суббота, 13 октября 2018 г.

Məktəb vaxtı müəllimimiz löhvədə nəisə yazanda şagirdlərdən hər hansı birinin səs saldığını başını çevirmədən  anlaya bilirdi. Biz də "müəllimin sanki arxada da gözü var" deyərək gülüb keçərdik.
Siz də belə hadisə ilə rastlaşmamış olmazsız... Bu mənə Düşərgəmizdəki qaşqabaqlı Arqusu xatırlatdı :)
Arqus-Mələz düşərgəsində mühafizə işini icra etməklə məşquldur. O, Hera tərəfindən İO adlı inəyə nəzarət etmək məqsədi ilə yaradılmışdır. Bəzi mənbərə görə o Arestofanın, digər mənbələrə görə İnahın, Arqos və İsmenanın, Agenorun və ya Geyanın özünün oğlu olduğu söylənilir. Rəvayətə görə Arqus Arkadiyi talan edən nəhəng öküzə qalib gəlib.
Bəzi mənbələrdə onun 4, 100 hətta 1000 gözü olduğu söyləniıir. 
Günlərin bir günü Zevs Heranın qadın kahinlərindən biri olan İOya vurulur. Bundan xəbər tutan Hera Zevsin onu inəyə çevirməsini əmr edir (və ya özü çevirir). Arqosa isə bu inəyi qorumaq həvalə edilir. Zevs isə İOnu oğurlamaq üçün Hermesə müraciət edir... amma bu artıq başqa hekayədir.
Arqus yuxu nədir bilmir. Bədəninin hər bir hissəsində gözlər var. Hətta dilinin üstündə belə. Bəlkə də, buna görə çox da ünsiyyətcil biri deyildir. Söhbət etməyi sevməsə də işini yaxşı icra edir.


четверг, 11 октября 2018 г.

AQRİY VƏ OREY

Aqriy və Orey Polifontenin ayıdan olan iki oğludur.

Böyük gücə malik olmaqlarına baxmayaraq balaca təpəgöz onlara qalib gələ bilər.
Xarici görünüşcə güləşcini xatırladırlar. Bədənləri qılla örtülüdür. Dırnaqlarını isə caynaqlar əvəz edir.
Bu obrazlarla ilk dəfə "Persi Cekson və Olimplilər- Canavarlar dənizi" kitabında tanış oluruq.
(Persi, Annabet və Tayson Şəhzadə Andromeda gəmisində gizlənərkən Aqriyin səsini eşidirlər)

Yüz başlı dəhşət

Tifon və ya Tayfun mifologiyada bir çox canavarların atası kimi tanınır. Anası Geya atası Tartardır. (Digər bir rəvayətə görə isə Hera onu Zevsə acıq olsun deyə yaratmışdır.) O, yeraltı alovların, vulkanların yer üzündə təmsilidir. Yoldaşı Exidna ilə bir çox canavarlar yaratmışdır. Titanlar göydən qovulduqdan sonra o tanrılara qarşı mübarizəyə başlamışdır. Yüz ədəd başı olduğu, başından alovlar, gözlərindən od saçdığı deyilir. Döyüşlərin birində Zevsi məğlub edir və parçalara ayıraraq mağaraların birinə gizlədir. Hermes və Pan Zevsin yenidən dirilməsinə kömək edir. Zevs də qarşılığında Etna dağını Tifonun üzərinə atır. Yeraltı vulkanların və lavaların Tifonun qəzəbi olduğu söylənilir.

понедельник, 1 октября 2018 г.

Kiklop və ya Təpəgöz. Çoban oğlu yoxsa Uran?

Kikloplar, Sikloplar, Təpəgözlər (yun. κύκλος girdə, όψις göz) üçü də eyni mənanı ifadə edir və dünya xalqlarının mifolagiyasında müəyyən rol oynayıblar. Kiklopların yunan mifologiyasında 3 növündən bəhs ediblər. Hesiodesin Teoginasiyasında qeyd edilən Geya və Uranın səmavi oğulları, digəri Homerin Odisseyasında qeyd olunan dəniz tanrısının Poseydonun oğlu Polifemusdur, sonuncusu isə ustalıqla məşğul olan tək gözlü nəhənglərdir.Deməli Geya və Uranın alınlarının ortasında bir dənə gözü olan Brontes, Steropes və Arges olan uşaqları dünyaya gəlir.
Brontes - göy guruldaması ; Steropes - Şimşək ; Arges - İldırımı təmsil edir.
İlk tanrılar haqqındakı yazılarımızın demək olar ki, hər birində Geya Uran münasibətindən bəhs etmişik. Ona görə qısaca yazacam. Geya Uranın yoldaşı və anasıdır. Ondan əvvəlcə 12 titan uşağı doğulur. Sonra da 100qollu 50 başlı hekotexeynləri və Kiklopları dünyaya gətirib. Uran da bunları görcək uşaqları bir -bir anasının qarnına yəni yerin altına göndərməyə başlayıb. Geya da buna dözə bilməyib uşaqlarını üsyana çağırır. Üsyan Uranın axtalanması və Kronun taxtda çıxması ilə başa çatır. Amma Kron da qardaşlarını yerin altından çıxartmır. Bu səfər Geya yenə köhnə üsuldan istifadə edib Zevsə məsləhət verir ki, ay bala bəs sənin Kiklop və Hekotexeynlər adlı qohumların da var. Əgər onları xilas etsən bu müharibədə qalib gələcəksən. Zevs də qohum-əqrəbasını ordan çıxardır. Kikloplar da Zevsə o məşhur şimşəyi, Aidə görünməzlik dəbilqəsini, Poseydona da üç dişli nizəni düzəldib verirlər. Ta daaaa Müharibəni Zevs udur.
Həmin bu 3 Kiklop dəmirçilikdə öz hünərlərini göstərirlər və tanrılar üçün zireh və silah düzəldirlər. Demək olar ki, bir market açırlar. Artemidanın istifadə etdiyi ox və yayları da Kikloplar düzəldib.

Homerin Odisseyasındakı Poseydon oğlu Polifemus
Bu hekayədəki Təpəgözlər digərlərindən çox fərqlidirlər, belə ki, onlar qanunlara tabe olmurlar və insan yeyirlər. Odisseyin hekayəsində yazılır ki, bir gün Odissey və adamları hamıya maraqlı olan Polifemusun mağarasında tələyə düşürlər. Sonda Odissey hər gün adamlarından ikisini yeyən Polifemusun yanına şərab süzməyə gedir. Şərabı çox sevən Polifemus Odisseyin adını soruşur o da cavabında "heç kim" çağırırlar məni deyir. Şərabın təsirindən Polifemus yuxuya gedir. Odisseyin adamları da hazırladıqları iti uclu nizəni təpəgözünü gözünə batırırlar. Dəhşətli bir sancıyla oyanan Polifemus dostları olan digər kiklopları çağırır. Hamı da mağaranın qarşısına toplaşıb soruşur : Polifemus gözüngü kim çıxardıf?-- Heçkim çıxardıb deyəndə Kikloplar dağılışırlar ki, -əə bu da bizlə məzələnir.
Polifemus naəlac durur mağaranın ağzında ki, qapıdan çıxanları yoxlasın. Basatın Təpəgözü öldürdüyü boydakı kimi Odissey və adamları qoyun dərilərinə bürünərək mağaradan çıxıb qaçırlar.
Odissey dabanına tüpürüb qaçarkən :D
Usta Kikloplar
Argolis kralı Abasın ölümündən sonra əkiz qardaşlar Akrisios ile Proitos arasında müharibə başlayır. Heç kim qalib gəlmədiyinə görə ölkə iki hissəyə bölünür. Bu müharibədə Qasterexeyrlər adlanan Kikloplar da iştirak edirlər. 7 nəfər olan və divar hörməklə pul qazanan bu Kikloplar Proitos ilə birlikdə Lykiadan Tirynisə gəlib, şəhər divarlarını möhkəmləndirmək üçün burada işləyiblər.
  Bir də bizim üçün möhtəşəm, ürəyimizin başında olan Kiklop Tayson var. Bu hekayəni də onu yad edərək yazdıq. Fındıq halvasına Eşq olsun!!!!!!!!

четверг, 27 сентября 2018 г.

Hekatonxeyrlər-Yüz qollu əlli başlı varlıqlar

Yunan mifologiyasında UranınGeyanın nəhəng, hərəsinin yüz əli və 50 başı olan oğlanları: Briarey - Güclü (yun. Βριάρεως), Gies - Qəzəbli (yun. Γύγης) və Kottos - Nəhəng qollu (yun. Κοττος) adlı uşaqları olub. Hekatonxeyr mənası Yunanca "100 qollu" deməkdir. Ataları Uran onları Tartara həbs etmişdir. Başlarına isə əqrəb quyruqlu dişi canavar olan Kampeni qoyur. Bunu etməsinin də iki səbəbi var, bunlardan birinə görə Uran belə uşaqlarının olmasından iyrənib və onları görmək istəməyib, digərində isə qeyd olunub ki, Uran onların sonsuz gücündən qorxub. Ona görə onları həbs etdirir. Düzdü Uran da, Kron da bunun əvəzini artıqlamasıyla ödəyir. Belə ki, taxtda əyləşən Kron qardaşlarını xilas etmək əvəzinə daha da dərinliklərə həbs edir. Kronun bu hərəkətini görən Geya Olimplilərin Titanlarla müharibəsində Zevsə Hekatonxeyrlərin və Kiklopların gücündən istifadə etməsini məsləhət görür. nəticədə Üç yüzqollular malik olduqları üçyüz əl-qol vasitəsilə düşmən istiqamətinə nəhəng qayaları atırlar. Titanlar nəhəng sal qayalar altında qalaraq əzilmiş olurlar, beləliklə də müharibənin taleyi həll edilmiş olur. Qaliblər məğlubları zəncirləyərək Tartara atırlar. Zevs yüzqolluları tartara salınmışların bir daha geri qayıda bilməmələri üçün nəzarətçi təyin edir.


Hekatonxeyrlər mifologiyada demək olar ki, elə də aktiv olmayıblar. Ona görə kitablarda onlar haqqında çox az məlumat verilir. Amma Briareyə Latınlılar Aegaeon (Egeon "dəniz keçisi") deyiblər. Bəzi mifologiya ekspertlərinə əsasən tsunamiləri, böyük zəlzələləri və bu kimi təbiət hadisələrini yaradan məhz Hekatonxeyrlərdir.

Titanlar

 
  Titanlar qədim yunan mifologiyasına əsasən Geya və Uranın uşaqlarıdır. Belə ki, onların birləşməsindən 6 qız və 6 oğlan titan doğulmuşdur. Uranın taxtdan endirilməsindən sonra taxtda Kron əyləşir. 
Titanlar Qızıl çağda dünyanı idarə edən ən güclü tanrı irqi olmuşdular. 
1. Okeanos - Okean tanrısı
2. Hiperion - Günəş tanrısı
3. Krios - Müharibə tanrısı
4. Teya -Dəyərli daşlar ilahəsi
5. Temis -Ədalət, ilahi qanun ilahəsi
6. Feba -Peyğəmbərlik (kəhanət) ilahəsi
7. Kron- Zaman tanrısı
8. Koy- Müdriklik tanrısı
9. İapet - Ölümlülük tanrısı
10. Reya - Doğurqanlıq, bərəkət ilahəsi
11. Mnemosina - Yaddaş ilahəsi
12. Tefida - Yeraltı suları, şirin sular ilahəsi

Urandan sonra baş verənlər

Deməli dedik ki, Geya övladlarını atalarına qarşı üsyana çağırır. Kron da ürəyindənmiş kimi anasının əlinə tutuzdurduğu orağı götürüb atası Uranın cinsiyyət orqanını kəsir. Orqandan axan qan torpağa düşür və bundan da Nəhənglər yaranır. Bundan başqa kəsilmiş orqan uçubbbb düşür dənizə. Qanın dənizin köpüyü ilə qarışmasından isə gözəllik və eşq ilahəsi olan Afrodita doğulur. Beləliklə də Afrodita da ilk doğulan tanrılardan biri olur. Bu kəsilmiş orqandan bir də Erinilər törəyir. Bundan sonra da taxtda zamanın hakimi Kron əyləşir. Hamı da sevinir ki, indi Kron gəlib bizi Yerin altından çıxardacaq, falan. Kron deyir siz saydığınızı sayın görün mən nə edirəm. Amma hardan bilərdilər ki, atasına rəhmət oxutduracaq. Homerə görə bir varlığın başına gələn ən pis şey varsa o da Tartarın ən qaranlıq, səssiz dərinliklərinə həbs olunmaqdır ki, Kron bunu qardaşlarına qarşı edir. O yazıq yüz əlli qardaşlarını, təpəgözləri, ayağına dolaşan hamını Tartara həbs edir.

среда, 26 сентября 2018 г.

Dünyanı idarə edən ilk səma tanrısı - URAN

Uran (yun. Οὐρανός, səma, göy) - Qədim yunan mifologiyasında dünyanı ilk idarə edən səma tanrısı, Geyanın əri, titanların, kiklopların və yüzqollu nəhənglərin atasıdır. Yunan mifologiyasında bütün dünyada ən böyük tanrı Uran sayılırdı.
Hesiod yazır ki, " Geyadan səma yüksəldi", "Uran Geyanın həm oğlu, həm də əri oldu." (nətər yəni ə? darıxmayın belə əlaqələrə, mifalogiyada tez -tez rastlayacağıq.) O vaxtlar yerlə göy bir -birilərini elə qucaqlayıblarmış ki 😀😀, aralarındakı sərhəd bilinməzmiş. Bərəkətli Geya Uranın yağışı ilə islanır və nəticədə eşqin ruhu olan Eros yaranır. ( Mifologiyada iki dənə Eros var, bu ilk olandır) Biraz da cümlələri Hesiodun diliylə yazaq. Belə ki, Geya Uranın qollarında çox xoşbəxt şəkildə həyat sürərkən, yaşıl təpələr yaranır ki, bu təpələrdən Geya Titanları dünyaya gətirir, düşünmə qabiliyyətinə malik ilk varlıqları. Bunlardan sonra Geya yüz əlli, əlli başlı hekatonxeyrləri, kiklopları (Təpəgöz), nəhəngləri dünyaya gətirib.

Bəs Uran bu qədər gücə malik uşaqları görəndə nə edib? Xoşbəxt günlər davam edib?
Bir mənbədə yazılır ki, Uran titanlardan sonra doğulan uşaqlarını görəndə dəhşətə gəlib(kim olsa dəhşətə gələr), uşaqlarından iyrənib və onları yenidən Geyanın bətninə göndərib. Geya da bundan çox əziyyət çəkirdi. Geya o qədər hərlənirdi ki, bundan da böyük dağlar yarandı. Digər bir mənbədə isə yazılır ki, Titanlar sonsuz gücə malik olublar. Titan Okean çox nəhəng olub yeri tamam bürüyübmüş. Uran da uşaqları dəhşətli və kinli olduqları, ona hörmətsizlik etdikləri üçün səltənətinin və taxtının devrilməsindən ehtiyat edərək onları Geyanın - yerin bətnində - zülmət Tartarda gizlətmişdir.
Səma Tanrısının Uranın Sonu
Çox əzab çəkən Geya uşaqlarını ata Urana qarşı üsyana çağırır. Amma titanlar atalarından çox qorxurdular deyə Geyanın səsinə səs vermədilər. Titanların ən güclüsü Kron anasının təklifini qəbul edir. Geya da çox məmnun qalaraq dəmiri yaradır. Belə ki, o Kronun əlinə böyük, ağzı almaz qədər sərt bir oraq verir. Yenə bir mənbəyə görə Kron əlində oraqla buladların arasında gizlənərək atasının yatmağını gözləyirdi. Digər mənbəyə görə isə qardaşlar qəşəng bir plan hazırlayırlar. Plana görə isə 4 titan dünyanın 4 tərəfində keşik çəkəcəkmiş. mərkəzdə isə Kron dayanacaqmış. Əlqərəz hər ikisinin sonunda Kron atasının cinsiyyət orqanını oraqla kəsir və ordan uzaqlaşır. Beləliklə də Uran problemi həll edilmiş olur.

Bəs sonra?Ardı gələn seriyada 😋

EROBOS -Zülmət, Qaranlıq

   Tanrılar haqqında bəzən o qədər məlumat olur ki, bilmirsən o məlumatları hara sığdırasan, necə sığdırasan. Bəzən də paylaşmağa məlumat tapmırsan. Bax onlardan biri də haqqında elə də çox məlumata rastlamadığımız yetim Erobosdur. Azərbaycan dilində Ereb adlanır. Vikipediya və kitabları ələk-vələk etdikdən sonra üç, dörd cümləyə rast gəldik. Deməli bizim bu Ereb tanrımız zülməti və qaranlığı təmsil edir. Qədim yunan mifologiyasında və Hesiod teoqoniyasına görə daimi zülməti tərənnüm edən Xaosdan sonra törənmiş ilk tanrılardan biri, Niksin qardaşı və ondan dünyaya gətirmiş olduğu EfirHemeranın atasıdır. Başqa bir dedi -qoduya əsasən guyakı həmən bu Ereb tanrımız Efirlə Hemeranı övladlığa götürüb.
Həəə bir də Romalı yazıçı Hyginus, öz Fabulae'sində, Erebus'u köhnə qəhrəman Gerasın atası olaraq təsvir edib.
Xaosdan doğulan uşaqlar haqqında məlumatlı olmağınızı istəyirik deyə bu qısa tərcümeyi -halı sizlərlə paylaşdıq. Yetimin heç şəkli də yoxdu.

Mənbə: Vikipediyalar və Mitoloji kitabı

Diqqət: Əgər sizdə ətraflı məlumat varsa bizimlə paylaşın, adam paxıl olmaz

Tartar-Cəhənnəm

Tartar ya Tartaros (yun. Τάρταρος; lat. Tartarus) qədim yunan mifologiyasında axirətin və ya yeraltı aləmin ya cəhənnəmin dibi ya da alt dibsiz qatı sayılır ki, Aidin aləmi onun uzərində yerləşmişdir. Əfsanəyə görə Xaosdan atılan zindan doqquzuncu gün üfüqü keçərək yerə düşərmiş. Eyni minvalla yerdən aşağı atılan zindan doqquz gün doqquz gecədən sonra zülmət qaranlıq tartara çata bilərmiş. İliadaya görə Tartarla Aidin arasında yerlə cənnət arası qədər məsafə var. Ooooooooo 😲
Üç qatlıq gecə ilə əhatə olunmuş, bürünc qabın içərisində qalan Tartar Xaosdan doğulmuşdur.
Yunan mifologiyasına görə bura cəhənnəmdir.Qatillər, günahkarlar, tanrılarla sözü çəp düşənlər yeraltı dünyanın ən aşağı təbəqəsi olan Tartara məhkum olunur. Tartarda yanacaqsan 😜😜
Tartara da Aid rəhbərlik edir. Bura ölülər diyarı olsa da yaşayanların diyarından bura daxil olmaq olar amma qapıda bir süpriz var. Nədir o? Təbiiki 3 başlı Kerber (Cerberus). Kerber oranın qoruyucusudur.
Yeraltında yaşayan yunanlılar:

Aeacus                                 Hypnos

Angelos                               Macaria

Arae                                     Melinoe

Ascalaphus                          Menoetius

Cerberus                              Minos

Ceuthonymus                      Moirai

Charon                                Mormolykeia

Erinyes                               Persephone

Eurynomos                        Rhadamanthus

Hades/Pluto/Aid
                Thanatos

Hecate

Bütün Olimp dünyasının Tartara işi düşüb amma gələcək səfərə 😋

Mənbə: Müxtəlif ölkələrin Vikipediyası 😊

вторник, 25 сентября 2018 г.

Nyx, Niks, Nikta

İlahə Nikta-qədim Yunan mifologiyasına görə gecə ilahəsinin şəxsləşdirilmiş adıdır. Yunan mifologiyasına görə Xaosdan törəmişdir. Həmişə kölgələrin içərisində, güclü bir qadın kimi təsvir olunsa da baş verən hadisələrə nadir hallarda qoşular, yer kürəsinə də ancaq gecə, kölgələrin içərisində enib bir neçə dəqiqəlik görünərmiş. Nikta özü kimi Xaosdan yaranan "Qaranlıq" yəni Erebosla birləşərək Hemera (gün)Efiri "Aether" (göyün yüksək mavi, işıqlı təbəqəsi) dünyaya gətirib. Bundan başqa Nikta öz -özünə tanrı və ilahələr də dünyayagətiri.
1. Yuxu tanrısı Hipnos (Hypnos) və əkizi ölüm tanrısı Tanat (Thanatos)
2. Fəlakət tanrısı Moros
3. Qocalıq tanrısı Geras
4. Şər, böhtanın şəxsləşdirillmiş adı tanrı Momos
5. İntiqam ilahəsi Nemesis
6. Qarabasma, aldatma ilahəsi Apate
7. Səfalət tanrısı Oizys
8. Sevgi, dostluq, cinsi həvəs ilahəsi Filotes
9. Fitnə -fəsad ilahəsi Eris
10. Mifoloji varlıq Onir
(yunan mifologiyasında yuxunu tərənnüm edən yarımtanrı, yarımruhdur)
Bundan əlavə Niktanın dünyaya gətirdiyi mifolojik varlıqlardan ən məşhuru
Morpheusdur.
Bu boyda tanrı, ilahə, varlıq bəsi deyilmiş kimi Tragediya yazarı Euripides Nikta ilə Uranın Lyssa adında bir qızları olduğunu da yazıb. Lyssa da intiqam, heyvanlardakı quduzluğun şəxsləndirilmiş forması olan bir cindir.
Hesiodesə görə Niktanın Tartarda yəni yerin yeddi qat dərinliyində bir qəşəng malikənəsi varmış və demək olar ki, uşaqları ilə orada yaşayarmış.Yeri gəlmişkən onu da qeyd edək dağ boyda kişi olan, oo boyda Olimpi idarə edən Zevs Niktadan çəkinir (Qorxur).
Əlavə məlumatlar: 1997-ci ildə Veneradakı bir təpəyə Nyx adı verilib.
Diqqət: Mötərizə daxilindəki adlar orijinal adlarıdır. Qorqonlara diqqət edin mələzlər. Başımız bu aralarda Apollonun işlərinə qarışıb :)

понедельник, 24 сентября 2018 г.

GAİA- GEYA

Gaia və ya Geya Xaosdan doğulan bir tanrıçadır. Ona "bütün varlıqların anası" kimi baxıldığına görə o qədər hörmət edilirdi ki, Qədim Yunanıstanda Geyanın başına and içmək ən böyük and sayılırdı. Geya öz -özünə dağları ( Ourea), dənizi 
( Pontos) və səmanı (Uran) yaradıb. Deməli Geya baxmayaraq ki, bütün materik, dağ, ada bir sözlə üzərində torpaq olan nə varsa onun anasıdır. Bəs necə olur ki, səmanı da yaradıb. Əgər Hesiodosa inansaq belə çıxır ki, Geya səmanı özünü görünməz bir paltar kimi dörd bir tərəfdən örtsün deyə yaratmışdır. (sağ ol səni :D )
Oğlu Uranosla birləşib Olimp tanrılarının ataları olan Titanları, tək gözlü Kiklopları, yüz qollu, əlli başlı Hekatonxeyrləri dünyaya gətirmişdir.
Geya oğlu Pantosla birləşərək Nereus, Thaumas, Phorkys, Keto, Eurybia (Orijinal adlarını qeyd etmişik :) ) kimi dəniz tanrılarını dünyaya gətirib.
Geyanın oğlu Tartarla birləşməsindən isə bütün canavarların atası və ən təhlükəlisi hesab edilən, yarı ilan, yarı insan olan Typhon (Tifon) doğulub. Digər qaynaqlara görə  Ekidnanın da valideynləridir. ( Çox da lazım idi ).
Geyanın həm oğlanları həm də yoldaşları olan tanrılarla münasibəti necə olub?
Torpaq ana olduğu və övladlarını çox sevdiyini həmişə bəlli etsə də, beyni qızan vaxtları da olub. Belə ki, Uranla birləşəndən sonra övladlarını dünyaya gətirən Geyaya və Kainata Uran ağalıq etmək istəyir. Müharibənin ilkin qığılcımlarından biri bu olur ki, doğulan uşaqlarını Geyanın qarnına geri göndərməyə başlayır. Geya da eləmə tənbəllik sonuncu titan oğlu Kronosa atası Uranın cinsiyyət orqanını bir oraqla kəsdirir. Kron Uranın cinsiyyət orqanını kəsib dənizə atanda Geya Uranın qanından Erinysləri, divləri və dişbudaq pəriləri olan Meliaları yaradıb. Qanayan orqanın dənizdəki köpüklərlə qarışmasından isə gözəllik tanrıçası Afrodita doğulub. (Qadın böyük qüvvədir :D)
Urandan sonra sakit oturub? Təbii ki, dəymə mənə dəyməyin sənə şüarından istifadə edib.
Geya Yoldaşı və oğlu olan Uranı taxtdan endirdiyi kimi, nəvəsi Kronosu da taxtından edib. Necə? Qalsın gələn səfərə :) :)
Geya və Kronos

XAOS-İlk Tanrı



Xaos (yun. χάος, χαίνω mənası boşluq, fəza və ya qarma-qarışıqlıq deməkdir)Yunan mifologiyasında kainat yaranarkən ortaya çıxan tanrılardan ilkidir. Xaos dünyanın və ya kainatın əvvəlinin şəxsləşdirilmiş adıdır. Təsadüfi elementlərin bir araya gəlməsindən yaranmışdır.
Hesiodosun Teoqoniyasında ( tanrıların yaranması və onların nəsilləri haqqında poemadır) göstərilir ki, Xaosdan aşağıdakılar törəmişdir:

1. Gaia (Geya) - Yerin tanrısı;
2. Tartaros (Tartar) - Sonsuzluğun, cəhənnəmin, yer altı dünyadakı sonsuz çuxurların tanrısı;
3. Eros -eşqin tanrısı;
4. Ereb və ya Erebos -qaranlığın tanrısı;
5. Nyx (Niks)- gecənin tanrısıdır.
Rəvayətə görə əvvəl Xaos (boşluq, qarma-qarışıqlıq və ya fəza) olmuşdur. Xaos təkbaşına, kimsəsiz, qarma-qarışıqla dolu puç bir həyat sürərmiş. Əvvəllər nə günəş, nə işıq, nə yer, nə də göy varmış. Təkcə Xaos – ucsuz bucaqsız zülmət mövcud imiş. Tənhalıqdan təngə gələn Xaos dünyanı yaratmaq qərarını verir. İlk olaraq o, gözəl və həyat qüvvəsinə malik ilahəni yeri – Geyanı yaradır. Yer böyüyərək dünyanın başlanğıcını qoymuş olur. Sonra Xaos Tartarus adlı axirətin və ya cəhənnəmin dibini, daha sonra Niks adlı gecəni, Ereb adlı qaranlığı yaradır. Onlardan isə öz növbəsində Efir adlı şəffaflıq və ya göy üzü və Hemera adlı gün törəyir. Qeyd edək ki, Xaos dişidir və eyni zamanda qızı Niks və nəvələri Moirai kibi bəxt, tale tanrıçasıdır.
Yunan mifologiyasına nəzər salsaq görərik ki, Atmosferin alt təbəqəsi yəni Xaos rəngsiz və görünməzkən, üst təbəqə Aether isə mavi və işıqlıdır. Dünyaya düşən işığın da əsl qaynağı günəş deyil məhz Aethermiş.
Mənbə: Vikipediya, Yunan Mitolojisi kitabı.

среда, 5 сентября 2018 г.

Aqamed və ya Leo demiş : Pendir rəngli ruh


Yunan mifologiyasında Aqamed hökmdar Erginin oğlu və Trofoniyin əkiz qardaşıdır.
Aqamed və Teofoniy məşhur memarlar idilər. Onlar Arkadidə Poseydonun ehramını eləcə də, Delfdə Apollonun ehramının girişini inşa ediblər (bəzi rəvayətlərə görə isə ehramı bütünlüklə inşa ediblər). Qardaşlar həmçinin hökmdar  Qiriey üçün xəzinə də inşa etmişdilər. Xəzinəni inşa edərkən oraya gizli giriş də qoyurlar. Beləliklə, gecələr rahat-rahat xəzinəyə oğurluğa girə bilirdilər. Xəzinənin azalmasından təşvişə düşən hökmdar oraya tələ quraşdırır.
Günlərin bir bünü qardaşlar yenə xəzinəni qarət etmək üçün gəlirlər. Hökmdarın tədbirlərindən xəbərsiz olan qardaşlar xəzinəni qarət etməklə məşğul olarkən Aqamed tələyə düşür. Trofoniy Aqamedi xilas etmənin qeyri mümkün olduğunu anlayır. Həm qardaşını işgəncələrdən azad etmək, həm də özünü ifşa olunmaqdan qorumaq üçün  Aqamedin başını kəsir. Kəlləsini isə özü ilə aparır ki, cəsədi heç kəs tanımasın. Amma çox keçmədən Trofoniy də ölür.... ayaqlarının altında yer yarılır və torpaq onu udur...
Qardaşların həyat hekayəsi və ölümü haqqında digər bir rəvayət də mövcuddur. O da gələn dəfəyə qalsın :) özünüzdən müğayət olun. Mən getdim kitabları vərəqləməyə

вторник, 4 сентября 2018 г.

SEVGİ NƏDİR ? Necə yaranıb ? Məncə bu sualları Erosa ünvanlamalıyıq...

EROS HAQQINDA ƏFSANƏ
Salam mələzlər, bu gün sizə Kitablarda hekayəsi çox da hallanmayan (Rick əmi məncə bunu nəzərə alsan yaxşı olar) lakin gündəlik həyatımızın bir parçası olan bir tanrı haqqında söz açmaq istəyirəm.
Eros-yunan mifologiyasında sevgi tanrısıdır. Roma mifologiyasında isə Amur və Kupidon kimi də tanınır («cupido»). Erosu nəslin davamçısı, ilkin Xaosu tanıyan tanrı kimi də tanıyırdılar.
Aristofana əsasən Eros daimi zülməti ifadə edən tanrı Eber və gecə ilahəsi Nyukta (Nikta) tərəfindən dünyaya göz açmışdı. Daha sonrakı miflərdə isə Eros Afroditanın oğlu kimi qələmə verilir. Bəzi rəvayətlərə görə Uran ilə Geyanın bir araya gəlməsi məhz Eros sayəsində baş verib. Aristofanın yazdıqlarına görə Eros insanlara nur bəxş edirdi. Ən maraqlısı da odur ki, Erosum qarşısında həm tanrılar həm də insanlar bərabər idilər.
Qədimi rəsmlərdə Eros bir qayda olaraq əlində kamanı olan qanadlı cavan oğlan kimi təsvir edilib. Çiynində daşıdığı oxların bəziləri qızıldan digərləri qurğuşundan hazırlanır və bəyquş lələkləri ilə bəzədilir. O, qzıldan olan oxları ilə nişan aldığı canlılarda sevgi hissini, digər oxla isə laqeydlik hisslərini oyadırdı. Lakin günlərin bir günü Eros özü kor şəkildə aşiq olur...
#2
Gənc tanrı olan Eros anası Afroditanın ayrılmaz yol yoldaşı, eləcə də onun bütün istəklərini həyata keçirən və ilahi işlərdə ona daim yardım göstərən biri idi.
Günlərin bir günü Afroditanın Psixeya adlı gözəl bir qıza paxıllığı tutur. Qızcığazın gözəlliyi qarşısında qısqnclıqdan yerə göyə sığmayan Afrodita Erosu göndərir ki, Psixeyanı qızıl oxları ilə vursun və Psixeya dünyanın ən çirkin, murdar kişisinə aşiq olsun. Eros əmri alar-almaz yola düşür lakin hadisələr heç də onun gözlədiyi kimi getmir. Qızı görər-görməz ona bir könüldən min könülə aşiq olur...
Psixeya bir hökmdarın say etibarı ilə üçüncü qızı idi. Gözəlliyi ilə yanaşı həm də çox sadə, mehriban və gülərüz idi. Məhz buna görə də sadə xalq onu çox sevir, onu yeni Afrodita adlandırırdı. Psixeyanın paxıllığını çəkənlər arasında onum doğma bacıları da var idi. Onlar Psixeyadan canlarını qurtarmaq üçün daim tanrılara dua edirdilər. Bəs Erosla Psixeyanın tanışlığı necə baş verdi ? ? ?
Günlərin bir günü hökmdar Delf kahinindən Psixeya haqqında çox üzücü bir kəhanət eşidir. Qəmli halda eşitdiklərini ailəsi ilə paylaşır. Kəhanətə görə Psixeya insan övladı ilə deyil hansısa mistik varlıq, bədheybət ilə ailə quracaqmış. Gələcək yoldaşı ilə qovuşmaq üçün isə Psixeya özünü hündür bir qayadan atmalıdır. Öz taleyi ilə barışan Psixeya hündür bir qayaya çıxaraq özünü oradan aşağı atır... bəli, bəli ...belə hündürlükdən mən də özümü atsam blinçik xəmirinə oxşayaram... nəysə... mövzudan kənarlaşmayaq... Psixeya yerə dəyəcəyi anı gözləyirdi lakin bu an heç cür gəlib çatmırdı. Cəsarətini toplayıb gözlərini açanda isə havada uçduğunu görür.
Erosun göstərişi ilə Qərb küləyi tanrısı olan Zefir onu uçuraraq saraya gətirir...
Psixeya gözə görünməz və tilsimli Erosla evlənir. O, yoldaşını ancaq gecə zülmətində "görə bilir". Eros Psixeyanı otağa hər hansı bir işıq saçan vasitə gətirməməsi üçün xəbərdar edir... Yoldaşının cizgilərini görməsə belə Psixeya Erosu sevməyə başlayır. Hər axşam onun gəlişini həyəcanla gözləyir. Onun məlahətli səsini dinləyərək beynində necə biri olduğu haqqında təsəvvürlər yaradır... Lakin Erosun ona nə qədər yaxşı davranmasına, onu əzizləməsinə, hər naz nemət içərisində saxlamasına baxmayaraq yumşaq qəlbli Psixeya ailəsi üçün darıxır... Ailəsi ilə görüşmək, söhbət etmək, onlara sağ olduğunu demək istəyir. Vəə nəhayət belə bir fürsət ələ düşür... 
#3
Psixeya bacıları ilə görüşmək üçün Erosa yalvarır və sonda onu yola gətirir. Eros Psixeyanı ehtiyatlı davranmağa, nə deyəcəyinə diqqət etməyə çağırır. Sanki başına gələcəkləri öncədən hiss edirmiş kimi.... amma sevdiyi xanımın üzülməsinə də qəlbi dözmür.
Psixeya bacıları ilə görüşür. Bacıları onun necə gözəl həyat yaşadığını görüb biraz da əsəbləşirlər. Onlar Psixeyanın öldüyünü xəal edərkən Psixeya onların xəyallarında belə təsəvvür etmədiyi həyatı yaşayır. Onlar Psixeyanı yoldaşına qarşı doldururlar. Onun kəhanətdəki bədheybət məxluq olduğunu deyirlər və Psixeyanın ondan canını qurtarmalı olduğuna onu imandırmağa çalışırlar. Bacılarının əkdiyi şübhə toxumu Psixeyanı yatmağa qoymur və günlərin bir günü maraq və qorxu digər hissləri üstələyir....
Psixeya gizlincə otağa yağ ləmpəsi və bıçaq keçirir və onları gizlədir. Zülmət çökdüyündə Psixeya ləmpəni yandırır. Yatağında bədheybət məxluq əvəzinə gözəl bir gəncin yatdığını görür.   Yoldaşının gözəlliyi onu bihüş edir. Psixeyanın həyəcandan əlləri əsir və ləmpədəki yağın bir-iki damcısı Erosun kürəyinə düşərək onu yandırır. Yuxudan ayılan Eros sevdiyinin əlində ləmpə və bıçağı görür. Gördüyü mənzərədən ürəyi qırılaraq geriyə baxmadan uçur gedir....
#4
Etdiyi səhvin nə ilə nəticələndiyini görən Psixeya dərin peşmançılıq keçirir. Yoldaşını axtarmaq və geri qaytarmaq üçün hər cür əziyyətə qatlanmağa razı olur. Gecə - gündüz demədən hər dərədə onu axtarır. Hər keçəndən onu soruşur. Eros isə bu zaman anasının iqamətgahına geri qayıdır. Yanıq izləri ona çox pis təsir edir və halsızlaşdırır. (Bəlkə də onu halsız edən yanıq izləri deyildi, qəlbinin qırılması idi. Kim bilir ? Rick əmidən xahiş edərik daha dərindən araşdırsın.)
Afrodita oğlunu hər vasitə ilə sağaltmağa çalışır. Erosa bunları yaşadanın Psixeya olduğunu öyrənəndə isə onu cəzalandırmaq qərarına gəlir. Psixeya son çarə olaraq Afroditanın yanına gəlir. Afrodita qızcığazın bağışlanması və yenidən Erosu görə bilməsi üçün bir sıra sınaqlar keçməli olduğunu deyir. Əslində isə Psixeyanı mümkün qədər çox incitmək, canından bezdirmək, ölüm həddinə çardırmaq istəyir. Bunu birbaşa etməkdən onu çəkindirən yeganə səbəb isə Psixeyanın bətnində uşaq daşıması olur. Digərləri tərəfindən qınaq obyektinə çevrilməmək üçün  isə bunu "bağışlanmaq üçün sınaq" adı altında qələmə verir. 
Psixeya başına gələcəkləri bilsə də Erosun sevgisini yenidən qazanmaq üçün hər əziyyətə dözəcəyinə söz verir. Bundan istifadə edən Afrodita ona mümkün olan bütün əziyyətləri çəkdirir; döyülməsinə, ac qalmasına, əziyyət çəkməsinə baxmayaraq sözündən dönmür. Sevgisi ona güc, inam verir. 
Psixeya həmişə tanrılara hörmət edən, onları yad edən biri olub. Ona görə də bəziləri bu sınaqları keçmək üçün dolayı yolla da olsa ona yardım əllərini uzadırlar.
Psixeyanın iradəsini qıra bilməyən Afrodita son çarə olaraq onu ölülər səltənətinə göndərir ki,  Persefonadan içində gözəlliyinin bir parçası olan mücrünü gətirsin. Bütün çətinliklərə baxmayaraq Psiyexa gedir mücrünü götürür. Erosun sevgisini yenidən qazanmaq üçün həm də əvvəlki kimi gözəl olması lazım olduğunu düşünür. Dözməyərək mücünü açır... və Afroditanın tələsinə düşür. Psixeyanı "əbədi yuxu" aparır. Afrodita niyyətinə nail olduğu üçün   sevincindən yerə göyə sığmır. 
Nəhayət özünə gəlməyə başlayan Eros anasınım əməllərindən xəbər tutur. Erosun sevgisini qaytarmaq üçün Psixeyanın nələrə qatlandığını öyrənəndə ürəyi tab gətirmir. Yeri-göyü axtararaq sevgilisini tapır.
Onun yuxuya dalmış cansız bədənini Tanrıların hüzuruna gətirir və Zevsdən mərhəmət diləyir. Zevs və digər tanrılar Erosa yardım göstərir və Psixeyaya ölümsüzlük bəxş edərək onu ilahəyə çevirirlər...və onlar xoşbəxt həyat yaşamağa davam edirlər. 
Məhz buna görə də Ruh (Psixeya) və Sevgi (Eros) əbədi və ayrılmaz hesab olunurlar....
#ErosandPsyche #Godofattraction



воскресенье, 7 января 2018 г.

Dionis-Şərab tanrısı






Dionysus və ya Dionysos (Yunanca: Διώνυσος və ya Διόνυσος; Roma mifologiyasında Bacchus olaraq da tanınır.) bəzi mifolojik əsərlərdə Bromios, Euhios, Dithyrambos, İakkhos, İobakkhos olaraq da adlandırılır. Dionis şərab tanrısıdır. Sadəcə Şərabın sərxoşluğunu deyil, eyni zamanda sosial və faydalı tərəflərini də təmsil edir. Mədəniyyətin dəstəkçisi və sülh tərəfdaşıdır.

On iki Olimp tanrılarından biri olan Dionis Zevs ilə Smelanın oğludur. Əfsanəyə görə Zevs Smelaya vurulur, yoldaşı Hera isə bunu möhkəmcə qısqanır və qoca qarı libasına bürünərək Smelanı yoldan çıxardır belə ki, Smela Zevsə güclərini göstərməyi üçün yalvarır. Zevs də bütün parlaqlığı ilə güclərini göstərərkən buna dayana bilməyən insan Smela yanar və qarnındakı yeddi aylıq uşağı düşər. Bu anda möcüzəvi şəkildə epyda olan sıx yarpaqlı bir sarmaşıq Dionisi yanmaqdan xilas edir və Zevs cəld onu götürüb öz baldırında gizlədir. Sonra tanrı Dionis Zevsin baldırında dünyaya gələr. Amma bu səfər Hera Kretalara rüşvət verərək uşağa oynaması üçün oyuncaqlar verər və onlar arasındakı sehrli bir güzgü uşağı kolluğun dibinə çəkib gətirir və Heranın əmri ilə Titanlar Dionisi oğurlayıb tikə-tikə doğradıqdan sonra qazana atıb bişirərlər. Ancaq bu vaxt Dionisin nənəsi Rheyanın nəvəsinə yazığı gələr (nə tez yadına düşüb :D) və Athenanın köməyi ilə onu xilas edər və parçalarını birləşdirir. Bundan sonra Dionisə "İki dəfə dünyaya gələn" də deyiblər. Nəysə nənəsi Dionisə qız paltarı geyindirib xalası İno və onun əri Atamanta verir. Amma yenə sakit oturmayan Hera İnonu dəli edir və yazıq oğlunu qaynar suda öldürür yoldaşı da gözünə maral göründüyünə görə oxla vurur. Zevs də məcbur olub Dionisi keçiyə döndərib Nisa dağındakı nemflərin arasına yollayır. Böyüyən Dionis Nisa dağında şərabı icad edər. Sonra nemflərdən və satirlərdən ibarət tayfasıyla dünyanı gəzməyə başlayır və Apollodorosa görə Şərab tanrısı Misirə gələndə ruhi xəstəymiş və Friqyaya gələndə onu Rheya müalicə edib sağaldır. Sonra yolu Trakyaya düşür. Amma Trakya kralı Likorqas üzüm və şərab düşmənidir. Dionisin bütün tayfasını həbs etdirir. Dionis isə güc-bəla dənizin dibində yaşayan Fetidanın yanına qaçır. Amma müqəddəsə toxunmaq cəzasız qalmır. Belə ki, Likorqas da dəli olur və oğlunu Üzüm tənəyi zənn edərək ona hücum edib ayaqlarını kəsdikdən sonra özünə gəlir. Şərab tanrısı Adaya gəlir. Bunun barəsində də belə bir əfsanə var ki, Dionis bir adanın sahilindəykən dəniz quldurları tərəfindən həbs olunub kölə olaraq satılmaq üçün Misir ya da Kıbrısa aparılmağa hazırlanır, amma hər dəfə Dionisi bağlayanda üstündəki iplər yerə düşərmiş, bu işçilərdən birinin diqqətini cəlb edir və onun tanrı ola biləcəyini düşünür, ona görə də dostlarına onu sərbəst buraxmaqları üçün xəbərdarlıq edir. Amma heç kim bədbəxtə qulaq asmır. Bu anda bütün gəmidən şərab qoxusu gəlməyə başlayır. Yelkənlər və dirəklər üzüm tənəyi və salxımları ilə örtülməyə başlayır. Dustaq isə kapitanın üstünə tullanaraq kükrəyən bir şirə çevrilir. Bunu görə quldurlar qorxudan suya atlayırlar amma atlayan kimi də delfinə çevrilirlər. Bu hadisədən təkcə xəbərdarlıq edən şəxs sağ çıxır. Naksos adasına gedən Dionis Fetidanın qoyub getdiyi Ariadneyi tapır. Apollodorosa görə Dionis Minosun qızı gözəl Ariadneni Lemnos adasına apardığını ondan 3 və ya 4 uşağı olduğunu qeyd edir. Zevs də Ariadneyə ölümsüzlük bəxş edir və ömürlük Şərab tanrısının yoldaşı olur.

Dionisin simvolu: Üzüm tənəyidir.

Dionis bağ pozumu tanrısı olaraq da göstərilmişdir və onun adına təşkil olunan şənliklərdə teatrın təməli atılmışdır.

Bu günlük bu qədər əziz mələzlər :)