandan. Deməli belə bir şayiə yayılır ki, bəs deməzsən  div Suttung Kvasirin qanını balla qarışdıranda bir likör hazırlanır, onu da içən pəhhhh o dəqiqə başlayır danışmağa, danışmaqda nə danışmaq ey otur sabaha qədər qulaq as, hikmətindən doymaq olmur söhbətin. Bir mənbədə belə yazılıb, digərində isə yazılıb ki, bu Kvasir el -el, oba -oba gəzərək insanlara öz hikmətindən paylayıb, onların suallarına cavab verərmiş. Elm, təhsil, hikmət mövzularından zəhləsi gedən iki sehrli cırtdan FjalarGalar, burda hər iki mənbə birləşir, Kvasiri öldürüb qanını Odhrerir adlı ovsunlu bir qazana axıdırlar. Mövzu da burada bitir. Bir də deyirlər ki, bədbəxt Kvasirin kədərli ömrü, Eddaların bir bölməsini əhatə edən Braga Raedurda ( Braginin söhbəti) bəhs edilir.

Hə bir də onu deyirlər ki, bu içki Slavyanlarda "mayalanmış içki" yəni guya "kvas" içkisidir. ( Deməzsən soyuducudakı Kvasirin qanıymış :D )
Bu arada Magnus Chase kitabını oxuyanınız varsa, içkinin dadına baxdıqdan sonra insan necə olur, bilərsiniz yəqin ki ;) 
Mənbə: Dünya mifologiyası

#Skandinav #mifologiya #Kvasir #cırtdan #Odhrerir #Edda #Suttung #odin #vanir #aesir #içki #balşərabı

OŞUN, OSHUN AFRİKA MİFOLOGİYASI


    Oşun Yoruba xalqının inancında içməli su, eşq və gözəlliklə əlaqələndirilən çay İlahəsinin adı olub, göy gurultusu Şanqonun həyat yoldaşıdır.
    Taleyi idarə edən bu ilahə balıqqulaqlarından istifadə edərək dediyi kihanətləri də yoza bilirmiş. Bu xalq hər il ilahəni  İbo -Osun adı verilən bir mərasimlə yad edir. Qəbilənin qadınları ilahəyə özlərini bəyəndirmək üçün var gücləriylə rəqs edir və içlərindən biri seçilərək ona, il ərzində ailə daxili vasitəçilik, eyni zamanda da həkim el dostu vəzifəsi verilirdi.  (təhsilsiz nə təbib, amma var yəqin bildikləri bir şey).
festivaldan bir rəsm (Wikipedia)
 Cənub-qərb Nigeriyasında yerləşən Oşoqbo ərazisində Oşun ən vacib ilahədir və ona düyü ithaf etməklə şərəfləndirirlər və onu Şəfa ilahəsi kimi qəbul edirlər. Bir də İjesa bölgəsindəki xalq da onu qoruyucu ilahə kimi qəbul edir hətta Oşunun şərəfinə qurulan, qadınların liderlik etdiyi İyalode adlı gizli bir qadın cəmiyyəti də var. 
Afrikalı kölələr vasitəsilə Oşun, Braziliyaya da gəlib çıxmış, ancaq burada su ilahəsi Oxun adıyla tanınmışdır. Oşun çox vaxt mirvarilər taxmış, əlində güzgü və yelpik olan, bir çox hallarda ağ, yaşıl və qızılı ya da tündsarı rənglərində təsvir edilir.
Kubada isə adanın qoruyucusu və Havananın özəl ilahəsi kimi rəğbət görən Oşun, gözəl və zərif bir mələz qadın olaraq təsvir edilir ki, sarı rəng, tovuzquşu, bal və qızıl bu ilahəylə əlaqələndirilmişdir. Deməli, bu ilahəni Kubada bir çox ad altında tanımaq olar. Bunlardan: Xeyriyyəçi Akuaro, kədərli Awe, zərif ev sahibəsi Ede, bərəkət gətirən Fuike, nağaraçı Ana, ovsunçu Kole, döyüşçü Yumu -əsaslarıdır.
Mənbə: Wikipedia , Dünya mitolojisi, Mitolojik Dünya

#Afrika, #mifologiya #Oşun #Oshun #Oxun #Ochun #Shango #Braziliya #Yoruba #İlahə #Tanrı #Kuba #Nigeriya #İboOsun

суббота, 20 июня 2020 г.

Aizen Myoo Yapon mifologiyası


    Aizen Myoo Yapon mifologiyasında Şinto tanrılarından biridir. Sonralar bu tanrını Buddistlər vidyarajayalardan biri kimi qəbul ediblər. Bu tanrı eşqin rəmzləşdirilmiş halıdır. Aslan maskalı, 2 başlı, 2,4 və ya 6 qollu, 3 gözlü (biri alnında olmaqla), qırmızı bədənli, əlində 5 şimşək tutaraq, çox vaxt oturaq tərzdə, çox qəzəbli bir kişi kimi təsvir edilsə də insanlara qarşı çox mehribandır.
Hər iki cinsə şəhvət, sevgi verən Aizen Myoo, zaman keçdikcə fahişələrin, müğənnilərin, musiqiçilərin qoruyucusu olaraq qəbul edilmişdir. Aizen Myoo başlanğıcda Şingon və Tendai ezoterik Buddist məktəblərinin tanrısı olub, aydınlanmaq və Budda ilə bir olmaq üçün ehtiyac olan eşq və ehtiras ilə uyğunlaşdırılmışdır. Zaman keçdikcə aydınlanmaq, ehtiras və eşqi dünyəvi və cinsəl duyğular üzərinə yönləndirəndə Aizen, insanları əyləndirən peşə sahiblərinin dünyasının qoruyucusu olmuşdur.
Bir dənə də məlumat yazaq ki, deyilənə görə Monqollar 1281-ci ildə Yaponiyanı işğal etmək istəyəndə Aizen tufan üzərindən bir ox ataraq, monqol gəmilərinin batmasına səbəb olur və nəticədə bu küləyi "Tanrı küləyi" mənasına gələn kamikaze olaraq adlandırmışdırlar.

#yaponiya #yapon #kamikaze #aizenmyoo #tanrı #ilahə #eşq #ehtiras #budda #buddist #şinto #monqol

Söz-söhbət İlahəsi Fama


    Fama Roma mifologiyasında hamı tərəfindən bilinən söz-söhbətin və şan-şöhrətin rəmzləşdirilmiş halıdır.
    Çoxlu qulağı, gözü və dili olan, qorxulu bir məxluq kimi təsvir edilən, deyilənlərə görə yer, göy və dənizin birləşdiyi sərhəddə tuncdan düzəldilmiş sarayında bütün dünyanı pusan Fama, Qiybət, Qorxu, Sevinc, Saflıq, Qeyrisəmimilik, Üsyan ilə birlikdə yaşayırmış. 
    Fama çox vaxt şeypur üfləyən halda  təsvir edilir. Deyilənə görə çox sürətli uçurmuş. Bir də deyirlər ki, "Söz uçar, yazı qalar" mənasının da fikri anası məhz Famadır.

#Roma  #mifologiya #xəbərçi #sözsöhbət #qiybət #ilahə #FAMA 

пятница, 19 июня 2020 г.

Tut Ağacı yoxsa Ölümsüz eşq?

    
    Salamlar, ümid edirik bu karantina günlərində hamı yaxşıdır. Bu gün sizlərə artıq mövsümü olan bir meyvə daha dəqiq Tut ağacının mifik hekayəsini təqdim etmək istəyirik. Bu meyvə dünya xalqlarının mifologiyalarında özünəməxsus hekayəsi ilə yadda qalıb. Təbii ki, bunların hamısını bir məqalədə olmasa da ayrı-ayrı məqalələrdə yazacağıq. Bu gün isə Yunan mifologiyasındakı kədərli hekayəsinə nəzər salaq.
    Qədim zamanlarda biri-birini çox sevən iki gənc var imiş. Qızın adı Thispe, oğlanın adı isə Pyramus idi.  Bu gənclər uşaqlıqdan bir-birilərini sevsələr də valideynləri onların birləşməyinə narazı imiş. Biri deyir: "qızın oğlumun tayı deyil", o biri deyir: "oğlun qızımın tayı deyil". Əlqərəz bunların eşqi də Leyli Məcnunu qısqandıracaq dərəcədədir haaaa. Bu ikili ayrı qala bilmirdilər və qonşu olduqlarına görə çəpərdə balaca oyuq açıb, bir-biriləri ilə gecələr söhbət edib, eşqlərini dilə gətirirdilər. Yenə gizlincə görüşdükləri gün qərara gəlirlər ki, səhərisi gün meşədəki tut ağacının altında görüşüb, qaçsınlar. Qızımız yəni Thispe, oğlandan əvvəl çatır və tut ağacının altında oturub gözləyir. Elə bu vaxt şikarını yeyən, ağzından qan axan aslanın gəldiyini görən Thispe, cəld mağaraya qaçıb gizlənir. Qaçarkən də boğazındakı şərf düşür yerə. Elə üstündən çox keçmir ki, Pyramus gəlir, amma gördüyü mənzərə qarşısında donur. Dəli kimi sevdiyi qızın şərfi aslanın ağzında və şərfdən qan damcıllayır. Bizim ağlımıza gələn, onun da ağlına gəlir. Bəli, elə zənn edir ki, aslan Thispeni yeyib. Buna dözə bilmir və xəncəri çıxarıb, ürəyinə sancır. Mağarada gözləməkdən yorulan Thispe, qorxa-qorxa mağaradan çıxıb, ağaca tərəf gələrkən sevgilisini ölmüş vəziyyətdə tapır. Əvvəlcə nə baş verdiyini anlamır. Ağlamaqdan bir təhər olan qız, şərfinin yarısının Pyramusun əlində, yarısının isə öz yuvasına gedən aslanın ağzında görəndə hər şeyi başa düşür və xəncəri götürüb, o da ürəyinə sancır ki, sevgilisinə qovuşsun. Elə bu anda tanrılar, bu eşqi ölümsüzləşdirmək istəyiblər və altında canlarını fəda etdikləri ağacı, bu ikiliyə həsr ediblər. Belə ki, Pyramusun qanını ağacın meyvəsinə, Thispenin gözyaşlarını isə ağacın yarpaqlarına çeviriblər. 

O gündən bəri qara tutun çıxmayan ləkəsini yəni Pyramusun qanını, ağacın yarpaqları yəni Thispenin göz yaşları təmizləyir.
Qeyd: Orijinal adlardan istifadə etmişik.

#Tut #tutağacı #ağac #Thispe #Pyramus #aslan #eşq #qovuşmayanaşiqlər #tanrı #tutağacınınmifikhekayəsi #yunan #mifologiya

среда, 17 июня 2020 г.

Eskimos mifologiyasına giriş

   
 Eskimoslar və ya İnuitlər Şərq Sibir, Alyaska, Kanada, Qrenlandiya bölgələrində yaşayan şimal -qütb xalqıdır.
    Eskimos mifologiyasına giriş edəndə görürük ki, burdakı əsatirlərin mənbəyi Şamanizmdən və animizmedən götürülüb. Bu xalqların həyatında dəniz, su, buz, dəniz heyvanları mühüm rol oynayır və bunlar öz təsirini mifologiyaya da göstərir.
    Eskimoslara görə dünya bir qarğa tərəfindən balinananın bədənindən yaradılmışdır. Bu xalqlar, insan ruhu və təbiətin də içində olduğu ən üstün varlıq "Sila" adındakı səmavi bir gücə inanırdılar. Buna görə də bir canlının, digər canlı üçün lazımlı olduğunu düşünürdülər. Yəni birinin varlığı, digərinin həyatda qalma səbəbi idi.
Əsas tanrı və ilahələr:
  • Sila
  • Narssuk
  • Kınak
  • Seqinek və Tatqim
  • Tapasuma
  • Torngarsuk və Nanuq
  • Pukima
  • Nunam
  • Kadlu və bacıları
  • Sedna

Bəzi ruhlar və məxluqlar:
  • Mahaha
  • Ijiraat
  • Inupasugjuk
  • Taqriaqsuit
  • Qallupilluk

Qeyd: Orijinal adlardan istifadə etmişik

Din və mifologiya

#Eskimo #Inuit #Şaman   #Sila #Tanrı  #Ilahə   #Mifologiya


вторник, 16 июня 2020 г.

Hindistan Mifologiyasına Giriş


    Hindistan mifologiyası dünyanın ən qədim mifologiyalarından biri olub, bu gün də öz təsirini qorumaqdadır. Hind dinində mifologiya ön plandadır. Politeist kimi görünsə də əslində hamısı bir tanrının müxtəlif  sima və ifadələridir.
Vedik mətnlərdə demək olar ki, təbiətdəki hər güc ilahlaşdırılıb və bununla da tanrıların sayını yığıb-yığışdırmaq olmayıb.
Vedik mətnləri: Vedik dövrü ( E.Ə. 1500-800) əntiq Hindu mətnləridir və Vedalar tərəfindən yaradılmışdır. Bu dövrdə fəlsəfə və elm birləşmişdir. Vedik dövr Aryan işğalçılarının Hindistana gəlməsi ilə başlayır. Vedanın mənası "müqəddəs", "bilik" "görmə" mənasında işlədilir. Vedalar Hind mifologiyasının ilk qaynağı hesab olunur.
Rig Veda -Vedik mətnlərin ilk hissəsidir və burada tanrı və tanrıçalar haqqında məlumat verilmişdir.
 Yajurveda - qurban verməklə əlaqəli dini mətndir.
 Samaveda - (melodiya) qurban mərasimlərində oxunan ilahilər və dualar bu bölmədə yerləşir.
Atharvaveda - şər və xeyr üçün nəzərdə tutulan, müxtəlif ovsunlar yer alıb.
 Bu dördlüyə "Samhitalar" adı verilib.
E.ə 500-ci ildə Budda dövründə qədim Vedik dini  Brahmin rahibləri tərəfindən fantastik bir şeyə çevrilir. Belə ki, rahiblər özləri üçün tanrılarınkına bənzər güclər tələb edirlər və demək olar ki, o səviyyəyə çatırlar. Brahmanalardan sonra  (bizim dildə "bərəhmən" nə qədər doğrudursa artıq)E.ə 600 illərində Aranyakalar ( Meşə mətnləri) yazılır.
Bundan başqa hindlilərin e.ə 200- e.s. 400-cü illər arasında yazılmış RamayanaMahabharata dastanları və onlara nisbətən daha gənc sayılan Harivamşa dastan yoxsa puranadı ( hekayələr, əfsanələr toplusu, qısaca) hələ də aydınlaşdırmayıblar, bunlarda Vedik dövrünün tanrıları öz əhəmiyyətini itirir, Brahma, Vişnu, Şivanın ön plana keçdiyini, Vişnu-Şiva rəqabətinin qabardıldığını, Vişnunun avatarı Krişnanın ən böyük tanrı İndranı belə keçdiyini görürük. Puranalarda isə kihanətlər, Vedik tanrılar, yaradılış əfsanələri kimi mövzular işlənilmişdir.
Brahmanizm -kast sisteminə söykənən Hind dinidir.
Hinduizm -Əsası vedik mətnlərə söykənilən, reinkarnasiya və çoxallahlı panteona inanılan bir dindir. Bu dində artıq tanrıların sayı çoxalır, təriqətlər yaranır və Şiva və Vişnu əsas tanrı səviyyəsinə qalxır.

Hindistan mifologiyasında birdən çox yaradılış əfsanəsi mövcuddur. Onlardan sadəcə birini yazacağıq.

Deməli, ən qədim Vedik mətn olan Rig Vedada, minlərlər başı, gözü, ayaqları olan Pruşa adında bir div vardır. Pruşa əlləri ilə dünyanı qucaqlayanda, Tanrılar bu hərəkətinə heyrətlənir və onu qurban edirlər. Böyük bir div olan Pruşanın yağlarından heyvanlar yaranır. Bədən üzvlərindən isə Agni (alov tanrısı), Varun ( su tanrısı),  Vayu ( külək tanrısı) və İndra ( hava və müharibə tanrısı) yaranır.
Bu da o müqəddəs mətn
Hə, bir də onu qeyd edək ki, Hindistanda olan və çox vacib olan dəxilsiz kasta Pruşanın bədənindən formalaşır.
1. Brahmanlar
2. Ksatriya
3. Vaikya
4. Çudra
Bir də Allahın bədbəxtləri olan, heç bu 4 sistemə də daxil ola bilməyən "Parya sinfi" mövcuddur.
    Tanrılar  Asuralar və Devalar olaraq iki hissəyə ayrılır. Asuralar şəri, Devalar isə xeyri təmsil edir. Bəzən həm asur, həm də deva olan tanrılar da var.
Qədim və Əsas Vedik Tanrılar:
1. İndra
2. Mitra və Varuna
3. Agni
4. Brihaspati
5. Soma
6. Savitar
7. Ushas
8. Puchan
9. Şiva
10. Kali
11. Prajapati.

Qeyd: Qeyd edək ki, olduqca çox və qarışıq olan Hindistan mifologiyasına qısa işıq tutmağa çalışdıq. Ən azından burada yazılan adları araşdırsanız bir çox mənbə ilə qarşılaşa bilərsiniz. Sizə kömək edəcəyinə ümid edirik. Adları orijinal olaraq qeyd etmişik.

Mənbə: "Dünya Mitolojisi"

#Hindistan #mifologiya #Indra #Ramayana #Mahabharata #Kasta # Brahma # Budda #Rigveda #Vedikdovr #Varuna #dastan #asura #deva #prusha #Yajurveda #Samaveda #Hinduizm #purana 












среда, 10 июня 2020 г.

Heraklın 12 tapşırığı (Dodekathlon)


Salam əziz oxuyucular. Dünən yazdığımız məqalədə Heraklın doğulması, uşaqlığı, evliliyi haqqında məlumat vermişdik. Onu da qeyd etmişdik ki, Hera xanım Herakla dəlilik bəxş etmişdi, bunun da nəticəsində qəhrəman arvadını, uşaqlarını, qardaşı uşaqlarını öldürmüşdü, hətta bəzi mənbələrə görə az qala atasını da öldürəcəkdi, əgər Afina bunu görüb başına daş atmasaydı. Qətliamdan sonra Herakl günahlarını yumaq üçün Delfi kahinin yanına gəlir. O da onu Miken kralı Eurystheosun yanına göndərir və deyir ki, kral sənə nə əmr edirsə, baş üstə deyib yerinə yetirirsən. Kral da gözünə döndüyüm Herakla 12 tapşırıq verir. Bunlardan 6-sı Peloponnesiada, qalanları isə Yunan dünyasının digər bölgələrində bu ardıcıllıqla yerinə gətirilmişdir.

1. Nemea aslanını öldürmək. LEON NEMEİOS.

Orfos ilə Yexidnanın balası və Thebai Sfinksin qardaşı olan bu məxluq ay ilahəsi Selena tərəfindən Heraya verildikdən sonra tanrıça tərəfindən Nemeaya yerləşdirilmişdir. İki girişi olan bir mağarada yaşayan. bədəninə daş, dəmir, tunc, ox, sapand təsir etməyən aslan, ətrafdakı sürüləri məhv edirdi. Herakl mağaranın bir girişini bağladıqdan sonra(fonda Linkin Park-Numb) içəri girib aslanı bir küncə sıxışdırır və əli ilə aslanı boğaraq öldürür və heç bir silahın təsir etmədiyi dərisini, heyvanın öz pəncəsindən istifadə edərək soyur. Əlində dəriylə mağaradan çıxan qəhrəman, bu dəridən pelerin hazırlayır və dərinin baş hissəsi Herakla dəbilqə əvəzi olur.
Onu da deyək ki, Herakl aslanı ovlamağa gedəndə, yolda kasıb bir kənd olan Molorkhosa baş çəkir. Oğlu aslan tərəfindən öldürülən adam, yeganə qoçunu qəhrəmana qurban kəsmək istəyəndə, Herakl adama deyir: "30 gün geri qayıdacağımı gözlə. Qayıtsam mənim üçün, qayıtmasam Zevs üçün qoçu qurban edərsən".  30 gün tez gəlib keçir. Kişi Heraklın qayıtmadığını görür və qoçu qurban edir ki, bu zaman Herakl gəlir. Qoçun qurban edildiyi yerdə daha sonra Nemea oyunları keçirdilmişdir. Əlqərəz Miken kralı aslan dərisiylə şəhərə yaxınlaşan Heraklı görür və onun gücündən qorxaraq şəhərə girməsinə qadağa qoyur və tələb edir ki, bundan belə icra etdiyi tapşırıqlardan gətirdiklərini şəhərin girəcəyinə qoysun.

2. Lerne Əjdahasını öldürmək.  HYDRA LERNAİA, LERNAEAN HYDRA, HYDRA.

Tifon ilə Yexidnanın balası olan bu canavar Hera tərəfindən Amymone bulağında böyük bir çinar ağacının altında böyüdülmüşdür. Hydra, ilana bənzər bədənin üzərində 9 başı olan bataqlıq əjdahasıdır ki, ətrafdakı kəndlərə, tarlalara, camahatın heyvanlarına ziyan verirdi. Herakl da bataqlığa alovlu oxlar atır ki, bunun sayəsində əjdaha yuvasından çıxır. Əlindəki zopayla əjdahanın başını əzməyə başlayır. Bir də görür ki, əzdiyi bir başın əvəzinə 2 baş çıxır. Onda qardaşı uşağı İolaosa deyir ki, ətrafdakı meşəni oda versin və alov-alov yanan odunu gətirsin. Yanan odunu kəsdiyi başın yerinə tutur, dağlayır  ki, yenisi çıxmasın. Məqalədə o da yazılıb ki, bəzi müasir nəzəriyyəçilər guya deyirlər ki, bəs Herakl əjdaha öldürməyib, sadəcə bataqlığı qurudub yəni tapşırığı bu imiş. Qurutduğu hər bataqlığın əvəzinə yenisi ərsəyə gəlirmiş və bunu da Hydra ilə simvollaşdırıblar.

3. Qızıl buynuzlu Keryneia maralını tutmaq.

Herakl bilirdi ki,  Ov ilahəsi Artemidanın Oninoedə yaşayan və çox sürətlə qaçan müqəddəs dişi maralını öldürsə, ilahəni hirsləndirəcək, ona görə qərara gəlir ki, maralı ovlamasın, tutsun. Beləcə işə başlayan Herakl 1il ərzində maralın arxasınca düşür, nəticədə maral da yorulub əldən düşür. Əvvəlcə Artemision dağına qaçan, sonra isə Ladon çayını keçərkən Herakl tərəfindən oxla vurularaq yaralanan maral, qəhrəmanımız tərəfindən Tirynsə aparılır. Bu arada yolda Apollon ilə Artmediyla qarşılaşır, amma maralı onlardan gizlədə bilir. (Apollondan çıxmayan iş)

4.  Erymanthos qabanını tutmaq.

Qısa ayaqlarına baxmayaraq sürətlə qaçan qabanı tutur və Tirynsə aparır. Deyəsən qabanı qar uçqunun altında qoyur, məhz belə tuta bilir.

5. Kral Augeiasın tövləsini təmizləmək.

Atasından miras qalan böyük bir mal-qara sürüsünə sahib olan Elis kralının tövlələri təmizlənməli və torpaqlar gübrələnməliydi. Eurystheus da Heraklı alçatmaq üçün bu vəzifəni verir, Herakl da Augeiasa  tövlələri bir gün ərzində təmizləmək üçün krallığının yarısını və ya sürünün onda biri qarşılığında bu işi yerinə yetirəcəyini deyir və razılıq alır. Herakl əlində bellə tövləyə daxil  olur? Əlbəttə ki, yox. Alpheios və Peneios çaylarını məcrasını dəyişir və çaylar tövlənin içindən keçir, hər yer təmizlənmiş olur. Augeias da təmizliyin bu tərzdə edilməsini yaxşı qarşılamır şnki düşünür ki, Herakl olnu aldatdı. Bu səbəbə görə qəhrəmanı ölkəsindən qovur, kral da buna görə işi, ödəniş müqabilində verdiyi tapşırıqlar arasından çıxardır. Herakl daha sonra Arkhadialılardan bir ordu yığaraq Elis krallığına hücum edir, lakin kralın qohumları olan Molionidlər sayəsində qəhrəmanımız uduzur, ordusu pərən-pərən edilir,  İfiklis də ağır yaralanır. Hücum zamanı xəstə olan Herakl sağalanda əvvəlcə pusquya saldığı Molionidləri,sonra isə Augeisu öldürdükdən sonra taxtda lehinə danışan Phyleusu otuzdurur.

6. Stymphalos quşlarını yaşadıqları göldən qovalamaq.

Arkadiada Stymohalos gölü sahillərində yaşayan quşlar, bu ərazidə çoxalmış və nəticədə bağçalardakı meyvələrə ziyan vurmaqla qalmır, eyni zamanda tüklərindən ox kimi istifadə edərək insanlara hücum edirdilər. Herakl isə Hefistosun Afinaya hədiyyə etdiyi ciy səsli zınqırovu tanrıçadan alır və istifadə edir. Bunu eşidən quşlar uçub gedirlər, getməyəni də Herakl oxları ilə onları ovlayır.

7. Girit öküzünü əhliləşdirmək.

Girit Kralı Minos dənizdən çıxan ilk məxluqu Poseydona qurban edəcəyini deyir, lakin dənizdən çıxan öküz o qədər gözəl olur ki, kəsməyə əli gəlmir. Poseydon buna çox əsəbləşir və heyvana dəlilik göndərir, nəticədə insanlar öküzün əlindən zara gəlir. Herakl burnundan alov fışqıran öküzü tutaraq Tirynsə aparır.

8.Diomedesin insan əti yeyən madyanlarını tutmaq.

Herakl, Podargos, Lampon, Ksantos və Deinos adlı atları tunc novlarına bağlanmış vəziyyətdə insan əti yediklərini görəndə Trakya kralı Diomedisi zalımlığına görə öldürüb, cəsədini də madyanlara verir. (madyan -dişi at). Madyanlar sahiblərini də yedikdən sonra Herakla boyun əyirlər və qəhrəman da onlarl Eurystheosa aparır.

9. Hyppolytenin kəmərini gətirmək.

Müharibə tanrısı Ares, Amazon kraliçası Hippolyteyə kəmər hədiyyə edib. Bu kəməri də Eurystheos qızı üçün istəyir. Bir neçə dostuyla Themiskyraya gedən qəhrəman dərdini kraliçaya danışır, o da sağ olsun götürüb kəməri Herakla verir. Hera bir Amazon licminə girərək döyüşçülərə, Heraklın kraliçanı öldürdüyün deyir və döyüş başlayır. Herakl da elə bilir ki, bunu aldadıblar götürüb kraliçanı öldürür. (olan kraliçaya oldu)

10.  Canavar Geryoneusun mal-qarasını gətirmək.

Erythiada yaşayan və beldən bir -birinə yapışıq 3 adam formasında bir məxluq olan Geryoneus, qırmızı rəngli gözəl öküzlərini otladır və bu öküzlərə Typhon ilə Yexidnanın balası iki başlı it olan Orthos nəzarət edirdi. Herakl Okeanusu keçmək üçün Günəşin hər gün qərbə getdikdən sonra şərqə qayıtması üçün istifadə etdiyi  qabı bir günlüyünə Günəşdən alır və Okeanos qabı batırmaq istəyəndə də Heraklın oxlarının dadına baxmış olur. Adaya çatan qəhrəmanın üstünə hücum edən Orthosu, sonra çoban Eurytionu Herakl qəşəngcə zopasıyla çırpır, Geryoneusu isə oxla vuraraq öldürür. Herakl mal-qaranı götürüb Günəş qabının içərisində Tirinsə qayıdanda yatıb qalır və bundan istifadə edən Kakus adlı div mal-qaranı oğurlayıb mağarasına aparır. Herakl divin mağarasının tavanını sökür, çürümüş insan cəsədləri ilə dolu mağaraya girərək Kakusu  boğur, mal -qaranı götürüb gəldiyi yerə qayıdır.

11. Hesperidlərin qızıl almalarını götürmək.

Geya Heraya toy hədiyyəsi olaraq qızıl alma hədiyyə edir və ilahə də bunları Atlas dağının ətəyindəki bağçasına əkir, heç kim oğurlamasın deyə də qoruqçu olaraq  Hesperidlər olaraq bilinən Aigle, Erythie və Hesperarethousa adlı 3 pəri ilə Tifon ilə Yexidnanın balası olan 100 qollu əjdahanı yerləşdirir. Herakl bağçaya gedərkən Liviyanın hakimi olan və hər xarici vətəndaşa güləşməyi təklik edən Geyanın oğlu Antheusla qarşılaşır. Güləş zamanı gücünü torpaqdan aldığını bilən Herakl, rəqibinin ayaqlarını havaya qaldırır və boğaraq öldürür. İllyriada da rastlaşdığı su pərisindən öyrənir ki, bəs dəniz tanrısı Nereus gedəcəyi yer haqqında hər şey bilir. O da gedib tanrını tutub bağlayır və istədiyi məlumatı əldə edir. Liviya və Ərəbistandan keçərək Günəşdən aldığı qabla Qafqaz dağlarına çatır və burada kimlə qarşılaşır? Əlbəttə ki, Prometeylə. Burada qartalı öldürür və titanı sərbəst buraxır. Prometey də ona deyir ki, Əjdahayla döyüşmək əvəzinə Atlası tapsın və almaları ona yığdırsın.. Burada Atlas məqaləsində qeyd etdiyimiz hadisələr baş verir. Qısaca  yazaq ki, Atlas səmanı Herakla verir və gedib almaları yığır, ancaq qayıdanda yenidən yükün altına girmək istəmir. Bunu hiss edən Herakl da deyir ki, "Atlas kömək elə bəs səma  sürüşür çiynimdən". Atlas kömək edəndə də Herakl səmanı yenidən Titanın çiyinlərinə qoyur və almaları götürüb gedir. Bir başqa mənbəyə görə Herakl Atlasla təmasda olmayıb, əjdahanı öldürüb, sonra da almaları götürüb gedib. Hesperidlərdə o qədər kədərlənirlər ki, qaraağac, söyüd və qovaq ağaclarına çevrilirlər.

12. Yeraltı dünyasına gedərək 3 başlı it olan Kerberi tutmaq.

Herakl bu tapşırığı icra etməsi üçün əvvəlcə yeraltına getməliydi. Hermes və Afinananın köməyi ilə Eleusisin sirlərini öyrənir və Ölülər ölkəsinə gedib, salamat qayıtmağın sirlərindən agah olur. Tenaros və Pontos Herakleiadakı bir mağaradan içəri girərkən qəhrəmanı görən ölülər başlayır qaçmağa, amma Qorqon Meduza ilə Meleagros qaçmır və Heraklın qarşısına çıxır. Hermes Heraklı xəbərdarlıq etmişdi  ki, qarşısına Meduzanın ruhu çıxacaq, onunla döyüşmə. Kədərli hekayəsinə qulaq asdıqdan sonra Herakl Meleagrosa bacısı Deineira evlənəcəyinə and içir. Yoluna davam edən qəhrəman Persefonanı qaçırtmağa gələn Theseus ilə Pitihoos ilə qarşılaşmış, canlı olduqları halda cəsarətlərinə görə zəncirə vurulmuş iki gəncdən Theseusu, sonra isə bir qayanın altında qalan Askalaphosu xilas etmişdir. Nəhayət Aidin qarşısına çıxır və Kerberosu aparmaq üçün ondan icazə istəyir, o da silahdan istifadə edilməyəcək şərti ilə razılaşır. Herakl Kerberi aslan dərisinə bükür və heyvanı Tirynsə aparır. Kral onu görən kimi qorxusundan pis günlər üçün hazırlatdığı bir kubun içində gizlədir, qəhrəman da iti yenidən Aidə geri qaytarır.

Mənbə: Özhan Öztürk məqalələri.

#Herakl #Zevs #Apollon #Hermes #Afina #Hera #Geya #MAdyan #12tapşırıq #Kerber #Artemida #Atlas #Pormetey #Qafqazdağları

вторник, 9 июня 2020 г.

Herakl

 
Yunan mifologiyasında Herakl, Roma mifologiyasında isə "Herkül", "Hercules" olan qəhrəman, Zevs ilə Alkmenenin oğludur. Təsvirlərdə Aslan dərisi geyinən və əlində dəyənək olan Heraklın gücü bütün ellərə məlumdur. Onu da yazaq ki, ən məşhur Yunan qəhrəmanlarından biridir. Bütün gücünü, "ölkəsini insanların rahat yaşayacağı təhlükəsiz bir yerə çevirmək" üçün sərf etmişdir. "Heraklidlər" adı verilən qəbilənin atası olan Herakl, təbiət ilə mübarizə aparan insanoğlunun güc və bacarığının fərdiləşdirilmiş halıdır.

HERAKL KİMDİR?

Zevs həmişəki kimi eşqə düşür, kimə? Amphitryonun yoldaşı Alkmeneyə ( pay atonnan haa) Deməli, Alkmeneyə sahib olmaq istəyən Zevs, nə edim? necə edim? deyə fikirləşərkən, Teleboialılara hücum planlayan Thebalili General Amphitryonun evdən gedişindən xəbər tutur. Bu fürsət qaçarmı? Təbii ki, yox! Gözünə döndüyüm Zevs, generalın licminə girir və Alkmeneyə sahib olur. Səhər evə qayıdan Generalla da bir yerdə olan Alkmene hamilə qalır və bətnində həm Zevsin, həm də Amphitryonun uşağını daşıyır. Əlqərəz, bu uşaqlar dünyaya gəlir. Vəziyyətdən xəbəri olan Amphitryon, yoldaşını diri-diri yandırmaq üçün bir tonqal hazırlayır, amma Zevsin göndərdiyi yağış buludu alovu söndürəndə Amphitryon həqiqəti dərk edir və Zevsin oğlunu da öz oğlu kimi böyüdür. Zevsin oğlunun adı Alkeus, Amphitryonun oğlunun adı isə İphiklesdir.


Zevsi çiçəyə belə qısqanan Hera, buna necə göz yumdu?

Baaaa heç göz yumar? Xatırlayırsınızsa "Hekatenin heyvanları" adlı məqaləmizdə porsuq heyvanı haqqında danışmışdıq. Birinci mərhələni qısa olaraq ordan oxuya bilərsiniz. Bu qədər işdən sonra Heraklın doğulmağı Heraya bir təhqir kimi idi. Bir də "Prometey" məqaləsində yazmışdıq ki, bir kihanətə görə Zevsin bir uşağı onu taxtdan edəcək və Heraya görə bu, Herakl idi. Məhz ona görə, əlini çırmalayıb başlayır işləməyə. Zevs də "necə edim ki, elə uşaq doğulan kimi ölməsin" deyə düşünür və elə o dəqiqə ağlına Hermes gəlir. Deməli, Hermes körpə Heraklı yatan Heranın sinəsinə qoyur və körpə Heranın südünü əmir. Oyanıb bunu görən Hera, uşağı bir kənara tullayır və elə bu zaman ağzından südü qaytaran Herakl, süd yolunun yaranmasına vəsilə olur. Bundan başqa, Herakl artıq ölümsüz olmuşdur. Heranın ikinci cəhdi Herakl 8 aylıq ikən baş verir. Belə ki, uşağı sancması üçün iki ilan göndərir, ilanları görən İphikles ağlayır, Herakl da bunu eşidib oyanır və ilanları boğur. Elə bu zaman Amphitryon uşaqlardan hansının tanrı, hansının öz oğlu olduğunu anlayır. Hera qalsın burda, görək bu uşaqlar necə böyüyürlər? Deməli, Amphitryon uşaqları üçün Linosdan musiqi və ədəbiyyat müəllimi gətizdirir, uşaqlar da bu dərsləri öyrənirdilər. Lakin dəcəl Heraklı müəllimi döymək istəyəndə, Herakl bir zəbəylə adamı öldürür ( Gərək Linosdan gəlməyəydi, Zoomdan keçərdi dərsi). Məhkəmə qurulur və etdiyi hərəkət özünümüdafiə adlandırıldığı üçün bəraət qazanır. Di gəl ki, dədəsi oğlunun bu hikkəsinin başına bəla olacağını anlayır və onu çoban olaraq böyütməyə başlayır. ( nə bilim ey, Zevsin oğlu olasan, çobanlıq edəsən) Tartaros adlı İskitli bir çobanla öküzlərə nəzarət edən Herakl, bu adamdan ox atmağı, araba sürməyi öyrənib, daha sonra isə Eumolposdan musiqi dərsləri almışdır. Heraklın 18 yaşı olanda, atasının və qonşu Kral Thespiosun sürülərini məhv edən Kitharon aslanını öldürür və bununla da ilk uğurunu qazanır. Mükafat olaraq da Thebai Kralının qızı Megara ilə evlənir və 3 övladı olur. Toyda Hermes qılınc, Apollon yay və ox, Hefistos qızıl zireh, Poseydon at, Afina isə gözəl bir paltar hədiyyə edir.


KİTHARON ASLANI.
 
Ay bala bu uşaq 18 yaşında bu aslanı necə öldürüb? Bunun üçün qəhrəmanımız Thespiosun sarayında yaşamağa başlayır və 50 gün aslanı təqib edib, izləyir. Burda olduqca maraqlı bir hadisə yaşanır. Deməli bu ölkənin qeyrətli kralı istəyir ki, məşhur qəhrəmandan nəvələri olsun. Aha? Hər gecə Heraklın otağına bir qızını göndərir və nəticədə 50 qızı hamilə qalır ( Özüm ölüm Hindistan belə bu qədər şişirdə bilməzdi haaa) və Thespiosoğulları adlı bir sülalə yaranır. Nəysə, qayıdaq aslana. Qəhrəman bu aslanı öldürür, geri qayıdarkən Thebailərdən aldıqları xəracla geri qayıdan Orkhomenos kralının elçiləri ilə qarşılaşır və onların qulaqlarını kəsib əllərinə verir və deyir ki, bunu kralınız Erginosa aparın. Erginos da Thebaiyə hücum edir, ancaq ordu Herakl tərəfindən məğlubiyyətə düçar olur. Bu döyüşdə oğlunun yanında döyüşən Amphitryon həlak olur.

Bəs qeyd etdiniz ki, adı Alkeusdur, Herakl hardan çıxdı?

Qəhrəmanın əsl adı Perseus soyundan gəldiyinə görə babası kimi Alkeus (Alkaios) və ya Alkides (Alkeides) olmuşdur. Çalası Hera, bir gün bu bədbəxtə dəlilik bəxş edir. Ağlını itirən Alkeus yoldaşını və uşaqlarını, hətta qardaşının uşaqlarından ikisini öldürdükdən sonra özünə gəlir. ( bunları görəndən sonra nə yaxşı ağlı yerində qalıb?)  Günahlarını yumaq üçün Delfi kahini Pythianın yanına gəlir, qadın da ona hər yerdə məşhur olan ləqəbi verir - Herakl (Heranın şərəfinə)! Günahını ödəməsi üçün Miken Kralı Eurystheusun yanına göndərir və deyir ki, kral nə deyir, nə istəyirsə onu mütləq yerinə yetirməlidir. Miken kralının Herakla verdiyi vəzifə də mifologiyada "Heraklın 12 vəzifəsi" adı altından tanınmışdır.

Heraklın başına gələn macəralar.

"Arqonavtlar"məqaləsində qeyd etmişdik ki, bəs Herakl da bu macəraya qoşulur, amma yolda dəlilik bəxş edildiyinə görə İphitusu öldürür. Delfi kahinin yanına gəlir ki, müalicə olunsun. Gözünə döndüyüm kahin də buna cavab vermir. Buna əsəbləşən Herakl, (tünddü xasiyyəti) müqəddəs stolu götürüb başqa bir məbədə aparacağını deyəndə, Apllon özünü yetirir ki, başına dönüm etmə -eləmə, qoy stolu yerinə. Paaaa Heraklın beyni çönmürmü? Başlayır Apollonu döyməyə, axırda Zevsin ildırımı ilə sakitləşir, kahinlər də kömək edəcəklərini deyirlər. ( Bax beləəə)

Heraklın Ölümü.

Herakl Ölülər Dünyasında söz verir ki, Meleagerin bacısı Deianira ilə evlənəcək. Elə evlənir də. Bu evlilikdən 5 uşağı olur. Bir gün yoldaşı ilə çayı keçəndə Nessos adında bir kentavr Deianiraya çayı keçməyinə kömək etmək təklifi edir. Yolun yarısına çatanda qadına təcavüz etmək istəyir, elə o anda Herakl bir oxla kentavrı öldürür. Ölməzdən əvvəl kentavr, qanını verir qadına ki, bəs bunu saxla. İşdi birdən bir gün Herakl səni aldatmaq istəyər (başqa qadını nəzərdə tutur) onda bu qanı onun paltarlarından birinə tök, bax o zaman Herakl sonsuza qədər səndən başqa heç kimlə maraqlanmayacaq. Beləcə illər keçir və Herakl əsir bir şəhzadəyə vurulur. Qadın da ümidlə qanı paltara tökür və geyinməsi üçün Herakla verir. Hardan biləydi ki, ərinə zəhərli köynək geyindirib. Herakl bərk xəstələnir və bir gün köynəyi əynindən çıxardan da dərisi də köynəklə bərabər çıxır və dözülməz ağrıya bir çarə tapmazsa öləcəyini başa düşür. Heraklın böyük oğlu Hyllos qəhrəmanı, cənazəni Oita dağına aparır və atası üçün bir tonqal hazırlayır. Odunlar Philoktetes tərəfindən yandırılanda, bir ildırım odun yığının ortasına düşür və aləmi aydınladır. Bir bulud yerə gələrək qəhrəmanı Olimp dağına, tanrıların yanına aparır və beləcə Herakl ölümsüz olur.
Qeyd: Məqalədə daha çox orijinal adlardan istifadə etmişik.
Mənbə: Greek mythology, Özhan Öztürk məqalələri, Antik Tarih, istəsəniz Rezonansa da baş çəkin. Təzə kəşf etdiyim bir saytdır, Öz dilimizdədir.
Bizi:
Tveetler: https://twitter.com/CeksonPersi Persi Cekson Mifologiya_Azerbaijan
İnstagram: Percy Jackson və Mifologiya
səhifələrindən izləyə bilərsiniz.

#Zevs #Herakl #Hera #Amphitryon #Alkeus #Megara #Delfi #Kahin #KitharonAslan

среда, 3 июня 2020 г.

Sərv Ağacının Mifik Hekayəsi


Salam əziz mələzlər! Bugün sizə qısa bir mifik hekayədən yazacağıq. Bu əfsanə Sərv ağacı haqqındadır.

Əfsanəyə görə Cyparissus çox yaxşı bir ovçu və eyni zamanda emosional biri idi. Çox gözəl şeirlər yazır ki, bu şeiri eşidənlər heyran qalırmış. Təbii ki, bir yerdə şeir varsa, o yerdə tanrı Apollon da var. Bu şeirləri eşidən Apollon Cyparissus ilə tanış olur və ondan xoşu gəlir. Belə ki, ona gözəl bir maral hədiyyə edir. Buynuzları qızıldan olan bu maral, ovçunun ən yaxın dostu olur. Cyparissus çox yaxşı ovçu olmasına baxmayaraq, bir gün bilmədən maralı vurur. Bəzi mənbələrə görə Apollon, bu ikilini qısqandığına görə bu hadisə başlarına gəlir. Nəticədə, hər iki halda çox sarsılan Cyparissus, Apollondan kömək istəyir. Qəzəbi daha üstün olan Apollon, onu qəmin, kədərin simvolu olan Sərv ağacına döndərir. Cyparissusa baxaraq, “Mən, sənin üçün yas tutacam, sən də digərləri üçün yas tutacaqsan” deyir.

Sərv ağacının latınca adı “Cupressus”dur və adını bu hekayədən götürüb.

Qeyd: Orijinal adlardan istifadə etmişik.

Mənbə: Ağacların mitolojik öyküleri

#Apollon #Sərvağacı #Cupressus #Cyparissus #Yunanmifologiyası