воскресенье, 21 августа 2022 г.

DEMETRA ( Yunan mifologiyası)

 


    Demetra yunan mifologiyasında bolluq, bərəkət, əkinçilik, taxıl və məhsuldarlıq ilahəsidir. Roma mifologiyasında ona Ceres deyilirdi. 

    Kron və Rheyanın 2-ci övladı olan Demetra, digər tanrı və ilahələrlə müqayisədə daha önəmli ilahədir. Homerin dastanlarında ilahədən "Gözəl saçlı kraliça", "Gözəl hörüklü Demetra" deyə bəhs edilir. 

    Demetra ya saçları çiyinlərinə tökülmüş halda, ya da qıvırcıq və ya hörüklü, taxıl ilə bəzədilmiş, başında örtük, saçı açıq, bəzən də diadema (başlıq) ilə, sağ əlində taxıl, sol əlində isə məşəl ilə təsvir edilir. 

    İnsanlar həmişə Demetraya inanırdılar. Onun könlünü xoş tutmaq istəyirdilər çünki əkinçilik, məhsuldarlıq olmasaydı, insanlıq da var ola bilməzdi.

    Demetra heç vaxt evlənməmişdi, amma bacısı Hestia kimi də bakirə qalmamışdır. Bərəkət ilahəsinin ilk məhəbbəti tanrı Zevsdir. Bu ikilinin məhəbbətindən gözəllər gözəli qızları Persofona və oğlu İacchus doğulur. Mifologiyada Persofona xeyli məşhur, İacchus isə sadəcə Eleusus Sirrlərində görünən ikinci dərəcəli bir tanrıdır. 

    İlahənin digər məhəbbəti isə İasiondur. Bir toya qatılan Demetra gənci görür və ona bir könüldən, min könülə aşiq olur. Təbii ki, gəncimiz də ilahəyə vurulur. Bunu eşidən Zevs də çox əsəbləşir və bəzi mənbələrə görə gənci bir ildırımla öldürür, bəzilərinə görə isə şikəst edir. Əlqərəz bu ikilinin də iki oğlu olur: Plutos və Filomelus. Belə ki, Plutosun mənası sərvət deməkdir və O, bərəkətin, sərvətin qoruyucusu kimi tanınırdı. Yenə bəzi mənbələrdə qeyd edilir ki, dinc oturmayan Zevs, onu kor etmişdir.  Filomelus isə əkinçi həyatı yaşayıb, öldükdən sonra da çoban ulduzuna çevrilmişdir.

    Bir digər eşq macərası isə (gör evlənsəydi nolardı...) Poseydon ilə əlaqədardır. Yox, yox səhv başa düşməyin. Bu səfər eşq deyil. Necə yəni? Deməli, Hera canı yanmış Poseydonun yoldan çıxardır ki gedib Demetra ilə olsun. Bunu hiss edən Demetra da madyana (dişi at) çevrilir ki, bəlkə Poseydon bundan əl çəkə. O da hara? Poseydon gözünə döndüyüm də ayğıra çevrilir və bu ikisi birlikdə olur. Bu əlaqədən isə Despoine adlı bir meşə pərisi və Areyon adlı sehirli bir ilahi at doğulur. Amma ilahə Poseydonun bu hərəkətinə o qədər qəzəblənir ki, ona Qorqon ləqəbi verilir və onu Demetra Erinye və Demetra Luiza kimi yad etməyə başlayırlar. Əfsanəyə görə ilahə Ladon çayında çimərək bu qəzəbindən xilas ola bilmiş və əvvəlki halına qayıda bilmişdir. 

    Demetranı yunanlılar bu adlarla yad etmişdilər: Aqanippe (qarabasma), Axaeya, Erines (amansız), Anesidora (torpaqdan hədiyyə verən), Kidaria (başı örtüklü), Khole (yaşıl sürgün), Khthonia (torpaqda), Lusiya, Maloforos (alma yığan), Thesmoforos (Ənənə bəxş edən) , Thermasia (isti)

    Demetranın olduğu əfsanələr: Persofonanın qaçırılması, Eleusisli Triptolemos, Eleusis Sirrləri

    Demetraya həsr olunmuş bayramlar: Thesmoforiya bayramı. Haloa bayramı. Skira bayramı. Makra Misteriya

    Thesmoforiya bayramı

Bu bayram toxum əkmə vaxtı olan Pianopsion (Oktyabr-Noyabr) ayının 9-dan 13-ə qədər davam edən 5 günlük şənlikdir. 

Bu şənliyə sadəcə qadınlar gələ bilərdi. Bu şənlik bir növ evlənmə və analığa hazırlıq xeyir-duası sayılırdı. 

Şənlik ərəfəsində Persefona çiçək yığarkən qaçırıldığına görə başlarına çiçək taxmırdılar, Hadesin Persefonanı narla aldatdığına görə də nar yemirdilər.

Haloa Bayramı.

Haloa bayramı sadəcə Eleusisdə qeyd edilən bir bayramdır. Qış fəslinin ortasında ( dekabr-yanvar) Bərəkət ilahəsi və qızı Persefonanın şərəfinə keçilirdi. Yunanca "meycə bağçası" deməkdir. 

Bu bayramda çoxlu nar yeyilirdi, çünki nar bərəkətin simvolu sayılırdı. 

Bayramın məqsədi torpağın qış fəslində itirdiyi bərəkəti yenidən canlandırmaqdır. 

Skira Bayramı

Bu bayram yay fəslində (İyun, iyul) keçirildi. Qadınlar tərəfindən sirrli bir ayin kimi keçirilirdi. Bu ayin yer kürəsinin məhsuldarlığı, Persefonanın qaçırdılması və qayıdışı ilə əlaqəli idi. 

Eleusis qadınları

Makra Misteriya

Bu bayram 5 ildən bir sentyabr ayında keçirili və 9 gün davam edirdi. Müqəddəs günlərdə hamı iş-gücdən əl çəkir, sadəcə yeyib, içib, əylənirdi. 

Bayramın məqsədi İlahə Demetra ilə qızı Persefonanı başa düşmək və onlar ilə aralarında əlaqə yaratmaq idi. Gənc qızların yetişkin olması, qadın olmağa hazırlanması üçün bu onlar üçün vacib bir bayram idi. 

Ayinə gələn qadınlar heç kimə bir kəlmə də deməyəcəkləri üçün and içirdilər. Buna görə ayində nə baş verdiyini heç kim bilmir. 

Demetranın kult mərkəzi

Attikada Eleusis, Giritdə Hermion, Lerna, Xiya, İasos, Pergamon, Siciliya və s

Yeri gəlmişkən Eleusisdə ilahəyə həsr olunmuş məbəd var.

Mənbə: Tarihli sanat. 


#mifologiya #demetra #demeter #persefona #persephone #yunanmifologiyası #greek #yunan #mythology #bolluq #bərəkət #əkinçilik #ilahə #tanrı #Zevs #Poseydon #İasos #Plutos #MakraMysteria #Skira #Haloa #Thesmophoria #Eleusis #Girit #tarix #sənət #art #history #romamifologiyası #Ceres #Kron #Rheya #Hestia #Hades #Arion #Kidaria #Despoine #DemetraErinye #Ladon #ARQONAVTLAR

вторник, 16 августа 2022 г.

Ölüm ilə evlənən qız - Mrizala (Alman mifologiyası)

     


    Alman nağıllarında çox gözəl bir qızdan bəhs edilir. O qızın adı Mrizaladır. Bu qız hər şeyi bəyənmirmiş, onunla evlənmək istəyənləri hər dəfə bir bəhanə ilə yola salmış, rədd cavabı vermişdir. Buna dözə bilməyən anası da deyib ki, "belə getsə evdə qalacan. Subay öləcən" (bu temalar hər yerdə və hər əsrdə) deyəndə qız da bezib cavab verir ki, "Kaş ölüm gəlib mənimlə evlənərdi".  Elə bu vaxt qapı döyülür və içəri çox yaraşıqlı gənc bir oğlan daxil olur. (Ölüm də haya bənd imiş) . Gələnin ölüm olduğunu başa düşməyən Mrizala oğlanla bir neçə gün keçirdir və ona aşiq olur. Mrizala çox xoşbəxtdir, amma arada sevgilisinin bir neçə gün ortadan yoxa çıxdığını görür və bu ərəfələrdə nə işlə məşğul olduğunu öyrənmək istəyir. Gözünə döndüyüm düşür oğlanın arxasınca düz kilsəyə qədər gedir və görür ki, oğlan bir körpəni qızardıb yeyir. Şok keçirdən qızın ağlına birdən ürəkdən etdiyi mənasız arzusu gəlir və növbənin ona çatacağını bilir. Sakitcə evə qayıdır. Səhərisi gün oğlan qızdan kilsədə nə gördüyünü soruşur, amma qızdan cavab ala bilmir. Belə olduqda atası, bir gün sonra isə anası ölür. Sonra növbə qıza çatır və oğlan yenə nə gördüyünü soruşur, qız yenə heç nə cavabını verir. Beləliklə qız da ölür və torpağa basdırılır. Qəbrinin üstündə bir çiçək açır, o qədər gözəl bir gül olur ki, şəhzadə yoldan keçərkən gülü görür və ona vurulur. Sarayına çatır və əmr edir ki, o gülü dərib gətirsinlər. O gül saraya daxil olandan şahzadə hər gün yuxusunda Mrizalanı görməyə başlayır və getdikcə ona aşiq olur. Əlqərəz min bir əziyyətlə qızı yenidən həyata qaytarır və onunla evlənir. Xoşbəxt günlər davam edir taaaa ki, Mrizala dünyaya uşaq gətirənə qədər. Belə ki, uşaq doğulan kimi yenə gənc və yaraşıqlı Ölüm peyda olur və uşağı boğub öldürür. Sonra yenə qıza nə gördüyünü soruşur, qız da nuh deyib, peyğəmbər deməyəndə Ölüm də deyir ki, gedirəm şəhzadəni öldürməyə. Bax o zaman Mrizala gördüyü hər şeyi danışır. Ölüm də eşitmək istədiyi cavabı alanda qıza xatirə qalsın deyə qızıl bir üzük verib yoxa çıxır.

Mənbə: Dünya Mitolojisi

Qeyd: şəklin hekayə ilə yeganə əlaqəsi mövzu ilə uyğunlaşmasıdır. 


#mifologiya #dünyamifologiyası #almanmifologiyası #alman #hekayə #rəvayət #german #mythology #Mrizala #ölüm #death #ARQONAVTLAR

Yogen no Tori (Yapon mifologiyası)

    

Yogen no tori yapon mifologiyasında iki başlı kihanət quşudur. Başlarından biri ağdır. İnanclara görə bu quş, danışa bilir və epidemiyalar, vacib məsələlər haqqında insanlara xəbər verməkləri üçün tanrılar tərəfindən göndərilirlər. 
Bu quş haqqında o qədər də məlumat yoxdur. Baxmayaraq ki, o bir youkaidir, buna rəğmən o,  sadəcə vacib mesajı çatdırdıqda görünür. 
Yapon inanclarında bu heyvan çox müqəddəs hesab olunur. Belə ki, inanclara görə onların təsvirləri belə pis ruhları evlərdən uzaqlaşdırır. Hətta deyilir ki, daimi olaraq Yogen no torinin rəsminə baxmaq, izləyicini zərərdən qoruyur. 
Yogen no Toriyə ilk dəfə Edo dövrünün mənbələrində rast gəlirik. Sonralar isə bu youkai ilə 1858-ci ilin məqalələrində rastlaşırıq. Belə ki, 1858-ci ildə Yaponiyada vəba epidemiyası başlayır. Epidemiya zamanı Kai əyalətindən (Yamanaşi prefekturası) Kizaemon adlı hökumət rəsmisi Yogen no tori adlı əfsanəni tapır və  Bōshabyō ryūkō nikki jurnalında nəşr etdirir. Onun məlumatına görə 1857-ci ilin dekabrında Kaqa əyalətində (indiki İşikava prefekturası) Haku dağı yaxınlığında Yogen no tori görülüb. Quş deyib: "Təxminən gələn ilin avqust və sentyabr aylarında dünya əhalisinin 90%-ni öldürəcək bir fəlakət baş verəcəkdir. Səhər- axşam mənim surətimə baxanlar bu əzabdan xilas olacaqlar." (Mən də deyirəm yaponlar Covid-19-dan necə belə tez qurtula bildi. Səbəbi bəlliymiş 😄) 
Kizaemon inanırdı ki, Yogen no tori tanrının elçisidir və O, bunu Kumano Qongenin böyük gücünün simvolu elan edir. Quşun təsvirini də jurnalda çap etdirir ki, insanlar onu görə, özlərini bu sayədə qoruya və ondan güc ala bilsinlər. 
Biz də rəsmini paylaşırıq nə olar, nə olmaz deyə 😁

Mənbə: Yokai.com

#mifologiya #mythology #japan #yaponmifologiyası #yogennotori #kihanət #quş #epidemiya #tanrı #youkai #yokai #ARQONAVTLAR

понедельник, 8 августа 2022 г.

SOBEK (Misir mifologiyası)

    


 Sobek qədim Misirdə Nil, məhsuldarlıq, cəsarət və timsah tanrısı idi. Qədim Misir torpağında Sobek ən çox hörmət edilən və ən çox qorxulan tanrı idi.

    Sobek tez-tez Horus, Ra və Set kimi tanrılarla əlaqələndirilirdi. İnanclara görə timsah başlı tanrı kimi təsvir edilən Sobek davamçılarını pis ruhlardan qoruyurdu. Hətta Fironun ordusu döyüşdən əvvəl güc və cəsarət verməsi üçün Sobekə dua edirdilər. 

    Deyilənlərə görə Sobekin anası qədim müharibə ilahəsi Neyt, atası isə xaos tanrısı Setdir. Buna görə də bəzən Sobeki Setin elçisi kimi görür və ondan qorxurdular. Bundan başqa Sobekin Horusun oğlu olduğu deyilən mənbələr də var ki, misirlilər buna görə onu yaxşı bir tanrı kimi görürdülər. 

    Bəzi mənbələrə görə Nil çayını məhz Sobek yaratmışdır. Əgər Nil çayını Sobek yaradıbsa, deməli, çayın nə zaman qalxacağını, nə zaman enəcəyini də məhz Sobek bilirdi, çünki çaya o hökmranlıq edirdi. Nil çayı da Misir üçün həyat deməkdir. Məhz buna görə Sobekə məhsuldarlıq tanrısı kimi də sitayiş edirdilər. Nil təkcə bərəkət gətirirdi? Əlbəttə yox. Nil çayı timsahlarla dolu idi və bu da hər bir misirli üçün qorxu mənbəyi idi. Ona görə Sobekdən qorxurdular.

    "Piramida mətnləri" və "Ölülər Kitabı" kimi qədim Misir mətnlərində Sobek timsah başlı insan kimi təsvir edilir. Bu təsvir Köhnə Krallıq dövründə daha çox yayılmışdır. Bəzi təsvirlərdə isə başdan ayağa timsah kimi təsvir edilir. Ancaq Orta Krallıq dövründə insanlar Sobeki tez-tez Ra və Horusla əlaqələndirməyə başlayır və beləliklə də Sobek -Ra görünüşü ortaya çıxır, başının üzərində günəş halqası ilə təsvir olunur. Eynilə Sobek -Horus təsvirləri də vardır. 



    Orta Krallıq dövründə Sobekin şöhrəti və ehtiramı ən yüksək həddə idi. O tez-tez Horusla birlikdə yad edilir. Çünki qədim misirlilərin belə bir inancı var idi ki, Sobek bir dəfə Horusun dörd oğlunu Nildə boğulmaqdan xilas edib. 

OSİRİS VƏ SOBEK

    Rəvayətə görə Set Osirisi parçalara ayırır və  parçalanmış bədəni Nil çayına tullayır. Sobek Setin bədənini 14 hissəyə parçaladığını bilir və Nilə atılmış parçaları yeməyə davam edir. Bu murdar hərəkətinə görə Sobek tanrı məhkəməsinə çıxarılır və mühakimə olunur. Nəticədə günahlandırılır və cəza olaraq da dili kəsilir. Buna görə də təsvirlərdə Sobek dilsiz göstərilir. 

    Sobek Köhnə Krallıq dövründə (e.ə 26 - e.ə 21) yarandı və Misirin Şedyet şəhərində çox məşhur idi. Qədim yunanlılar bu şəhəri Shedyet yəni "Timsah şəhəri" kimi tərcümə edirdilər. Ona görə də Sobekin kult şəhəri Krokodolpolis idi. Məhz güman edilir ki, bu şəhərdə Sobekin şərəfinə nəhəng məbəd ucaltmışdılar. Məbədin yaxınlığındakı gölməçədə isə timsah saxlayırdılar. Məbədin timsahı "Sobekin oğlu" və ya  "Petsuços" (Petsuchos) kimi hörmətlə qarşılanırdı. Timsahla kral kimi rəftar edirdilər. Ən yaxşı yemək və ətla qidalanır, hətta Sobekdən qorunmaq ümidi ilə qurban da kəsirdilər. Məbədin timsahı öldükdən sonra mumyalanır və yerinə başqa bir timsah qoyurdular. Məşhur yunan tarixçisi Herodotun yazdığına görə qədim misirlilər inanırdılar ki, bir timsahın əlində ölmək, ölümdən sonrakı həyatda ilahi bir məkanda olacaqlarına zəmanət idi. ( Tay heş zad) 


    Sobekim simvolu timsahdır. Ona görə də Misirdə timsahlarla əlaqəli hər şey ya qorxu, ya da hörmətlə qarşılanırdı. 

    Sobekin həyat yoldaşı isə ilanlar ilahəsi Renenutet idi. Bu ilahəyə məhsulların keşikçisi kimi baxır və hörmət edirdilər. Mənbələrə görə bu cütlüyün ay və zaman tanrısı olan Xonsu adlı uşaqları var.

SOBEK HAQQINDA ƏLAVƏ MƏLUMATLAR

    Deməli, Misirin ilk fironlarından sayılan Firon Hor-Aha Sobekin dindar davamçısı idi. Belə ki, firon Faiyumda tanrının şərəfinə bir neçə məbəd tikdirmişdir. 


    Orta Krallıq dövründə Sobek Horusun 3 şagirdindən biri kimi təsvir edilirdi. Horusun Triadası. 

    Sobekə sitayiş və pərəstiş 12-ci sülalə fironları I Amenemhat və I Senusretin dövründə pik həddə çatmışdır. III Amenemhat tez -tez "Şedetli Sobekin sevgilisi" adlandırılırdı. Firon Sobekneferu- Misirin ilk qadını fironuna Sobekin şərəfinə bir ad verilir. Adının mənası isə "Sobekin gözəlliyi" deməkdir. 

    Orta Krallıq və Yeni Krallıq dövründə inanılırdı ki, fironlar güclərini Sobekdən alırlar.

    Sobekin dini mərkəzi Krokodopolis idi. Bura indi Faiyum şəhəridir. Qahirənin yüz kilometr cənub-qərbində yerləşir. 

    Sobekin başqa məşhur dini mərkəzi isə Kom Ombo idi. 

    Qədimdə misirlilər nə qədər qorxulu olsa da evlərində timsah saxlayırdılar və düşünürdülər ki, bu timsah evlərinə xeyir gətirəcək və özlərini, təsərüfatlarını pis ruhlardan və pis insanlardan qoruyacaqdır.

    Sobek çox xeyirxah, güclü, cəsarətli bir tanrı idi. Bunu misal olaraq Horusun övladlarını xilas etmişdir. Eyni zamanda çox yırtıcı bir heyvandır və tanrı olmasına baxmayaraq bu heyvani hissindən əl çəkə bilmir. Buna misal olaraq Osirisin parçalanmış bədənini yeməyini göstərirlər. 

    Qədim misirlilər dəfn olunarkən yanlarına həm körpə, həm də yetişkin timsah mumyaları qoyurdular, hətta obiri dünyada Sobekə layiq olmaq üçün timsah yumurtalarını və embrionunu ölü timsahlarla birlikdə basdırırdılar. 



Mənbə: Myths and Facts about Seth

#mifologiya #mythology #misir #misirmifologiyası #Egypt #tanrı #ilahə #Sobek #timsah #timsahtanrısı #ilanilahəsi #ilan #Krokodopolis #şəhər #kultmərkəzi #firon #Horus #Ra #Faiyum #Shedyet #Crocodopolis #set #Seth #Nilçayı #çay #Nil #Osiris #Triada #Renenutet #Xonsu #zamantanrısı #ARQONAVTLAR