понедельник, 24 апреля 2023 г.

YASƏMƏN (Hindistan mifologiyası)

Bu günlərdə Yasəmən çiçəyinin ətri bütün diyara yayılıb, dünən də mənə bir buket  Yasəmən çiçəyi hədiyyə etdilər və çiçəyə baxa-baxa, qoxlaya-qoxlaya onun mifik hekayəsi ağlıma gəldi. Bu gün də o haqqda yazmaq istəyirəm. 


    Günlərin bir günü bir Hindistanlı Şəhzadə Günəş ilahı olan Surya Devaya vurulur. Məhəbbəti o qədər güclü olur ki, eşqini ilaha bildirmək qərarına gəlir. Beləliklə də şəhzadə bütün cəsarətini toplayaraq Surya Devaya eşqini elan edir. Günəş ilahı isə "Olmaz" deyir və "nə etsək də bir-birimizin tayı ola bilmərik" deyir. Bu sözləri eşitdikdən sonra şəhzadə özünə qəsd edir və bədəni yandırılaraq, külləri yer kürəsinə səpilir. Küllərinin dəydiyi hər torpaqda yasəmən ağacı cücərir. Şəhzadə Günəşə o qədər küsür, o qədər ondan inciyir ki, onu görmək istəmir və ona görə Yasəmən çiçəyi ancaq gecələr açır və ətrini bütün dünyaya saçır düzzz sübhə qədər. 
Sonralar hindlilər bu çiçəyə "ilahi ümid" adını veriblər. Eşq qədər uca və ümid qədər ilahi olduğuna görə. Çünki hər eşq yeni bir ümiddir axtaran və yaşayan üçün. Hər eşq, aşiq yox olub, küllərindən yenidən doğulana qədər ümidi içində saxlayır. Yasəmənlər kimi yeni bir həyatın çiçəklənməsi üçün sevən bir qəlb lazımdır. 
Şəhzadə də olsan, kral da olsan, təkcə aşiq olmaq yetmir cücərməyə. Əgər hazırsansa külə dönməyə, bax o vaxt çevrilərsən yasəmənə. Sadəcə o vaxt çox gözəl ətrin olar və paylaşarsan digər insanlarla.

Mənbə: Yogadergisi

#Yasəmənçiçəyi #çiçək #hekayə #yasəmən #hindistan  #hindmifologiyası #günəş #ilah #SuryaDeva #məhəbbət #love #flower #mythology #myth #story #flowerstory #lilac #india #ilahiümid #mitoloji #çiçek  #сирень #мифология #sungodindia #sungod #god #ARQONAVTLAR

воскресенье, 23 апреля 2023 г.

PİQMALİON VƏ QALATEANIN HEKAYƏSİ (Yunan Kipr mifologiyası)

 

"Piqmalion və Qalatea" Ernest Norman.1886.

    Bu hekayə gözəlliyin və məhəbbətin ilahəsi olan Veneranın doğulduğu Kipr torpaqlarında yaranmışdır. Hekayəyə Ovidin "Metamorfozlar" əsərində, daha dəqiq desək, bu əsərin onuncu kitabında olan "Orfeusun mahnısı-Piqmalion" adlı şeirində rast gəlirik. Keçid alaq məşhur hekayəyə 😊

    Deməli, əsərimizin qəhrəmanı Piqmalion bir heykəltəraşdır. Bəzi qaynaqlara görə o zamanlar qadınlar özlərini ilahə Veneraya bənzətdikləri üçün azad və olduqca şəhvətli və arsız idilər, buna görə də Piqmalionun qadınlardan zəhləsi gedirdi. Özünə söz vermişdi ki, heç bir qadınla evlənməyəcək və ömrünün axırına qədər tək yaşayacaq. Digər mənbələrdə isə qeyd edilib ki, Kipr torpaqlarında yaşayan qadınlar ilahə Veneraya hörmətsizlik ediblər və nəticədə onun qəzəbinə düçar olublar, ona görə də Piqmalionun qadınlardan zəhləsi gedir və qadınsız yaşamağa and içir. Əlqərəz hər iki mənbə burada birləşir, belə ki, qadınsız yaşamağa başlayan heykəltəraş Piqmalion, fil dişindən mükəmməl bir qadın heykəli yaradır, bu heykəl o qədər gözəl, o qədər füsünkar olur ki, Piqmalion ona "Yatan Eşq" mənasına gələn "Qalatea" adını verir. Qalatea gözəlliyi ilə Piqmalionu özünə aşiq edir və heykəltəraş özündən asılı olmadan başlayır heykəl ilə insan kimi davranmağa. Ona paltar geyindirir, bahalı aksesuar taxır və günlərini onun yanında keçirdir. 

Ovid əsərində belə qeyd edib:

...Yanır könlü Piqmalionun, dayana bilmir artıq.

Tez-tez sarılır, qucaqlayar, öpərdi bu heykəli

Fildişi olduğunu ağlına da gətirməzdi

Öpür, söhbət edir, söz eşitmək istəyərdi

Əli əl, qolu qol zənn edib oxşayardı,

Barmağı ilə toxunsa, incinər, pis olardı deyə qorxardı

Ondan yaxınlıq umardı...

Artıq eşqindən dəli olan Piqmalion dərdini Veneraya danışmağa qərar verir və ilahənin yanına gedir. Gedir, ilahəyə qurbanlar da təqdim edir, dərdini danışanda bir heykələ vurulduğunu deməyə utanır, bilmir necə desin, onun əvəzində ilahədən heykəlinə oxşar bir yoldaş bəxş etməyini arzulayır. 

...Siz tanrılar,

Bir qadın verin mənə, əlinizdən gəlir bu,

Bənzəsin fildişi qadına, onun kimi olmasın

Kömək etsin mənə...

"Piqmalion və Qalatea" Jeon -Leon Gerome. 1890
.

    İlahə Venera da digər dualardan fərqli olan bu duanı eşidir və çarəsiz eşqi hiss edir. Piqmalion evinə qayıdıb həmişəki kimi heykəlini öpəndə görür ki, heykəlin dodaqları istidir. Düşünür ki, günəş heykəlin üzərinə düşüb ona görə istidir, yenidən üzünə baxanda görür ki, sevgilisinin yanaqları qızarıb, tez əlini biləklərinə aparır və nəbzi hiss edir. Qalatea fil dişi heykəlindən, ağappaq bədənli bir qadına çevrilir. Piqmalion və Qalatea evlənirlər və bu cütlüyün Pafos adlı bir dənə də uşaqları olur. 

"Piqmalion və Qalatea" Jeon -Leon Gerome. 1890


    Təkcə bu iki rəssam deyil, bu hekayə bir çox rəssama ilham pərisi olmuşdur.

Mənbə: Sanata Dair, Vikipediya, Lise Tabella

#mifologiya #hekayə #PiqmalionVəQalatea #qalatea #Galatea #Pygmalion #hikaye #mitoloji #Kipr #yunan #greek #mythology #myth #Venus #Venera #ilahə #goddess #tanrı #Ovidius #Ovid #Metamorfoz #Metamorphoses #Pafos #Paphos #JeonLeonGerome #ErnestNorman #heykəl #sculpture #heykəltəraş #мифология #ARQONAVTLAR

суббота, 22 апреля 2023 г.

Huqin və Munin ( German-skandinav mifologiyası)

   

     Huqin və Munin German-skandinav mifologiyasında Odinə xidmət edən qarğalardır. 
Huqin - "düşüncə", Munin - "arzu və ya zəka" deməkdir. 
Quşlar hər gün sübh çağında Midqarda gedir, axşam isə geri qayıdıb Odinə gördüklərini danışırlar.
Bu quşların görünüşü isə adi qarğalardan fərqlənmir. Uzun caynaqlar, qara dimdik və qara lələklər. Bu quzğunlar adi qarğalar kimi görünsələr də Odin onlara güclər bəxş etmişdir. İlkin ondan ibarətdir ki, Huqin və Munin gün ərzində bütün Midqardı dairə vura bilirlər, yəni gün ərzində dünyanın hər yanına uçub, geri qayıda bilirlər. İkincisi odur ki, hər iki quzğun kişilərin dilini başa düşür, hətta danışa bilirlər. Üçüncüsü isə bu quzğunların çox kəskin zəkası və mükəmməl müşahidə qabiliyyətləri var. Hər ikisi Odinin sadəcə xəbərçisi deyil, eyni zamanda sirdaşları və məsləhətçiləridirlər. Bundan başqa hər iki quzğun Odini müharibədə də müşayiət edirdilər çünki həm düşmənin hərəkətlərini Odinə çatdırırdılar, həm də atına istiqamət verməsinə, atını sağaltmasına kömək edirdilər. 
    Bəzi alimlər Huqin və Munini Odinin fylgjuru olduqlarına inanırlar. Fylgjur (adam nə deyə, nə də yaza bilir :D ) german-skandinav mifologiyasında ruh heyvanı mənasında işlədilir. Bu heyvanlar insanın öz xarakterini təmsil edir. Məsələn: Tülkünü fylgja olaraq işlədən adam deməli, çox hiyləgər bir insandır. Quzğunlar da german-skandinav mifologiyasında müdrikliyi təmsil etdiyinə görə onlar Odinin fylgjuru kimi qəbul edilir.
    Digər alimlər isə bu quzğunların Odinin hamingjası olduğuna inanırlar. German-skandinav mədəniyyətinə görə ruh bir neçə ayrıla bilən hissədən ibarətdir. Haminqja da bu hissələrdən biridir və ruhun ən vacib hissəsi olmadığına görə kiçik işlərdə istifadə olunur. 

Quzğunlar tarixdə
 5,6 və 7-ci əsrlərdə quzğunları qızıl amuletlərdə (dua, həmayil), dəbilqə lövhələrində, çiyin lövhələrində görə bilərik. 9-cu əsrə aid Viking gəmisində  Oserberq Qoblenində də bu quzğunları görə bilirik. İsveçrə, Danimarka, İngiltərədə insanlar güc və rəhbərlik üçün Huqin və Munini çağıran dualar oxuyurdular. 
Norveç Kəşfiyyat Tışkilatının Gerbi



Quzğunlar ədəbiyyatda
 Quzğunlarla Poetik Edda da və The Prose Edda da, həmçinin Heimskringlada da rastlaşırıq. 

Huqin və Munin hər gün
Əngin Yer kürəsi üzərində uçurlar.
Mən (Odin) qorxuram ki,
Huqin geri dönməsin;
Lakin Munin üçün daha çox qorxuram.


Mənbə: Vikipediya, KızlarSoruyor
Qeyd: Bəzi adları orijinal saxlamışıq.

#German #Skandinaviya #Germanskandinaviya #mifologiya #HuqinVəMunin #HuginnMunin #Odin #Midqard #Midgard #mythology #PoetikEdda #TheProseEdda #Heimskringla #quzğun #qarğa  #viking #amulet #Haminqja #Hamingja #fylgja #mitoloji #мифология #ХугиниМунин #ARQONAVTLAR