воскресенье, 21 августа 2022 г.

DEMETRA ( Yunan mifologiyası)

 


    Demetra yunan mifologiyasında bolluq, bərəkət, əkinçilik, taxıl və məhsuldarlıq ilahəsidir. Roma mifologiyasında ona Ceres deyilirdi. 

    Kron və Rheyanın 2-ci övladı olan Demetra, digər tanrı və ilahələrlə müqayisədə daha önəmli ilahədir. Homerin dastanlarında ilahədən "Gözəl saçlı kraliça", "Gözəl hörüklü Demetra" deyə bəhs edilir. 

    Demetra ya saçları çiyinlərinə tökülmüş halda, ya da qıvırcıq və ya hörüklü, taxıl ilə bəzədilmiş, başında örtük, saçı açıq, bəzən də diadema (başlıq) ilə, sağ əlində taxıl, sol əlində isə məşəl ilə təsvir edilir. 

    İnsanlar həmişə Demetraya inanırdılar. Onun könlünü xoş tutmaq istəyirdilər çünki əkinçilik, məhsuldarlıq olmasaydı, insanlıq da var ola bilməzdi.

    Demetra heç vaxt evlənməmişdi, amma bacısı Hestia kimi də bakirə qalmamışdır. Bərəkət ilahəsinin ilk məhəbbəti tanrı Zevsdir. Bu ikilinin məhəbbətindən gözəllər gözəli qızları Persofona və oğlu İacchus doğulur. Mifologiyada Persofona xeyli məşhur, İacchus isə sadəcə Eleusus Sirrlərində görünən ikinci dərəcəli bir tanrıdır. 

    İlahənin digər məhəbbəti isə İasiondur. Bir toya qatılan Demetra gənci görür və ona bir könüldən, min könülə aşiq olur. Təbii ki, gəncimiz də ilahəyə vurulur. Bunu eşidən Zevs də çox əsəbləşir və bəzi mənbələrə görə gənci bir ildırımla öldürür, bəzilərinə görə isə şikəst edir. Əlqərəz bu ikilinin də iki oğlu olur: Plutos və Filomelus. Belə ki, Plutosun mənası sərvət deməkdir və O, bərəkətin, sərvətin qoruyucusu kimi tanınırdı. Yenə bəzi mənbələrdə qeyd edilir ki, dinc oturmayan Zevs, onu kor etmişdir.  Filomelus isə əkinçi həyatı yaşayıb, öldükdən sonra da çoban ulduzuna çevrilmişdir.

    Bir digər eşq macərası isə (gör evlənsəydi nolardı...) Poseydon ilə əlaqədardır. Yox, yox səhv başa düşməyin. Bu səfər eşq deyil. Necə yəni? Deməli, Hera canı yanmış Poseydonun yoldan çıxardır ki gedib Demetra ilə olsun. Bunu hiss edən Demetra da madyana (dişi at) çevrilir ki, bəlkə Poseydon bundan əl çəkə. O da hara? Poseydon gözünə döndüyüm də ayğıra çevrilir və bu ikisi birlikdə olur. Bu əlaqədən isə Despoine adlı bir meşə pərisi və Areyon adlı sehirli bir ilahi at doğulur. Amma ilahə Poseydonun bu hərəkətinə o qədər qəzəblənir ki, ona Qorqon ləqəbi verilir və onu Demetra Erinye və Demetra Luiza kimi yad etməyə başlayırlar. Əfsanəyə görə ilahə Ladon çayında çimərək bu qəzəbindən xilas ola bilmiş və əvvəlki halına qayıda bilmişdir. 

    Demetranı yunanlılar bu adlarla yad etmişdilər: Aqanippe (qarabasma), Axaeya, Erines (amansız), Anesidora (torpaqdan hədiyyə verən), Kidaria (başı örtüklü), Khole (yaşıl sürgün), Khthonia (torpaqda), Lusiya, Maloforos (alma yığan), Thesmoforos (Ənənə bəxş edən) , Thermasia (isti)

    Demetranın olduğu əfsanələr: Persofonanın qaçırılması, Eleusisli Triptolemos, Eleusis Sirrləri

    Demetraya həsr olunmuş bayramlar: Thesmoforiya bayramı. Haloa bayramı. Skira bayramı. Makra Misteriya

    Thesmoforiya bayramı

Bu bayram toxum əkmə vaxtı olan Pianopsion (Oktyabr-Noyabr) ayının 9-dan 13-ə qədər davam edən 5 günlük şənlikdir. 

Bu şənliyə sadəcə qadınlar gələ bilərdi. Bu şənlik bir növ evlənmə və analığa hazırlıq xeyir-duası sayılırdı. 

Şənlik ərəfəsində Persefona çiçək yığarkən qaçırıldığına görə başlarına çiçək taxmırdılar, Hadesin Persefonanı narla aldatdığına görə də nar yemirdilər.

Haloa Bayramı.

Haloa bayramı sadəcə Eleusisdə qeyd edilən bir bayramdır. Qış fəslinin ortasında ( dekabr-yanvar) Bərəkət ilahəsi və qızı Persefonanın şərəfinə keçilirdi. Yunanca "meycə bağçası" deməkdir. 

Bu bayramda çoxlu nar yeyilirdi, çünki nar bərəkətin simvolu sayılırdı. 

Bayramın məqsədi torpağın qış fəslində itirdiyi bərəkəti yenidən canlandırmaqdır. 

Skira Bayramı

Bu bayram yay fəslində (İyun, iyul) keçirildi. Qadınlar tərəfindən sirrli bir ayin kimi keçirilirdi. Bu ayin yer kürəsinin məhsuldarlığı, Persefonanın qaçırdılması və qayıdışı ilə əlaqəli idi. 

Eleusis qadınları

Makra Misteriya

Bu bayram 5 ildən bir sentyabr ayında keçirili və 9 gün davam edirdi. Müqəddəs günlərdə hamı iş-gücdən əl çəkir, sadəcə yeyib, içib, əylənirdi. 

Bayramın məqsədi İlahə Demetra ilə qızı Persefonanı başa düşmək və onlar ilə aralarında əlaqə yaratmaq idi. Gənc qızların yetişkin olması, qadın olmağa hazırlanması üçün bu onlar üçün vacib bir bayram idi. 

Ayinə gələn qadınlar heç kimə bir kəlmə də deməyəcəkləri üçün and içirdilər. Buna görə ayində nə baş verdiyini heç kim bilmir. 

Demetranın kult mərkəzi

Attikada Eleusis, Giritdə Hermion, Lerna, Xiya, İasos, Pergamon, Siciliya və s

Yeri gəlmişkən Eleusisdə ilahəyə həsr olunmuş məbəd var.

Mənbə: Tarihli sanat. 


#mifologiya #demetra #demeter #persefona #persephone #yunanmifologiyası #greek #yunan #mythology #bolluq #bərəkət #əkinçilik #ilahə #tanrı #Zevs #Poseydon #İasos #Plutos #MakraMysteria #Skira #Haloa #Thesmophoria #Eleusis #Girit #tarix #sənət #art #history #romamifologiyası #Ceres #Kron #Rheya #Hestia #Hades #Arion #Kidaria #Despoine #DemetraErinye #Ladon #ARQONAVTLAR

Комментариев нет:

Отправить комментарий