воскресенье, 9 ноября 2025 г.

QANEŞA ( Hind mifologiyası)


 

Qaneşa hinduizmdə müdriklik və gözəl sənətlər tanrısı, maneələrin qaldırıcısı, Dharmanın qoruyucusu, yaxşı şansın tanrısı, Karmanın və Kosmik yaddaşın tanrısı, eyni zamanda elmlər hamisidir. "Qa" Buddhi yəni elmi simvolizə edir. "Na" isə Vijnana yəni hikməti təmsil edir. Hind mifologiyasında bütün atom və enerji qruplarının sahibi Qaneşadır. Hind mifologiyasına görə kainatın var olma səbəbi olan enerjinin özü məhz Qaneşadır. Qaneşaya Jainizm və Buddizm dinlərində də sitayiş edirlər. Qanapatya Hindu məzhəbində Qaneşa ən vacib tanrılardan biridir. Qaneşa "Mahaqanapati" nin mücəssəməsi hesab olunur. Qaneşanın fil başı - ruhu, insan bədəni isə - mayanı təmsil edir. Qaneşa Şiva və Parvatinin ilk oğludur. Bharati, Riddhi və Siddhinin yoldaşıdır. Bəzi mənbələrə görə 2 oğlu var: Kşema və Labha. Marathi, Malayalam və Kannadada -- Vinayaka, Tamildə Vinayaqar, Telequda isə Vinayakudu olaraq bilinir. 

Məşhur Svastika işarəsi Qaneşanın işarəsidir. Karmanın sahibi olan Qaneşa insanın həyatında rastlaya biləcəyi bütün hadisələri idarə edə bilir. Ona görə də hindular bütün özəl arzularını Qaneşaya deyirlər.

SVASTİKA İŞARƏSİ


Qaneşa Upanişadda belə deyir:

"Sən saf şüursan, sən Brahmansan, sən "mən"sən, sən ağıl və biliksən, bütün bu dünya səndə görünür. Sən yer, su, hava və odsan. Sən Brahma, Şiva və Vişnusan."

Həyatı:
Qaneşa Parvati və Şivanın oğlu, Karthikeyanın qardaşıdır. 
Bir gün Parvati öz bədənindən gil götürərək oğlan uşağı yaradır. Bir gün Şiva çimərkən oğlundan xahiş edir ki, ətrafa nəzarət etsin. Şiva evə qayıdıb, Qaneşanı görəndə təəccüblənir. Qaneşa Parvatinin oğlu olduğunu deyir və onu içəri buraxmır, Şiva da buna çox əsəbləşir və Qaneşa ilə döyüşmələri üçün şeytan bhutaqanaları çağırır. Qaneşa bhutaqanalara qarşı qorxmadan döyüşsə də Vişnunun gözəlliyi qarşısında diqqəti yayınır və elə o andaca Şiva uşağın kəlləsini vurur. Parvati gəlib mənzərəni görəndə Şiva ilə dalaşır və bütün kainatı dağıtmaqla hədələyir. Şiva da öz hərəkətindən məyus olur və öz ardıcıllarına buyurur ki, ilk rast gəldikləri canlının başını gətirsinlər. Onlar bir filin başını gətirirlər və Şiva onu Qaneşanın bədəninə birləşdirir. Beləcə Qaneşa fil başlı tanrıya çevrilir və müdriklik, səbir və mərhəmətin simvolu olur.

Qaneşa qarınlı, sarı və ya qırmızı (müəyyən rənglər, müəyyən formalarla əlaqələndirilir. Hindu ikonoqrafiyasına dair traktat olan Şritattvanidhidə xüsusi meditasiya formaları ilə rəng birləşmələrinin bir çox nümunəsi qeyd edilmişdir. Məsələn, ağ onun Heramba-Qanapati və Rina-Moxana-Qanapati (Əsarətdən Azad Qanapati) kimi təmsilləri ilə əlaqələndirilir. Ekadanta-Qanapati bu formada meditasiya zamanı mavi təsvir edilir.) dörd qollu ( Ən qədim mənbələrdə 2 qollu, 9 və 10-cu yüzillikdə isə 14, 16, 20 qollu təsvir edilir) və fil başlı təsvir edilir. Alnında bir hilal, bəzi məzhəblərə görə isə hilal ilə yanaşı üç xətdən ibarət tilaka da var. Bir çox təsvirlərdə ya bir siçanın üzərindədir ya da yanında bir siçan vardır. 

13-cü əsrə aid Qaneşa heykəli


Qaneşanın mənəvi simvolikası:

Fil başı - müdriklik və düşüncə gücünü təmsil edir.

Böyük qulaqları - başqalarını dinləməyin vacibliyini göstərir.

Kiçik ağız - az danışmaq, çox düşünmək simvoludur.

Böyük qarın - dünyanı və həyatın bütün təcrübələrini qəbul etməyi ifadə edir.

Siçan - kiçik varlıqların da böyük gücə sahib ola biləcəyini göstərir. 

Qırıq bir diş - onun hər cür dualizmi aşdığını ifadə edir. Bəzi mənbələrdə isə Qaneşa dünyanın ən uzun dastanlarından biri olan Mahabharattayı yazarkən qələmi qırılır və tək dişini sındıraraq dastanı yazmağa davam edir ki, burda sınıq diş elmi təmsil edir. 

(Qırıq diş haqqında bir çox qeydlər var. Onlardan birinə görə Qırıq dişinə görə Qaneşanın ilk adı "Ekadanta" ( tək dişli) olmuşdur. Digərləri qalsın növbəti hissəyə)

Alnındakı Tirişula - zamanın sahibi olduğunu, keçmiş, indi və gələcəyə bağlı olmadığını göstərir.

Xortum - daxili dünyanın dərinliklərini araşdırmaq üçün enerjini ifadə edir. 

Bədənin duruşu və xortumu AUM-un təsviridir.

Ayaqlarının forması  dünyada yaşamağın vacibliyini vurğulayır, lakin bu dünyada olmadan. 

Onun dörd qolu dörd daxili keyfiyyəti təmsil edir: ağıl, bilik, nəfs və vicdan.

Qaneşanın əlindəki əşyalar:

1 Ladu (şirin konfet) - bilik və müdrikliyin bəhrəsini simvolizə edir.

2. Balta ( ankuş) - insanın mənfi meyllərini və istəklərini kəsmə gücünü təmsil edir.

3. İp (pasha) - insanın ağlını və duyğularını idarə etməyi bildirir.

4. Əl jesti (abhaya mudra) - qorxudan azadlıq və ilahi himayəni göstərir. 

5. Zambq - ruhun təkamülünün tamamlanması və bunun xoşbəxtliyini ifadə edir.

Qaneşa hinduizm dininin qoruyucusu və hamisi hesab olunur. Hindu olmaq istəyən hər kəs  əvvəlcə Qaneşə ibadət etməli, onun qəbulunu, səmimiyyətini qazanmalıdır. Hinduların fikrincə  Qaneşaya sitayiş etmədən və onun dostluğunu qazanmadan hindu olmaq mümkün deyil. Qaneşa -"Pratham Pujya" yəni başqa bir tanrıya sitayiş etməzdən əvvəl ilk sitayiş olunmalı tanrı ünvanına sahibdir. 


İbadət və festivallar:

Qaneşa ilə əlaqəli ən məşhur mantralardan biri Om Gaṃ Ganapataye Namahdır (Om, Gaṃ, Ordular Rəbbinə salam).

Fədailər Qaneşaya modaka və laddus adlanan kiçik şirin toplar kimi şirniyyatlar təqdim edirlər.

Qaneşa ilə əlaqəli festivallar, Bhadrapada ayının (avqust/sentyabr) śuklapakṣa (böyüyən ayın dördüncü günü) günü qeyd olunan Qaneşa Çaturthi və ya Vinayaka çaturthī və Kathurthathukī günündə (Qaneşanın doğum günü) qeyd olunan Qaneş Cayantidir.

Qaneşin Bayramı – Qaneşa Çaturthi

Bu bayram Qaneşin doğum günü kimi qeyd olunur və Hindu təqviminə görə Bhadra ayının (avqust-sentyabr) parlaq iki həftəsinin dördüncü gününə təsadüf edir. 10 gün Qaneşa şərəfləndirilir.

Festival insanların tanrının ziyarətini simvolizə edən Qaneşanın gil bütlərini gətirmələri ilə başlayır. Festival, bütlərin (murtilərin) ən uyğun su hövzəsinə batırıldığı Ananta Çaturdaşinin günündə başa çatır. Bu mərasim Qaneşin ilahi aləminə qayıdışını simvollaşdırır. 

Bəzi ailələrdə 2-ci, 3-cü, 5-ci və ya 7-ci gündə suya dalmaq ənənəsi var. 1893-cü ildə Lokmanya Tilak bu illik Ganesha festivalını şəxsi ailə şənliklərindən böyük ictimai tədbirə çevirdi. O, bunu Maharaştrada ingilislərə qarşı millətçi səylərində "brahminlərlə qeyri-brahmanlar arasında körpü yaratmaq və onlar arasında yeni bir xalq birliyi yaratmaq üçün uyğun kontekst tapmaq" üçün etdi.

Xüsusilə Maharashtra, Goa və Tamil Nadu ştatlarında çox təmtəraqlı şəkildə qeyd olunur.

Məbədlər:

Qaneşaya həsr olunmuş bir neçə məbəd var; Maharaştrada Aştavinayak (Sanskrit: अष्टविनायक; aṣṭavināyaka; "səkkiz Qaneşa (məbəd)") xüsusilə məşhurdur. Pune şəhərinin 100 kilometr radiusunda yerləşən səkkiz məbədin hər biri özünəməxsus ənənələri olan Qaneşanın xüsusi formasını qeyd edir. Səkkiz məbəd bunlardır: Morqaon, Siddhatek, Pali, Mahad, Theur, Lenyadri, Ozar və Ranjanqaon.

Aştavinayak məbədi

Aşağıdakı yerlərdə bir çox digər mühüm Qaneşa məbədləri var: Mumbaydakı Siddhivinayak məbədi, Ganpatipuledəki Ganpatipule məbədi.

Qaneşa məbədləri Hindistandan kənarda, o cümlədən Cənub-Şərqi Asiyada, Nepalda (Katmandu vadisindəki dörd Vinayaka ziyarətgahı daxil olmaqla) və müxtəlif qərb ölkələrində də tikilmişdir.

Qaneşa haqqında ilk mənbələr:

Qaneşaya eramızdan əvvəl 1-ci əsrə və eramızın 2-ci əsrlərinə aid olan hindu mətnlərində rast gəlinir.Hindu mətnlərində onu Şaivizm ənənələrindən olan  Parvati və Şivanın oğlu kimi göstərir, lakin o, müxtəlif ənənələrdə rast gəlinən Pan-Hindu tanrısıdır. Ona həsr olunmuş əsas mətnlər arasında Qaneşa Purana, Mudqala Purana və Qanapati Atharvasirsha var. 

#mifologiya #hindmifologiyası #hinduizm #Ganesha #mythology #hindupanteon #Qaneşa #ARQONAVTLAR #mitoloji #shiva #parvati #siddhi #svastika #PrathamPujya #GaneshaChaturthi #mantra #Ashtavinayak #məbəd

Комментариев нет:

Отправить комментарий